Həyatın rənglərini səhnəyə gətirən sənətkar

Həyatın rənglərini səhnəyə gətirən sənətkar

Öz məktəbini yaradan və zamanın ucalığında dayanan Tofiq Kazımov! Bəlkə də ilk baxışda bu sözlər adi səslənə bilər. Amma bütün yaradıcılığı ilə zamandan yuxarıda dayanaraq onun təsirinə düşməyən görkəmli Azərbaycan rejissoru Tofiq Kazımov barəsində başqa cür düşünmək mümkün deyil. Çünki o, özü zamana təsir edirdi. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə öz müəllimi haqqında qələmə aldığı «Dördüncü ölçünün rəngləri» adlı kitabında Tofiq Kazımovun rejissorluq yaradıcılığına güzgü tutaraq yazıb: «Milli teatr tariximizin özəl səhifəsində adı qızıl hərflərlə yazılan, bu sənəti zənginləşdirən, gələcək yaradıcı nəsillər üçün örnək olan teatrşünaslıq üçün tükənməyən tədqiqat mənbəyi kimi istifadə edilən, şəxsi ismi artıq anlayışa dönən bir rejissor var idi: bu, Səməd Mənsur oğlu Tofiq Kazımovdur». Azərbaycan teatrında peşəkar rejissor işi XX əsrin ilk onilliklərində yaranmışdı. Milli teatr səhnəsində H.Ərəblinski, A.M.Şərifzadə, A.Şərifov kimi istedadlı aktyorlar həm də rejissorluq fəaliyyəti göstərmişdilər. Doğrudur, onların peşəkar rejissorluq təhsili olmamışdır. İstedadları, sənətə olan məhəbbətləri, səhnəyə bağlılıqları, müşahidə qabiliyyətləri sayəsində həmin sənətkarlar o dövrdə rejissorluqla məşğul oldular. Əslində bu unudulmaz mədəniyyət xadimləri Azərbaycan Tofiq Kazımovsəhnəsinin ilk qaranquşları kimi çiyinlərində çox ağır yük daşıdılar. Min bir əzaba, tənəyə tuş gəlsələr də, şərəfli ömür sürdülər. Məhz onların işığına pərvazlanan istedadlar peşəkarlıq sirlərinə yiyələnmək üçün müxtəlif ölkələrdə ali rejissorluq təhsili aldılar. Beləliklə də Azərbaycan teatrının yeni mərhələsi başladı. Milli teatr tariximizin həm müqtədir, həm də peşəkar rejissorları sırasında Adil İsgəndərov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov və nəhayət, Tofiq Kazımov. Bu rejissorların hər biri öz məktəbini yaratdı və Azərbaycan səhnəsinə də yeni ənənə, milli ruh, əlvanlıq, təravət və estetik dəyərlər gətirdilər. Tofiq Kazımovun özünəməxsusluğunu səciyyələndirən əsas cəhətlərdən biri onun zaman çərçivələrinə sığmaması idi.
 Xalq yazıçısı Elçin bu istedadlı sənətkarın Azərbaycan səhnəsinə gətirdiyi yenilikləri çox gözəl şərh edir: «Sənətkarın hansı zamanda, hansı dövranda yaşayıb-yaratması onun özündən asılı deyil. Sənətkar zamanı seçmir, amma zaman sənətkarı yetişdirir və sənətkar hansı zamanda yaşayırsa-yaşasın, o öz dövranını ifadə etməklə bərabər, gələcəyin sənətkarıdır… Tofiq Kazımov sovet dövründə yaşayıb-yaratdı. Ən əsası budur ki, Tofiq Kazımov „sovet rejissoru yox, milli teatr sənətimizin böyük xadimlərindən biri oldu. Tofiq Kazımovun daxilində, bütün içində sovet quruluşuna, sistemə, ideoloji riyakarlığa, söz ilə əməl arasındakı təzada, hətta mən deyərdim ki, patoloji bir nifrət var idi. Onun quruluş verdiyi əsərləri xatırlayın: bunların heç biri — uğurundan, yaxud uğursuzluğundan asılı olmayaraq, ideoloji hadisə deyildi, onun bütün sənət qələbələri yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin bədii-estetik hadisələri idi“. Həqiqətən də Tofiq Kazımovun yaradıcılığı sovet dövründən başladı. Amma bu yaradıcılığı ortaya qoyan istedadın miqyası həmin zaman və dövr çərçivələrinə sığmadı. O çərçivələr Tofiq Kazımovu öz məngənəsində boğub saxlaya bilmədi. İnkaredilməz faktdır ki, bu, sovet dövrü mədəniyyəti kontekstində hər sənətkara müyəssər olmayan bir şərəfli hadisə idi.
