Ataları da bağışlasaq, nə qalardı geriyə?
Zvyaqintsevin lentə aldığı debüt film, yaradılış tarixinin köhnə hekayələrindən biri, yaşam davam etdikcə də var olacaq olan, atalar və oğullar polemikasıdır. Kamerasını, aid olmadığı evinə on iki ildən sonra qayıdan atanın, (bir digər adla, İsanın) ona inananlarla, (Andreyin) inanmaqla inanmamaq arasında qalanların, (axır ki ana modelinə çevirilən Maqdalenanın) həmçinin də inanmamaq haqqından istifadə edənlərin (İvanın) əlaqələrinə çevirən Zvyaqintsev, dört min illik tarixi səhnəni, Rusiya reallığı və yeniyetməlik dövrünün natamam illəri üstündən, metafora qaçmadan, melodram tələsinə düşmədən, bütün çılpaqlığıyla təhlil etməyə çalışır
Filmin açılış sekansı, iki qardaş arasında illərcə yaranmış uçurumun (konfliktin) qısa məzmunudur: Təxminən əlli və ya altmış metrlik hündürlükdən gölə atılan uşaqlar, yaratdıqları bu şounu qorxaqlıq və cəsarət tərəzisində ölçürlər. Uşaqlıq və yeniyetməlik çağlarının dəyişilməz, (xatırlayın: qaçış sırasında arxada qalmağın kişilik hesab edilmədiyi illər) qaydaları onlar üçün də keçərlidir: Qüllədən gölə tullanmağı bacarmayan qorxaqdır.
Elə Zvyaqintsev də kinonun taleyini bu hissədə aydınlaşdırır. Artıq tamaşaçı iki tərəfə bölünəcək. Uğurla tullanış edən cəsarətli Andrey; və hissiyyatına güvənməyərək tullanmaqdan imtina edən İvanlar. Hansı haqlıdır deyə fikirləşdirir Zvyaqintsev; aldadıcı və illər sonra yarı utanc hissləriylə xatırlanacaq olan qəhrəmanlıqlarmı, yoxsa o an, orada yaşanan (və qəbul edək: çox ağır dəqiqələrdir) keçici məsxərəmi? Davam edən dəqiqələr isə, qüllədə yaşanan iki qardaş epizodunun təkcə xarakteristik deyil, eləcə də keçmişə aid izlər daşıdığını açığa çıxardaraq, müəyyən sualların cavabını verir: O uşaqlar bütün o qəhrəmanlıq və qorxaqlığı bir gecənin içində unudaraq, iki yetişkinə çeviriləcəklər…
Övladları tərəfindən pilot zənn edilən ata, on iki il uzaq qaldığı yatağında, eyniylə əsrlər əvvəl: 1400cü illərdə yaşamış Renesans rəssamı Andrea Mantegnana tərəfindən tablolaşdırılmış Lamentation Of Christ (Ölü İsa) kimi, ağır nəfəslər alaraq yatmaqdadır. Analarının (ah, İsanın kədərli fahişəsi) onlara təqdim etdiyi ataya – daha doğrusu onun cüssəli varlığına – inanmaqda çətinlik çəkirlər. Və bu səbəblə, çardaqda gizlədikləri şəklə bir daha baxıb, – bir sübutla – onun qayıdışını qəbullanmağa başlayırlar. Bu detaldan bəhs etməyim heç də əbəs sayılmasın: İki qardaşın şəkildə gördüyü mənalar tamamən fərqlilik göstərir: Böyük qardaş Andreyi atasının əzəməti (bunu məmnuniyyətlə onun əslində ehtiyacı olduğu cəsarətlə dəyişdirərdim) sevindirirsə, İvan üçün bu əksinə, sualların başlanğıc nöqtəsidir. Zvyaqintsev qısacası bunu ifadə edir: İsa bir inanan üçün bir daha çarmıxa çəkiləcəkmi?
