Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar. (Qızıldərili atalar sözü)
“Zəncirlənmiş adam” qısametrajlı bədii televiziya filminin adını oxuyanda hansısa cinayətə görə cəzalandırılmış və buna görə də zəncirlənmiş insan gözümün qabağına gəldi. Filmin gedişində yanıldığımı anladım, hətta sarsıldım. Ac qalmamaq, həyat yoldaşını və gələcək övladının həyatını təmin etmək üçün iş axtaran Alvardo sonunda Nikandro adlı varlı sahibkarın evində işləməyə razı olur. İşin nədən ibarət olduğunu bildiyimdə dəhşətə gəldim. İnsan it olacaqdı.
“Necə it olacaq?” sualı yəqin ki, hər kəsdə yarandı. Alvardo Nikandrodan ona iş verilməsini xahiş edir, pula ehtiyacı olduğunu söyləyir. Nikandro Alvardo üçün işin olmadığını dəfələrlə təkrarlayır. Bu zaman onun evini qoruyan Alfa adlı itin yerində olmadığını, öldüyünü öyrənən Nikandro Alvardonun yalvarışına “Məndə iş yoxdur. Bax it də ölüb. İstəyirsən onun əvəzinə səni işə götürüm. Hürə bilirsən?” deyə cavab verir. Burada pulun insanların həyatında paradoksallıq yaratdığının, insanın pula da öz əli ilə hazırladığı bütlər kimi sitayiş etdiyinin şahidi olursan.
Pulun yoxluğundan az qala ölən Alvardo və ailəsi və pulun varlığından pula zəncirlənmiş Nikandro. Zəncirlənmiş adam təkcə Alvardo yox, həm də Nikandrodur. Bunu “ikitərəfli zəncirlənmə” adlandırıram. Çünki, onun gözünü pul kor edib. Onu, əl-qolunu pula bağlayan zəncirlər idarə edir.
Alvardonun “Cənab, mən axı insanam” sözləri insanı təsirləndirməyə bilmir. Pulun qurbanına çevrilən insanlardan biri də Alvardodur. Mariyanın (Alvardonun həyat yoldaşı) Məryəm anaya yalvarışlarını eşidən Alvardo məcbur olur ki, pula görə Nikandronun “insanı aşağılayan” iş təklifini qəbul etsin. O, xanımına bildirir ki, yeni işə düzəlib. Lakin Mariyanın Alvardonun bu yeni işindən sona qədər xəbəri olmur.
Onu qeyd edim ki, filmin rejissoru Kamil Rüstəmbəyov, ssenari müəllifi Ənvər Əlibəylidir. Film 1964-cü ildə argentinalı yazıçı Osvaldo Draqunun “İtə çevrilən adam“ radio-pyesi əsasında çəkilib. Bu filmin uğuru baş rolların ifaçıları Adil İsgəndərov və Ağadadaş Qurbanovun adı ilə bağlıdır. Digər rolları isə B. Çukmasov, S. Hüseynov, V.Kovtun, A. Kornilov, K.Adamov ifa edirlər.
Alvardo rolunun ifaçısı Ağadadaş Qurbanov Azərbaycan tamaşaçısına “Arşın mal alan” filmində Soltan bəy, “Koroğlu”da Həsən rolları ilə tanışdır. Ağadadaş Qurbanovun film həyatında bu rol xüsusi ağırlığına, psixoloji çətinliyinə görə digərlərindən fərqlənir. Ağadadaş Qurbanov qəhrəmanının keçirtdiyi ağrı-acıları peşəkarlıqla tamaşaçıya çatdıra bilir.
Əvvəlcə “Mən köpək deyiləm “ deyə etiraz edən Alvardo, sonda bir parça çörəyə görə məcbur olur ki, Nikandronun ayaqları altına düşüb “mən sözəbaxan it olacam” deyə yalvasın. Olduqca ürəkağrıdan bir səhnədir. Ağadadaş Qurbanov tamaşaçıya bu ağrını yaşatmağı bacarıb. Boynunda zəncir və xalta olan insanın bir parça çörəyə görə yalvardığını görmək ən dəhşətli qətl hadisəsinin şahidi olmaq kimidir. Çünki, bu insanlığın ölümü və onun acı nəticəsidir.
Nikandro rolunu isə Azərbaycanın teatr-kino rejissoru, aktyoru Adil İsgəndərov ifa edir. Bu rol varlı insana qarşı nifrəti artırsa da mükəmməl ifa edilib. Çünki, “mənfi” obrazı ifa etmək “müsbət”ə nisbətən çətin, hətta qat-qat çətindir.
Tamilla Ağamirova filmdə Alvardonun xanımı- Mariyanı ifa edib. Toylarının ildönümünü sevinclə qeyd edən Mariya evə daxil olan Alvardonu yemək masasına dəvət edir, Mariyanı qucaqlayan Alvardo onun boynunu dişləyir. Filmdəki bu səhnə Alvardonun “Mən köpəyəm” təlqinin acı nəticəsidir.
Alvardo kimi zəncirlənmiş insanlar minlərlədir. Şərt o deyil ki, insan itə çevrilsin. Pulsuzluq qarda, soyuqda küçələrdə dilənən insanları bu zəncirlərə bağlanmağa məcbur edir.
Nikandro kimi varlı və pula həris insanları isə Artur Şopenhauerin sözləri gözəl ifadə edir: “Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan.”
P.S Çox təəssüf ki, bu qısametrajlı film Ana dilimizə hələ çevrilmədiyindən televiziyalarımızda demək olar ki, göstərilmir. İstərdik ki, gələcəkdə Azərbaycan tamaşaçısı bu filmi Ana dilində izləsin.