Atadan başlanan yol
Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olub. Atası Səməd Mənsur dövrünün mükəmməl dünyagörüşünə malik məşhur simalarından idi. Ədəbiyyatda Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, mətbuatda mollanəsrəddinçilərin, teatr tariximizdə Cahangir Zeynalovun, Hüseyn Ərəblinskinin, Sidqi Ruhullanın, Abbas Mirzə Şərifzadənin həm davamçısı, həm silahdaşı olan Səməd Mənsur hələ sağlığında „klassik“ adlandırılırdı. Amma təəssüf ki, onun fəaliyyətinin və yaradıcılığının üstündən 70 il qara xətt çəkildi. Müxtəlif mətbuat orqanlarında — »Molla Nəsrəddin", «Tuti», «Zənbur», "İqbal", «Bəsirət», "Ədəbi parçalar" və başqalarında lirik, satirik şeir və felyetonlarını dərc etdirən Səməd Mənsur həm də naşir idi. Cəmi 14 nömrəsi çap olunan "Şeypur«un ilk redaktoru M.Ə.Sidqi, naşiri isə S.Mənsur olub.
Milli teatr tariximizin inkişafında özünəməxsus xidməti olan Səməd Mənsur həm də böyük aktyor idi. Təəssüf ki, bu barədə ətraflı məlumatlar işıq üzü görməmişdir. Məlumdur ki, Bakıda fəaliyyət göstərən „Səfa“ mədəni-maarif cəmiyyətinin nəzdində (1912) teatr truppası fəaliyyət göstərirdi. Ona da Cahangir Zeynalovla bərabər Səməd Mənsur rəhbərlik etmişdi. Bu tarixi faktın özü çox mətləblərin açarına çevrilə bilər. Həmin truppada görün kimlər fəaliyyət göstərib: Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski, Həsənağa Abbasov, Əhməd Qəmərli, Ağadadaş Nəsirov, Dadaş Bünyadzadə, Əli Səbri və başqaları. Bu şəxsiyyətlər teatr tariximizin yaradıcıları sayılıblar. Onların da rəhbərlərindən biri Səməd Mənsur olub. Truppanın fəaliyyət göstərdiyi dövrlərdə tamaşaya qoyulan əsərlərin bir qisminin müəllifi məhz Səməd Mənsur olub. O, təkcə teatr truppasının rəhbərlərindən biri deyildi. Səməd Mənsur həm də aktyor kimi məşhurlaşmışdı. Təəssüf ki, onun bu sahədəki xidmətləri ancaq müasirlərinin qələmə aldığı xatirələrdə və saralmış rol dəftərçələrində qalıb. Səməd Mənsurun səhnədə tərəf-müqabilləri də dövrünün qüdrətli aktyorları — Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov və başqaları olub. Arxiv materiallarından və qələmə aldığı şeirlərdən bəlli olur ki, Səməd Mənsur canından, qanından artıq sevdiyi Bakının XI ordu tərəfindən işğalına dözüm gətirə bilmirdi. O, bütün varlığı ilə azadlıq aşiqi idi. O, məmləkətini müstəqil görmək istəyirdi. Onun oxuduğu istiqlal nəğmələrini süngülərlə susdurdular. Əqidə dostlarını, millətin qaymaqlarını zindanlara saldılar. Şimaldan gələn qara tufan tüğyan etməkdə idi. Qarşıdan ötən əsrin 30-cu illərinin ağır repressiyaları gəlirdi. Baş alıb gedən haqsızlıqlara, müstəqilliyə və milli mənlik anlayışlarına tuşlanan ağır zərbələr qarşısında Səməd Mənsurun zərif ürəyi çox davam gətirmədi. O, 1927-ci ilin əvvəllərində 47 yaşında dünyasını dəyişdi. Səməd Mənsur təkcə şair, publisist, felyetonçu, tərcüməçi, naşir, dramaturq, teatr təşkilatçısı, aktyor deyildi. Onun Azərbaycan mədəniyyətinə bağışladığı ən böyük töhfələrdən biri övladı — gələcəkdə böyük rejissor olacaq Tofiq Kazımov idi.
