Zoluşka tammetrajlı musiqili cizgi filminin 70 yaşı tamam olur. Cizgi filmi ekranlara çıxanda, dərhal «yeni klassika» kimi qəbul edildi. 1950-ci ildə «Uolt Disney Production” studiyasında istehsal olunan film Şarl Perronun eyniadlı nağılının motivləri əsasında çəkildi.
Film tezliklə Berlin və Venesiya festivallarında mükafatlandırıldı. Onilliklər ərzində onun baş qəhrəmanı Zoluşka qadın arzularının simvoluna çevrildi və kukla satışından kampaniyaya milyardlar qazandırdı. Daha sonralar isə çox sürətlə idealların romantik simvolundan cəmiyyətin patriarxal embleminə çevrildi.
Disney studiyası 1944-50-ci illər ərzində, 6 il davam edən filmin istehsalına 2.5 milyon xərcləyir. Cizgi filminin yeni texnika ilə ekspermentinə, obrazların həcmli formada yaranmasına və yeni təsirli ifadələrin tapılmasına xeyli güc sərf edilir.
Cizgi filminin qısa versiyasını Uolt Disney hələ 1922-ci ildə yaratmışdı. Zoluşka obrazının yaradılması üçün prototip isə aktrisa İnqrid Berqman oldu. „Zoluşka”nın uğurunun açarı məşhur bir hekayəni səliqəli şəkildə müasir auditoriyaya uyğunlaşdırmaqda idi.
“Zoluşka”nın musiqisini 6 mahnı müşayiət edir ki, onların hər biri süjetlə sıx bağlıdır və vacib məqamları əks etdirir. Film 9 aktyor tərəfindən səsləndirilib. Bundan əlavə, film üzərində 60 nəfər çalışıb. Onların hamısına Uolt Disneyin özü rəhbərlik edib. 1950-ci ildə ilk dəfə ekranlara çıxandan sonra film hər 7-8 ildən bir nümayiş olunur.
Disney üçün „Zoluşka” üzərində iş risk idi. Xırda bir detal studiyanı maliyyə itkisi ilə üz-üzə qoya bilərdi. Ancaq film uğur qazandı və ilk buraxılışda 4 milyon dollar pul yığaraq studiyanın maliyyə vəziyyətini xeyli yüksəltdi.
2002 və 2007-ci illərdə studiya “Zoluşka” hekayəsinin ardını çəkmək təklifini dəyərləndirərək? „Zoluşka-2” və “Zoluşka-3” hissələrini başa çatdırdı.
Pensilvaniya Universitetinin professoru Co Moser filmi belə dəyərləndirirdi: «Zoluşka» Disney — bu, qadınları hədsiz asılı olmaqdan xilas edən patriarxal nağıldır. Film İkinci Dünya müharibəsindən dərhal sonra ekranlara çıxıb. O zamanlar bir çox qadınlar ilk dəfə işləməyə yollanırdı. Cizgi filmi onlara açıqcasına deyirdi: öz yerinə – evə qayıtmağın vaxtı çatıb”.
Romantik, sevimli, xoşagəlimli
Əməksevər Zoluşka, qəzəbli ögey ana və tənbəl bacılar haqqındakı bu nağılı demək olar ki, izləməyən yoxdur. Bu filmlə neçə nəsil böyüyüb: Xeyirxah pəri kasıb qıza hökmdarın təşkil etdiyi rəqs gecəsində iştirak etməyə yardım göstərir. Balqabaq karetaya, sicanlar faytonçuya, Zoluşkanın köhnə, cırıq paltarı isə möhtəşəm libasa çevrilir...
1950-ci ilin mayında — 70 il əvvəl Leninqrad Kino Evində «Zoluşka» filminin premyerası baş tutdu. Şarl Perronun məşhur nağılının ilk rəngli ekranlaşdırılması Yevgeni Şvarsın ssenarisi əsasında həyata keçirildi. Rejissorlar Nadejda Koşeverova və Mixail Şapironun işi möhtəşəm idi. Filmin təmtəraqlı dekorasiyası və kostyumlarının eskizləri tanınmış rəssam Nikolay Akimova məxsus idi.
