"İstismarçı kapitalistlər”, «azğın burjua nümayəndələri” və s. və i. adlarla Sovet dövrü tədqiqatlarında gündə yüz dəfə ən aşağı sözlərlə tənqid, təhqir edilən, başda H.Z.Tağıyev olmaqla, milli qeyrətimizin təcəssümü olan Bakı milyonçuları haqqında müstəqilliyimizi əldə etdikdən sonra saysız-hesabsız məqalələr, esselər, kitablar, əsərlər yazıldı, filmlər çəkildi. Amma zaman, məkan sübut etdi ki, uzun illər yanlış tədqiqata cəlb edilən, söyülən, döyülən milli burjua nümayəndələrimiz haqqında hələ bir çox qaranlıq mətləblər işıqlandırılmalıdır. Buna ehtiyac və tələbat var.
Bu zərurətdən yaranan əsərlərdən biri də „Nobellər neft, milyonçular və qoçular şəhərində” əsəridir. Əsərlə tanış olarkən akademik Fuad Qasımzadənin sözlərini xatırladım: “Kitab var ki, çapdan çıxar-çıxmaz unudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur, zaman-zaman ona ehtiyac və tələbat duyulur”. Heç şübhəsiz, bu əsər də hər zaman oxucusuna gərəkli və dəyərli bir mənbə olacaq. Zəngin arxiv sənədləri və dövrü mətbuatın materialları əsasında ərsəyə gələn bu mükəmməl əsərin müəllifi Əməkdar mədəniyyət işçisi, görkəmli tədqiqatçı-jurnalist Müsəllim Həsənovdur. Gənc nəsil onu daha çox „Son iclas” filmindən tanıdı. Ssenari müəllifi olduğu bu filim Müsəllim Həsənovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli bir töhfə idi. “Son iclas” filmi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclasından (Azərbaycan Parlamentinin sonuncu — 145-ci iclası 27 aprel 1920-ci il, saat 20:45-də başlayıb), Azərbaycanın rus və yerli bolşeviklər tərəfindən silah gücünə işğal edilməsindən bəhs edən hadisələrə həsr edilib. Gərgin, həyəcanlı keçən bu tarixi iclasın mənzərəsini arxiv sənədləri əsasında çox gözəl yarada bilən müəllif, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövrünü „Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi” şərh edə bilib. Əslində bu filimin uğurlu alınması o qədər də təəccüb doğurmur. Ona görə ki, Müsəllim Həsənov “Son iclas”a kimi bir sıra sənədli filmlərin, o cümlədən „Lider” TV-də yayımlanan Bakının memarlıq abidələrinin tarixinə həsr edilən “Bakı vaxtı” sənədli filmlər silsiləsinin müəllifi kimi tamaşaçı rəğbətini qazanmışdı. Onun ssenari müəllifi olduğu „Əbədi ezamiyyət”, “Bir günəş altında”, „Daşdan tikilmiş şəhər”, “Mübariz” (Milli Qəhrəman Mübariz İbrahimova həsr edilib), „Şirvanşahlar: Azərbaycanın dövlətçilik tarixinin möhtəşəm min ili” filmlərində tamaşaçı yeni faktlarla qarşılaşır.
Müsəllim 1985-ci ildə BDU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (O, zaman mən həmin fakültənin birinci kursunda oxuyurdum. Müsəllim, Faizə, Esmira, İradə və başqaları, müəllimlərimin təbrincə desəm, artıq fakültənin tanınmış jurnalistləri idilər və biz bu tanınmışlara qibtə hissi ilə baxırdıq). Xoşbəxtlikdən, onlar sonradan ölkəmizdə sözü, imzası ilə tanınan, sevilən, oxunan qələm əhli oldular. Müsəllim Həsənov da 1985-ci ildə ilk olaraq “Azərnəşr”də işə başlasa da, imzası ilə dövrü mətbuatda tez-tez göründü və yaddaşlarda qaldı. Çünki, Müsəllimin müraciət etdiyi mövzular, adətən, uzun illər sovet dövründə yanlış təbliğ edilən sahələrə aid idi.
1989-1992-ci illərdə işlədiyi „Yeni fikir” qəzetində həmin mövzulara həsr edilən onlarla məqalələri sonradan üç kitabın ərsəyə gəlməsinə səbəb oldu. Bir müddət Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri işləyən M.Həsənovun yenidən tədqiqatçı-jurnalistikaya qayıtması heç də təəccüb doğurmadı. Əslində o, elə həmin illərdə də vaxt tapan kimi arxivlərə baş çəkir, onu maraqlandıran mövzular haqqında informasiya toplayırdı. Elə “Qərib məzarlar” (2016), „Azərbaycanda gəmiçilik” (2018) və “Nobellər neft, milyonçular və qoçular şəhərində” (2018) əsərləri də bir ilin, iki ilin məhsulu deyil. Müəllif təkcə Azərbaycanda yox, həm də Parisdə, Moskvada, Sankt-Peterburqda uzun illər arxivlərdə, kitabxanalarda, muzeylərdə axtarışlar aparmış, sənədlər toplamış və nəticədə möhtəşəm əsərlər ərsəyə gətirmişdi.
»Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı” adlandırılan Müsəllim, müraciət etdiyi mövzuları qəlbinin süzgəcindən keçirərək yazmaqla kifayətlənmir. O, həm də bu mövzulara böyük sevgi, sayğı ilə yanaşır. Çünki o mövzuların böyük əksəriyyəti şanlı, şərəfli tariximizin bir parçasıdır. «Qərib məzarlar” əsəri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu ildə Paris-Sülh Konfransına göndərdiyi Azərbaycan nümayəndə heyətinin işğaldan sonrakı acınacaqlı taleyindən bəhs edir. Nümayəndə heyəti Parisə gəldikləri ilk gündən nə qədər ciddi problemlərlə rastlaşsalar da, ümidlərini itirmir, gərgin, çətin bir şəraitdə fəaliyyətlərini davam etdirirlər. Müəllif, əsərində Parisdə qalan nümayəndə heyətinin 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı ilə barışmayaraq, mühacirətdə necə böyük çətinliklə mübarizə aparmalarından, maddi və mənəvi çətinliklərlə üz-üzə qalmalarından ürək ağrısı ilə söz açır. Əsəri oxuduqca hiss olunur ki, müəllif, mühacirətdə qalan soydaşlarımızın çox böyük çətinliklərlə mübarizə aparmasını əks etdirən ən kiçik detalı belə gözdən qaçırmayıb, faktlara həssaslıqla yanaşıb, onların müstəqil Azərbaycan yolunda nələri qurban verdiyini dönə-dönə oxucusuna xatırladıb.
Müəllifin „Qərib məzarlar” əsəri kimi “Nobellər neft, milyonçuları və qoçular şəhərində” əsəri də oxucular tərəfindən rəğbətlə qarşılandı. Azərbaycanda neft sənayesinin inkişafında Nobellərin xidmətlərini araşdırmaqla yanaşı, həm də onların Bakıdakı fəaliyyəti, şəhər əhli ilə münasibətləri, yerli sahibkarlarla əlaqələri, neft biznesi ilə bağlı olan sərgüzəştləri haqqında doğru-dürüst informasiya verməyə çalışıb və buna nail də olub. Unutmayaq ki, bu mövzu sovet dövründə həm ölkəmizdə həm də, xaricdə nəşr edilən əksər məqalələrdə, əsərlərdə düzgün işıqlandırılmayıb, hadisələr, faktlar neqativ planda təsvir edilib.
M.Həsənov əsərində Nobellərin Bakıya necə gəlib çıxmasından, bu qədər böyük şöhrət və sərvətə sahib olmasından bəhs etməklə yanaşı, onların milli burjuaziya nümayəndələri ilə münasibətindən, Bakı qoçuları ilə əlaqəsindən geniş şəkildə məlumat verib. Əsərdə həm də „Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Nobellər hansı cəbhədə dayanıb?” sualına cavab verilib. Müəllif ilk səhifədə qeyd edir ki, biz Nobellərin Bakıdakı fəaliyyətinin nisbətən az öyrənilən tərəfinə işıq salmaq istəyirik: “Arxiv sənədləri, onların müasirlərinin xatirələri, nəhayət, o dövrün materialları əsasında”.
Əsərlə tanış olarkən müəllifin istəyinə nail olduğu aydın olur. O, milli burjuaziyamızın görkəmli nümayəndələrindən olan Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Hacı Hacıağa və Şıxəli Dadaşov qardaşlarının Nobellərlə işgüzar münasibətlərini doğru-dürüst sənədlər, materiallar və xatirələr əsnasında oxucusuna çatdıra bilib. Sadə, səlis dildə, publisistik üslubda yazılan, ayrı-ayrı sərlövhələrlə verilən məqalələrdə Bakının tarixindən, onun neftinin qoxusuna gələnlərdən və bu nefti „sorub aparmaq”, soyub-talamaq üçün dəridən-qabıqdan çıxanlardan da bəhs edilir. Müəllif, əsərində təəssüf hissi ilə qeyd edir ki, Nobel mükafatının verildiyi təxminən 120 il ərzində bu mükafata bir nəfər də olsun azərbaycanlı alimi və ya ədibi layiq görülməyib. Amma heç kimə sirr deyil ki, Nobel fondunun formalaşmasında Bakı neftinin rolu az olmayıb.
Tələbələrin istəyilə Müsəllim Həsənovu işlədiyim BDU-nun Jurnalistika fakültəsinə dəvət etdim. Dəvətimi sevgi ilə qəbul etdi. Görüş, əsasən onun ssenari müəllifi olduğu “Son iclas” filmi üzərində quruldu. Sonda təşəkkür edərkən dedi: „Əslində bu gün mənə çox xoş oldu. Mənə hər zaman əziz ocaq olan fakültəmizə gəlməklə, xəyalən gəncliyimə, tələbəliyimə qayıtdım. Bu gün özümü 61 yox, 16 yaşlı bir gənc kimi hiss etdim!”
Müəllif: Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist
Mənbə: kaspi.az