Bu dünyanın rəngləri
Atasını itirəndə Tofiqin 4, böyük bacısı Zəhranın 10, qardaşları Əşrəfin 8, Əkrəmin isə 1 yaşı var idi. Anaları Yaxşıxanım həyatın bu ağır zilləti qarşısında özünü itirmədi. Övladlarını Səməd Mənsurun adına və səcərəsinə layiq böyüdə bildi. Tofiq Kazımov bu ağır zamanın içində məhz öz zamanının cizgilərini cızmağa nail oldu. Atasının dillər əzbəri olan, uzun illər yaddaşlarda iz salan məşhur „Həpsi rəngidir“ adlı müxəmməsi ailənin fəaliyyətini istiqamətləndirdi.
 
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.
 
1938-ci ildə orta məktəbi Bakıda bitirən Tofiq Kazımov Azərbaycan Teatr Məktəbinin aktyorluq fakültəsində oxuyub. Təhsilini başa çatdıranda İkinci dünya müharibəsi başlamışdı.
Bu səbəbdən də Sovet ordusu sıralarına çağırılan Tofiq Kazımov müharibəyə yollandı. 1943-cü ildə ağır yaralandığına görə ordu sıralarından tərxis olundu. İki il Gənc Tamaşaçılar Teatrında aktyor işlədikdən sonra 1945-ci ildə Moskvaya göndərilən Tofiq Kazımov A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda oxudu. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun „Kür sahilində“ pyesini tamaşaya hazırladı. İnstitutu bitirdikdən sonra Bakıya qayıdan Tofiq Kazımov həm Dövlət Teatr İnstitutunda pedaqoq, sonra isə direktorun elmi-tədris işləri üzrə müavini təyin olundu. Həm də Akademik Dram Teatrında rejissorluq fəaliyyətini davam etdirdi. 1952-ci ildə onu Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərdilər. O, bu vəzifədə çox az çalışdı. Beş aydan sonra onun yeni iş yeri Azərbaycan Dövlət Akademik Dram Teatrı oldu. 1964-cü ildən ömrünün sonuna kimi — yəni 1980-ci ilin avqust ayında avtomobil qəzasında həlak olana qədər baş rejissor işlədi. Eyni zamanda „Azərbaycanfilm“də çəkilən filmlərdə rejissor olub, başqa teatrlardan da dəvət alırdı. Hətta Musiqili Komediya Teatrında „Qızıl axtaranlar“ operettasına da quruluş verib. O, 1951-ci ildən 1980-ci ilə qədər Akademik Dram Teatrında 50-yə yaxın tamaşanın rejissoru olub. Tofiq Kazımov 1965-ci ildə „Antoni və Kleopatra“, 1979-cu ildə „Şəhərin yay günləri“ tamaşalarına görə dövlət mükafatları ilə təltif olunub. 38 yaşında əməkdar incəsənət xadimi adına layiq görülən Tofiq Kazımov 51 yaşında xalq artisti fəxri adını almışdı.