Dövlət və Tanrı
Ümumiyyətlə isə, on iki illik ata yoxluğu iki fərziyyə ilə açıqlanır: Birinci məhfum, The Return (Dönüş)ün həmçini bioqrafik xəttlərə sahib film olduğudur. Eyniylə Angelopoulos və Truffaut kimi, Zvyaqintsevdə atasından nostaljik intiqam alır: On iki yaşlı Zvyaqintsev, bir səhər atasının evdən çıxıb, bir daha geri qayıtmamasını – bəlkə də – bu dillə, şərh edir. İkinci fərziyyə isə Zvyaqintsev kinematoqrafiyasının teslisi, güc, iqtidar və siyasət xəttləridir. Ələlxüsus on iki rəqəminin politik obrazı, 1991ci illərlə, kinonun çəkildiyi 2003-cü illər arasına sıxışdırılmış, incə, üçüncü göz kimi oxuna bilər: Sevinc gözyaşları və əllərində çiçəklərlə inqılabın uşaqlarını iqtidardan aşağı salan McDonalds Rusiyası ilə, oyuncaqları əllərindən alınmış işçi hegemoniyasının lirik qarşıdurması… Ata motiv olaraq kommunizmi təmsil edirsə, İvan və Andrey (qeyd edək ki Andrey inqılabın o tərifi mümkünsüz çəkiciliyi üçün darıxır) demokratik Rusiyadır. Buna məmnunluq hissiylə müqəddəs ruh adını verirəm…
Ata sərt, sözünün iki edilməsini istəməyən, klassik avtoritar; yəni güc və iqtidardır. Oğullarının fərqli formalarda ondan istədikləri də bu ikilidir. Andrey gücə – gülərüzlü, atasının sevimli oğlu rolunda – ehtiyac halındadırsa; İvanda bu üsyankar tərzlə, iqtidar istəyidir. İşin ən maraqlı tərəfi kinonun bəhs etdiyim dəqiqələrində, tamaşaçının da bu istəklərə şərik olmasıdır. Zvyaqintsev ustalıqla atanı arxa planda tutaraq, İvana haqq verdirir. Xüsusilə ata haqqında minimum məlumat – adı, yaşı, işi, niyə getdiyi, nə üçün qayıtdığı, uşaqlarını hansı səbəblə yanında apardığı, müəmmalı qutu, dəniz sahilində danışdığı kişi – tamaşaçını provokasiyaya dəvət edir. Və məlum olur ki, bunları öyrənmək elə də maraqlı deyil. Öyrənilir ki, ataları sevmək və ya nifrət etmək üçün səbəblərə ehtiyac yoxdur.
İsanın Çarmıxı
returnİkisi də yanılır: İstədikləri güc və ya iqtidar deyil; atalarını anlamaq dərdidir. Bu məntiqdən kənar; instinkt və reaksiyalarla əlaqəlidir. Adaya edilən səfərdə bu gün üzünə çıxır: Gündəliyə atayla bağlı yazılan və tamaşaçıdan gizlədilən anlayışdan bəhs edirəm. Atanı gözü sulu halda, əlində bıçağı necə tutmalı olduğunu bilməyərək, titrək- titrək ölümlə təhdid etməkdən danışıram.
On iki illik ata xəyallarının “suya düşməsi” halından. Vəziyyət belə olduğu vaxt, filmin sonuna tərəf, Zvyaqintsev bütün gedişatı dəyişdirərək, hər üç obrazının maskasını cırır. Bütün rollar yer dəyişdirir. Ata sərt və səlim avtoritardan, uşağını xilas etməyə çalışan insana çevrilir. Bir daha bir inanan bahasına belə olsa çarmıxa çəkilməyə razılıq verir. Qüllədən cəsarət və qorxaqlıqla yerə düşərək, ölür. Bu ölüm isə filmin ən vacib məqamıdır: Çünki Andrey bu ölümlə atasına dönür. İvan inqilabçıdan, Andreyə. Ata ölərək oğullarını, oğullar isə atalarını başa düşürlər. Bəzi hallarda bir birimizi başa düşmək üçün ən vacib hesab etdiyimiz nələrinsə mütləq olmamağı kimi.
Bütün məsumluqlar artıq səhnədədir. Atalar, əsasən də İvanın finalın son səhnəsindəki qışqırığı və onun sulara qərq olan cəsədinə tərəf qaçışmasıyla bağışlanır. Atayla bağlı digər bilinməyən detallar yaddan çıxardılır. Bir gecənin içində böyüyən İvan və Andreyə qalan isə sadəcə yol boyu çəkilən şəkillərdir.
Bunu isə mütləq ifadə etməliyəm: Çəkilişlərin yekunlaşmasından bir neçə ay sonra, Andrey obrazını canlandıran, Vladimir Garin – cəsarətlə tullandığı – həmin gölün içində boğularaq ölür.
Uşaqlıq illərimizlə birlikdə.