Heyvanlar dünyamızın ən sevimli, əziz sakinləridir. Hər birimiz onları qorumalı, ehtiyacları olduğu zaman qayğısına qalmalıyıq. Onlar da bizim kimi sevgini, qayğını və qəzəbi hiss edə bilirlər. Dünyaya, digər canlılara yalnız sevgi ötürək.
Bu günə uyğun olaraq, heyvanların baş rolda yer aldığı ən maraqlı filmlər siyahısını sizinlə bölüşürəm. Aşağıdakı filmlərlə rejissorlar bizə heyvanların bizi hiss etdiyini və sevdiyini bildirirlər.
Hachi: A Dog’s Tale (Hachiko: Bir itin hekayəsi) – Film, Professor Parker Wilson-un dəmiryolu stansiyasında tapdığı akita inu cinsindən olan iti evinə aparması ilə başlayır. İlk öncə yoldaşının narazılıqları ilə qarşılaşan professor ilə it arasındakı bağ gün keçdikcə daha da möhkəmlənir. Hachi qısa zamanda özünü bütün ailəyə sevdirməyi bacarır. Professorun hər gün işə gedərkən onu stansiyaya qədər ötürən və hər geri döndüyü zaman həmişəki yerində olub onu gözləyən bir yol yoldaşı olur. Filmin gedişatı təsirli və maraqlıdır. 2009-cu ildə çəkilib, IMDb balı isə 8.2-dir.
Life of Pi (Pinin həyatı) – Hindistandan Kanadaya gedən yük gəmisi içərisində olan heyvanlarla birlikdə batır. Qəzadan sağ qalan bir kaftar, zebra, oranqutan, Richard Parker adlı 300 kq-lıq benqal pələngi və 16 yaşlı hindli yeniyetmə olan Pidir. Ucsuz-bucaqsız Sakit Okeanda bir xilasedici qayıqda yaşamağa başlayırlar. Pi bu macərada sağ qalmaq üçün uşaqlıqda öyrəndiyi heyvanlarla bağlı biliklərindən istifadə edir. Film ABŞ istehsalıdır. 2012-ci ildə izləyicilərə təqdim olunub, IMDb balı 7.9-dur.
A Street Cat Named Bob (Bob adlı küçə pişiyi) – Bu film bioqrafikdir və eyni adlı kitab əsasında çəkilmişdir. Siyahıda olanlardan ən sevimli filmim məhz budur. Heroin asılığı olan James Bowen London küçələrində mahnı oxuyaraq pul qazanır. Günlərin birində xəstə küçə pişiyi ilə rastlaşır və onu özü ilə götürüb müalicə etməyə çalışır. Sonralar isə pişiyə Bob adını verir, filmin gedişatında həmin pişik James-in həyatını müsbət istiqamətdə dəyişməyə başlayır.Filmin balı 7.3 dür.
White Fang (Ağ Diş) – Cek Londonun eyniadlı romanı əsasında çəkilmiş “Ağ diş” filmində yarı qurd, yarı it olan canlıdan bəhs edilir. Zəkası və görünüşü ilə hamını valeh edən bu varlığa həm insanlar, həm də heyvanlar əzab verir. Tacir qrupunun meşəyə gəlişi zamanı tapılan bu varlığa Jack adlı tacir xüsusi diqqət yetirir. Ona “Ağ diş” adını verirlər. Sonralar da Ağ dişi xatırlayan Jack, onun sayəsində sevgini, güvəni və dostluğu kəşf edir. Film 1991-ci ildə çəkilib, IMDb-də 6.7 balla qiymətləndirilmişdir.
War Horse (Döyüş atı) – Filmdə Birinci Dünya Müharibəsi zamanı Albert və onun sevimli atı Joeyin hekayəsindən bəhs edilir. Əhlilləşdirib, öyrətdiyi atın satılmağı, müharibəyə göndərilməsi iki dostu ayırsa da, yaşadıqları hadisələr bir çox həyatı dəyişəcək. Bu arxa planda müharibənin olduğu dostluq filmidir. IMDb-də balı 7.2 olan bu film 2011-ci ildə izləyicilərə təqdim olunmuşdur.
Mənbə: bildirchin.az