Onun indiki Akademik Milli Dram Teatrında baş rejissor işlədiyi müddətdə bu məbədə çoxlu sayda istedadlı gənc cəlb edilib. Tofiq Kazımova qədər həmişə gənc qəhrəman rolları o dövrdə tanınmış, müəyyən fəxri adlarla təltif olunmuş 50-60 yaşlı aktyorlara verilərdi. Bu ənənəni ilk dəfə məhz Tofiq Kazımov dağıtdı. O, İlyas Əfəndiyevin „Sən həmişə mənimləsən“ tamaşasındakı baş rolu — Nargiləni 18 yaşlı tələbə Amalya Pənahovaya, Mirzə Cəlilin „Ölülər“indəki İsgəndəri 28 yaşlı Həsən Turabova tapşırdı. Tofiq Kazımov deyərdi: „Mən kommentatorE deyiləm, müstəqil sənət növünün — rejissuranın nümayəndəsiyəm. Odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm“. Tofiq Kazımovun Azərbaycan səhnəsinə gətirdiyi məram, ideya, estetika, yeni dəyərlər, uğur və digər məziyyətlər belə sıralanırdı. Yenilikçi olmaqla bərabər o, həm də cəsarətli rejissor kimi sevilirdi.
 Xalq artisti Şəfiqə Məmmədova müəllimini həmişə ehtiramla xatırlayır: „Zaman kateqoriyası elə mürəkkəbdir ki, şəxsən mənim üçün onun təsirini sadə sözlərlə ifadə etmək mümkün deyil. Tofiq Kazımovun zamanla münasibətləri çox mürəkkəb, təzadlı, ziddiyyətlə dolu, eyni zamanda son dərəcə məhsuldar idi. Təbii ki, zaman ona təsir edirdi. Amma bir filosof sənətkar kimi onun da öz yaradıcılığı ilə zamana təsiri danılmazdır. Dediyim bu təsiri mütəxəssislər daha dəqiq və tutarlı aşkarlayar. Bütün yaradıcılığımı mən ustadım, müəllimim Tofiq Kazımovun adı ilə bağlayıram. Onun teatrında işləmək, onun sevimli aktrisası olmaq mənim üçün böyük səadət və xoşbəxtlik idi. Böyük fəxrlə özümü “Tofiq Kazımov məktəbi»nə mənsub olan sənətkar hesab edirəm".
Tofiq Kazımov elə bir zamanda yaradıcılığa başlamışdı ki, Azərbaycan teatrı keçid dövründə idi. O zaman səhnəyə yeni düşüncə, yeni teatr tərzinin ayaq açdığı məqamlar idi. Mədəni, estetik oyanışın bu dövründə Tofiq Kazımovun teatra gəlişi səhnəyə yeni fikir, yeni düşüncə gətirdi. Onun quruluş verdiyi əsərlər sanki zamanın özü ilə döyüşə çıxaraq mübarizə aparırdı. Məhz Tofiq Kazımovun sayəsində yeni aktyor nəsli ortaya çıxdı — Həsən Turabov, Şəfiqə Məmmədova, Vəfa Fətullayeva, Səməndər Rzayev, Amaliya Pənahova, Fuad Poladov və başqaları. Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin fikrincə, Tofiq Kazımovun quruluş verdiyi əsərlərin tamaşalarında hər zaman poetik vüsət, fəlsəfi dərinlik, cazibəli füsunkarlıq təcəssüm edilirdi. Öz quruluş və mizanları ilə zamanı qabaqlamağa çalışan Tofiq Kazımov yaradıcılığı milli mədəniyyətimizin sərvəti kimi dəyərləndirilir. O həm də mükəmməl qələm sahibi kimi də fəaliyyət göstərirdi. Azərbaycan teatrının unudulmaz simaları olan xalq artistləri — M.A.Vəlixanov, K.Ziya, İ.Osmanlı haqqında monoqrafiyalar yazmışdı. Mətbuatda rejissorluq sənəti ilə bağlı məqalələri dərc edilərdi. Tərcümə ilə də məşğul olurdu. Sənətşünas Məryəm Əlizadənin təbirincə desək, təəssüf ki, Tofiq Kazımov xatirələrini qələmə almayıb.
Əslində memuar ədəbiyyatı 60-70 yaşdan sonra yaranır. Tofiq Kazımov isə 57 il yaşadı. Atasının bir çox arzularını həyata keçirən bu unudulmaz sənət fədaisi Səməd Mənsurun taleyini yaşamasa da, onun ömür payından cəmi 10 il irəli keçdi.
 
Müəllif: Flora Xəlilzadə, Əməkdar jurnalist
Top