Lila

Lila

Hər insan öz həyatının rəssamıdır. Hansı rənglərdən daha çox istifadə edərsə həyatı da o rənglərə bürünər. Monoton həyat, sosial çətinliklər, şəxsi problemlər insan həyatını boz rəngə çevirir. İnsan özü də həyatında başqa bir rəngin olmadığına inanmağa başlayır. Ətrafındakı gözəllikləri; yaz yarpaqlarının yaşılını, payız xəzanının al-əlvan rənglərini, günəşin parlaq sarısını, göy qurşağının 7 möcüzəsini görmür və ya görmək istəmir. Günəşli gündüzlər onlara bozumtul, cansız görünür və beləcə günlər, aylar, illər ötür.

İnsanın real həyatını həbsə salmış internet və texnologiyanın da bu rəngsizlikdə rolu var. Sanki o, əlində pozan vasitəsilə insan həyatının al-əlvan rənglərini silib sadəcə boz rəngi pay saxlayır. Təbii ki, bunu hər kəsə aid etmək olmaz. Amma real aləmdən uzaqlaşmış, həyatını yalnız virtuala bağlayan insanlar da az deyil. Onlar üçün real həyat boz, virtual həyat isə rəngarəngdir. Səmalarda uçan çərpələnglər yox olub, məhəllələrdə futbol, voleybol, ortadaqaldı oynayan uşaqlar elə bil azalıb.

Əksəriyyət öz evinə çəkilib və hər iki əli ilə onu real dünyadan ayıran telefona sarılıb. Artıq körpə uşaqlar da ağlamasınlar deyə valideynlər onlar üçün telefon alıb əllərinə verir ki, təki sakit olsun. Amma əlinə pozan alıb həyatımızı boz rəngə çevirən “canlı”ya dur demək bizim əlimizdədir. Unutmaq olmaz ki, insan özü öz həyatının rəssamıdır və rəngli qələmlər də pozanlar da onun əlindədir. Sadəcə yad təsirlərə imkan verməməlidir ki, pozanı onun əlindən alıb həyatını boz rəngə çevirsin.

İzlədiyim “Lila” adlı qısametrajlı Argentina filmi bəhs etdiyim bu rənglərlə zəngin olduğu kimi ona sərf etdiyim dəqiqələrə rəng qatmış oldu. Boz həyatı qarışıq rənglərlə boyanmış palitraya çevirən bu film insana dünya gözəlliklərini görməyə kömək edir.

9 dəqiqə 9 saniyə davam edən bu qısametrajlı filmdə rejissor Karlos Laskano məhz insan həyatını bəzəyən bu rəngləri gənc rəssamın gözü ilə təqdim edir. Rəssam Lila çəkdiyi rəsmlərlə insanların boz həyatını rəngarəng nağıllar aləminə çevirir. Onun hər kəs kimi öz dünyası var və bu dünyada o yalnız gözəllikləri görməyə çalışır. Ətrafdakı insanlarla da bu gözəlliyi paylaşır. Üzündə daima xəfif təbəssüm olan bu qız keçdiyi hər boz küçəni al-əlvan rənglərə boyayır. Solmuş qərənfili belə o olduğu kimi yox, onu daha canlı, daha təravətli görür. Ona ətrafındakı gözəllikləri görməyə kömək edən sevgidir. Dünyaya, təbiətə, həyata, insanlara sevgi…Valideynlərini itirməsinə baxmayaraq o bundan o qədər də kədərlənmir. Qəlbindəki sevgi, inam sayəsində o öz dünyasına səyahət edərək özünü və valideynlərinin rəsmini çəkir. Bu rəsmdə o balaca qızcığaza çevrilir və dəniz sahilində onu gözləyən valideynlərinə qovuşur…

Film həyata başqa bucaqdan daha pozitiv, sevgi ilə dolu bucaqdan baxmağı tövsiyə edir. Rejissor Karlos Laskano bu rəngarəngliyi ekranda görünən hər bir subyektin simasında göstərməyə çalışır. Lila rolunu ifa edən Alma Qarsiyanın geyimindəki rənglərə diqqət etsək həyat eşqini, dünyaya sevgini görə bilərik. Filmi müşayiət edən Sandi Lavallartın (Sandy Lavallart) bəstəsi isə günəşli gələcəyə inamla doludur.

Səma boz buludlara bürünəndə, kədər, anlaşılmaz tənhalıq hissi qonağınız olanda bu filmə baxmağı tövsiyə edirəm. Necə ki, tez-tez mütailə etdiyiniz, təkrarən oxumaqdan doymadığınız stolüstü kitablarınız var, qoy “Lila” da kompüterinizin masaüstü filminə çevrilsin. 



Səma Fuadqızı
Top