«Bala dəvət olunan»ın rolu gənc leninqradlı artist Tatyana Pletskayaya tapşırıldı. Hazırda «Baltik ev»inin əfsanəsi, aparıcı aktrisa Tatyana Lvovna deyir:
— Bu tamaşada bütün festivallarda oynamışam, onların sayı isə həddən çox idi. Çəkilişlərə peşə məktəbinin xoreoqrafiya rəqs ansamblının uşaqlarını və Kirov teatrının artistlərini dəvət etmişdilər. Bu, mənim kinematoqrafiya sahəsində kövrək, lakin yaddaqalan addımlarımın ikinci işi idi. 19 yaşım vardı, Vaqanova adına Xoreoqrafiya peşə məktəbini təzəcə bitirmişdim. Estrada-balet aktrisası idim. Əlbəttə, filmdə rəqs etmək dəvətini məmnuniyyətlə qəbul etdim. Mənə son dərəcə nəfis parçadan gözəl mavi rəngli paltar tikilmişdi. Çəkilişlərdə tez-tez rejissorlar iştirak edirdi. Bir dəfə meydançaya Fridrix Ermler (o zamanlar bilmirdim ki, bu, «Böyük dönüş», «O, Vətənini qoruyur» filmlərini çəkmiş, tanınmış leninqradlı rejissordur) gəldi və mənə «O-o, paltar gözlərinin rənginə nə gözəl düşür!» — deyincə çox sevindim.
Məni iri planda çəkirdilər. Mənimlə yanaşı tanınmış aktyorlar — Erast Qarin, Yanina Jeymo, Aleksey Konsovskiy, Faina Ranevskaya çəkilirdi. Yadımdadır ki, üzünün təravətli olması üçün Jeymonu addımbaşı qrimləyirdilər. O, iki uşaq anası idi, lakin gənc qızı canlandırırdı.
Hamı «Lenfilm»in birinci pavilyonunda qurulan gözəl dekorasiyaya heyranlıqla baxırdı. Çəkiliş meydançasının şəraiti xoş, əfsanəvi, sevimli idi. Antonio Spadavekinin gözəl musiqisi səsləndirilirdi. Ümumiyyətlə, film romantik, xoşagəlimli idi. Neçə illər əvvəl onu rəngli etmək istəyirdilər. O vaxtlar bir çox jurnalistlər zəng vurub mənim fikrimi öyrənirdilər. Cavab verdim ki, rəngləmənin əleyhinəyəm, film öz estetikasını itirər. Operator ağ-qara filmi çəkərkən onun bu və ya digər kadr üçün müəyyən fikirləri olur. Ümumiyyətlə, ağ-qara kino fövqəladə gözəl incəsənətdir.
Elə bu vaxt məzəli hadisə baş verdi. Moskvada çıxan qəzetlərdən birindən mənə zəng gəldi. Jurnalist özünü təqdim edib dedi: «Bilirik ki, bu filmdə çəkilmisiniz. Sizə «Zoluşka»nın rənglənməsi haqqında suallarımızı verə bilərikmi?». Cavab verdim ki, rejissorlar filmi ağ-qara çəkiblərsə, demək, bir bildikləri var. Axı, film çəkilən zaman rəngli filmlər artıq çəkilirdi». O soruşdu ki, həmin filmdə mənim rolum nədən ibarət idi? Cavab verdim ki, filmdəki bütün ballarda mavi, gözəl paltarda rəqs edirdim”.
Müəyyən zaman keçdikdən sonra «Yanina Jeymonun gözləri nə rəngdə idi» adlı böyük məqalə dərc olundu.
Görkəmli operator Yevgeni Şapironun qızı, 40 il «Lenfilm»də montajçı işləmiş, işə İosif Xeyfisin «İt saxlanılan evlər» filmindən başlamış Tatyana isə çəkilişləri xatırlayaraq deyir:
— Atamın yanına demək olar ki, bütün çəkilişlərdə gəlirdim, o zamanlar «Lenfilm»in pavilyonunda çəkirdilər. Həmçinin Riqa və Mayoridə naturanı çəkməyə hazırlaşırdılar. Atam məni də özü ilə ora götürdü. Dekorasiyalar, kostyumlar – inanılmaz dərəcədə gözəl idi. Mənim 7 yaşım var idi. Xatırlayıram ki, Zoluşka taxta başmaqlarda, parça papaqda, qurumdan qaralmış sifətlə lobya və noxudları ayıranda mən ağlamağa başladım. «Taneçka, nə üçün ağlayırsan?» — deyə məndən soruşdular. — «Zoluşkaya yazığım gəlir». Yaniçka yanıma gəlib dedi: «Tanyuşa, axı bunu mən oynayıram, bu mənim işimdir». Mənsə eləcə ağlayırdım...”
Zoluşkanı 37 yaşlı aktrisa Yanina Jeymo, şahzadəni isə 34 yaşlı Aleksey Konsovski oynayırdı. Filmdə Erast Qarin — kral, Faina Ranevskaya — ögey ana, Yelena Yunqer — Zoluşkanın ögey bacılarından biri, Vasili Merkuryev — meşəbəyi, Zoluşkanın atası idilər. Artıq onlar əfsanəyə çevriliblər və heç biri həyatda deyil...
