Filmlərin təsnifatı necə aparılır?

Filmlərin təsnifatı necə aparılır?

Dünya praktikasında bununla bağlı xüsusi qaydalar var, bizdə isə bu işi TV-lər özləri görürlər
Amerika Kino Assosiasiyası valideynlər üçün övladlarının filmlərə baxışını müəyyənləşdirmək üçün kateqoriyalar təyin edib. Belə ki, 13+,16+ və 18+yaş kateqoriyaları üzrə filmləri müəyyənləşdirən sistem ekran əsərlərinin yaxşı və ya pis olacağı barədə öz üzərinə tənqid funksiyasını götürmür. Sadəcə, uşaq gözü üçün filmin potensial təhlükəsini müəyyənləşdirir. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir. Sistemə görə «Yaş məhdudiyyəti yoxdur», «Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər», «16 yaşa qədər», «17 yaşlı yeniyetmələr üçün», «18 yaşdan yuxarı insanlar üçün» və s. kateqoriyalar müəyyənləşib. Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar. Bəs bizim ölkəmizdə vəziyyət necədir? Daha çox ekrana, internetə meyl göstərən uşaq və ya gənclər üçün hansı yaş kateqoriyaları müəyyən edilir? Telekanallarımız dünya kinosunun qəbul və əməl etdiyi qaydalara necə əməl edirlər?
Bizdə bu cür bölgülər yoxdur
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov filmlərin kateqoriyalarının beynəlxalq təlimata uyğun müəyyənləşdirildiyini qeyd etdi. Belə ki, istehsalçı şirkətlər təlimata uyğun olaraq filmlərə kateqoriyalar verir: “Bizim ölkəmizdə də həmin təlimatla razılaşdıqda o kateqoriyanı təsdiq edirlər. Kinoteatrlar isə filmə aid olan kateqoriyaya ciddi nəzarət etməlidir. Belə ki, həmin seansa kateqoriyaya uyğun olmayan uşaq gəldikdə o, salona buraxılmamalı, ona bilet satılmamalıdır. Bu, kinoteatrın vəzifəsidir. Əgər film kateqoriyaya uyğun olaraq televiziyada göstərilirsə, o filmin kateqoriyasına uyğun olmayan uşaqlara isə valideyn nəzarət etməlidir».
Filmlərin təsnifatı necə aparılır?
“Azərbaycanda istehsal olunan filmlərin Dövlət Reyestri haqqında qaydalara uyğun olaraq kateqoriyaları müəyyənləşdirilməlidir” deyən Peşəkar Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyevin sözlərinə görə, ölkədə istehsal olunan və ölkəyə idxal olunan filmlər hamısı Mədəniyyət və Turizm Nazirliyində reyestrə salınmalı və ölkə ərazisində göstərilməsinə icazə vəsiqəsi almalıdır. “İcazəni alanda və çəkilən filmi qeydiyyatdan keçirəndə həmin filmlərə məsələn, 16 yaşdan yuxarı yaş kateqoriyası qoyulur. Ümumiyyətlə, müəyyənləşdirilmiş yaş kateqoriyaları var. Filmlər ona uyğun müəyyənləşdirilir və həmin vəsiqədə göstərilir. Telekanal və ya kinoteatr filmi nümayiş etdirərkən həmin yaş həddini göstərməlidir. Həmin kateqoriyalar isə psixoloqlar və mütəxəssislərdən ibarət qrup tərəfindən təyin edilir. Filmə baxan auditoriyanın yaş həddini müəyyənləşdirmək çox vacibdir. Ancaq bizdə bu cür bölgülər yoxdur. Bizdə bildiyim qədər 18 yaşa qədər və 18 yaşdan sonra üzrə kateqoriyalar müəyyənləşdirilir və bu qaydalar digər kateqoriyalara o qədər də geniş şamil edilmir».
Milli Televiziya və Radio Yayımları Şurasının şöbə müdiri Təvəkkül Dadaşov bildirdi ki, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»a görə göstərilmə vaxtı məhdudlaşdırılmış proqram və səhnələrə Şura tərəfindən nəzarət edilir. Belə ki, əsas süjet xətti qəddarlıq və zorakılıq səhnələri ilə müşayiət olunan filmlər, tibbi əhəmiyyət kəsb edən, lakin insan psixikasına mənfi təsir edə bilən tibbi əməliyyatların açıq şəkildə göstərilməsi; hipnoz səhnələrinin təsviri, efir vasitəsilə hipnoz etmə; kriminal fəaliyyəti özündə əks etdirən təsvirlərin, özünə sui-qəsd, intihar, özünü şikəstetmə səhnələrinin və onların üsul və vasitələrinin ətraflı göstərildiyi bədii filmlər və proqramlar; erotik filmlər və proqramlar; ədəbsiz ifadələrdən, sözlərdən və jestlərdən istifadə edilən tamaşalar və filmlərin yayımı saat 07.00-dan 23-dək məhdudlaşdırılır”. Şöbə müdirinin sözlərinə görə, bu qaydaları MTRŞ 2006-cı ildən qəbul edib və yayımçılara qarşı bu qaydaların pozulması ilə bağlı dəfələrlə inzibati tədbirlər görülüb: “18+ və yaxud digər bu kimi işarələr qoyulsa belə, yayımçılar bu qaydalara zidd materialları məhdudlaşdırılmış saatlarda yayımlaya bilməzlər”.
Müəyyən hədləri gözləyirik ki...
Rejissor Rüfət Şahbazovun sözlərinə görə, filmlərin kateqoriyası onların hansı yaş təbəqəsinə uyğunlaşmasına görə müəyyənləşir: “Elə filmlər var ki, onun mövzusu sırf uşaqlar üçün nəzərdə tutulur. Artıq uşaqlardan yuxarı yaş qrupları üçün problem yoxdur və hamı ona baxa bilər. Amma müəyyən mövzuda filmlər var ki, onların içərisindəki olan mövzulara uşaqlar baxarsa onların psixologiyasında qüsurlar əmələ gələ bilər. Amma 15-16 yaşdan yuxarı yeniyetmələr isə o filmə baxsa hansısa tərbiyəni götürə, hansısa tarixi hadisə haqqında bilgi əldə edə bilərlər. Onda həmin filmlərdə 16+ yazılır”.Rejissorun fikrincə, elə filmlər var ki, 18+ deyiləndə sırf əxlaqsız filmlər nəzərdə tutulur: “Amma əslində bu yaş kateqoriyasından yuxarı olan filmlər 18 yaşından yuxarı — yetkinlik yaşına çatmış insanların baxa biləcəyi mövzulardır. Məsələn, öz həyatımızda olduğu kimi, əgər hər hansı mövzu müzakirə ediriksə və o, uşaqlara aid deyilsə, yanımızdakı uşaqları uzaqlaşdırırıq. Və yaxud uşaqla söhbət edəndə böyüklərin ona qulaq asmasına heç bir problem yoxdur. Filmlər kateqoriyalara hekayəsinə, mövzusuna və hansı yaş qrupuna ithaf olunmasına görə bölünür». Rejissor hesab edir ki, dünya filmlərində bu kateqoriyalara əməl olunsa da, ölkəmizdə istehsal olunan filmlərdə bu qaydalar o qədər nəzərə alınmır: «Rejissoru olduğum «Bir ailəm var» serialı hər yaş qrupu üçün nəzərdə tutulub. Mövzuların bəziləri böyüklərə, bəziləri kiçiklərə ithaf olunur. Ona görə də bizim üçün bu qaydaları seriallarda müəyyənləşdirməyin önəmi yoxdur. Ancaq biz müəyyən hədləri gözləyirik ki, tamaşaçı psixologiyasına ziyan verməyək. Bəzən elə filmlər çəkilir ki, ona yalnız 16 yaşdan yuxarı uşaqlar baxa bilər. Bu yaşdan aşağı uşaqlar baxsa, müəyyən zərərli şeylər götürərlər. Ona görə də bizdə bu qaydalara riayət olunmur”. Rejissor hesab edir ki, kateqoriyaların müəyyən edilməsi əsasən ssenaristlərin üzərinə düşən vəzifədir. Belə ki, dünya kinematoqrafiyasında yazılan ssenarilərdə artıq bəlli olur ki, bu, hansı yaş təbəqəsi üçün nəzərdə tutulub. Rejissor həmin ssenarini sadəcə canlandırır. İstənilən yerdə ssenari şahdır və rejissor ona riayət edir. 6 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan filmlərə də bu qaydalar şamil edilir. Çünki elə animasiya filmləri var ki, o yaşa qədər uşaqlar onlara baxmamalıdırlar. Yəni birinci sinifdə oxuyan uşaqla altıncı sinifdə oxuyan uşağın oxuduğu material bir deyil. 16 yaşa qədər olanlara məktəb uşaqları baxa bilər. 16 yaşdan 18 yaşa qədər olan müddətdə də artıq uşaqlarda müəyyən bir inkişaf var. Bu, onların yetkinlik yaşına qədəm qoyduğu dövrdür. Onların mövzusu ayrıdır. 18+ kateqoriyasında olan filmlərə isə artıq sərbəst gənclərə aiddir. Onlar istənilən mövzuya baxa və müzakirə edə bilərlər”.
Yazıçı ssenarist İlqar Fəhmi hesab edir ki, sırf romantik macəra ssenarisi üzərində qurulan, zorakılıq səhnələri olmayan filmlər 15 yaşına qədər olan filmlər kateqoriyasına daxil edilir: “Süjetində sevgi ilə bağlı müəyyən intim məqamların olduğu filmlər 16 yaşa qədər filmlərə aid edilir. Əsas sərhəd zorakılıqla bağlı qoyulur. Psixoloqlar hesab edirlər ki, 13 yaşdan yuxarı uşaqlar artıq zorakılığı müəyyən qədər hiss etməyə qadir olduqlarından bu cür filmlərdə artıq zorakı səhnələr olur. Ancaq 16 yaşdan yuxarı sırf erotizm üzərində götürülür». İ.Fəhmi hesab edir ki, bizdə bu cür qaydalara o qədər də əməl olunmur. Belə ki, telekanal və kinoteatr rəhbərləri necə düşünürlərsə elə də hərəkət edirlər: «Ancaq uşaq psixologiyasına zərbə vuran müəyyən məsələlər nəzarətdə saxlanılır”.
 

Müəllif: Təranə Məhərrəmova
Mənbə: kaspi.az
Top