«Rusiyalı Cülyetta Mazina»
»Bəzi şeylərin qorunub saxlanması bizim böyük şansımızdır. Lakin Zoluşkanın donu çoxdan yoxdur”- deyə çəkilişlərə hazırlanma sexinin müdiri, studiyanın gözətçisi Elizaveta Paxomova xatırlayır:
«Bu filmdəki geyimlər digər filmlərdə də fəal istifadə olunurdu və əlbəttə ki, köhnəlirdi. Lakin sarayın geyimləri olduqca yaraşıqlı, spesifik və nisbətən kiçik ölçülü idi… Yaxınlıqda gözəl bir kətil var, qatlanır. Ayaqları qızılı rənglə boyanmış bu stul emalatxanamızda düzəldilib, döşəmə də qorunub saxlanılır. Kətili digər filmlərdə istifadə edirdilər. Onun üstündə bir ayaqqabı var. Bunlardan bir neçə dənə hazırlanmışdı və bəziləri bu günə qədər qalıb. Material büzüşüb, rəngi dəyişib, lakin biz onları hələ də saxlayırıq. Operatorun yüksək bacarığı ilə ekrandakı işıqlandırıcılar sayəsində ayaqqabılar əla görünürdü.
Çoxları 37 yaşlı Jeymonun gənc qızı necə oynamasından heyrətə gəlirdi. Qadın əzəmətli və cazibədar görünürdü. Özünə çox fikir verən idi. Doyunca yatmaq üçün yatağına erkən gedərdi. Çəkilişlərdə də təravətli görünərdi. Şahzadə də yaraşıqlı idi – bütün qızlar ona vurulmuşdu. Konsovski kino evinə gələrkən orada onu daim pərəstişkarları qarşılayardılar. Jeymonun oğlu Yuliklə eyni ilin uşaqları idik və 1957-ci ilədək — onlar Polşaya köçənə kimi dostluq edirdik. Yaniçkanın üçüncü əri, rejissor Leonid Janno polşalı idi, «Lenfilm»də işləyirdi. Çox yaxşı insan idi. Onlar studiyanın yaxınlığında yaşayırdılar və biz bir-birimizin evinə qonaq gedirdik.
Yanina Jeymo əla aktrisa idi, Lakin onu az çəkirdilər. Buna görə onun üçün ssenari yazılmalı idi. Qadın bir çox xarici filmləri səsləndirmişdi. Cina Lollobridcit və Sofi Loren onun səsi ilə danışır. Polşaya köçəndən sonra Jeymo çox sadə yaşayırdı və çəkilmirdi».
Maraqlı faktlar
«Zoluşka” filminin çəkilişi 1946-cı ildə „Lenfilm”-də başlayır. Çəkiliş heyəti hökumət səlahiyyətlilərinin gözünə şübhəli görünürdü və başqa bir vəziyyətdə birlikdə işləmələrinə icazə verilməyəcəkdi. Filmin ikinci rejissor Mixail Şapiro Leo Trotskinin qohumu ilə evli idi. Bəstəkar Antonio Spadovekkia milliyyətcə italyan idi. Faina Ranevskaya rüsvay edilmiş şairə Anna Axmatovanın rəfiqəsi kimi tanınırdı. Aleksey Konsovski “xalq düşmənləri»nin ailəsindən idi. Vasili Merkuryev «Sovet vətəndaşlarına yad» olan rejissor Vsevolod Meyerxoldun qızı ilə evlənmişdi.
Ssenarist Yevgeni Şvarx — repressiya olunan şairlər Nikolay Zabolotski və Nikolay Oleynikovun dostu idi. İosif Stalin Yanin Jeymonu sevmirdi. O, sovet kinosunda miniatür bir qadının yerinin olmadığına inanır, burada yalnız Lyubov Orlova kimi gözəllərin parlamasının lazım olduğunu düşünürdü.
«Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində də baş tutub. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr, irimiqyaslı dekorasiyalar və müasir qoloqrafiyalı texnologiyanın köməyi ilə yaradılan süjet tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar balqabağın parlaq karetə, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevrilməsindən zövq alıb, teatrda qonaq olan qızlar büllur tuflini geyinərək özlərini məşhur nağılın qəhrəmanı kimi hiss ediblər.
«Zoluşka»nın 70 yaşı var. Amma tez-tez bu cizgi filmindən sitatlar söyləyirlər. «Şənlənməyə imkan ver, zalım», «Layiqsənsə, rəqs gecəsinə getməmək zərərlidir», «Mən sehrbaz deyləm, fəqət öyrənirəm» — frazaları bütün zamanlar üçündür.
Müəllif: Rusiya mətbuatından tərcümə etdi Təranə Məhərrəmova
Mənbə: kaspi.az