Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

Kim Ki Duk2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.

“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…

Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.

Yeni film barədə
Növbəti günlərdə “İnsan, məkan, zaman və yenə insan” adlı yeni filmim nümayiş olunacaq. Adı oxşardır, ancaq tamamilə fərqli ssenarisi var. Mənə elə gəlir əksər tamaşaçılar bu filmə 10 dəqiqədən artıq baxa bilməyəcəklər! Ancaq istərdim ki, siz səbirli olasız və filmi sona qədər izləyəsiz. Axı biz, həyat çətin, dolaşıq olduğu üçün, ömrümüzün 10 ilindən sonra ondan əl çəkmirik, elə deyil? Bu filmi çəkdiyim ərəfədə, sürəkli olaraq tarixdə baş verən müharibələr haqqında düşünürdüm: İkinci Dünya Müharibəsi, Vyetnam, Koreya müharibələri… Hamısı ağlımdaydı.

Bu suala cavab tapmaq istəyirdim: İnsanlıq nədir? Özümə sual edirdim: əgər müharibələr dövr edirsə və təkrarlanırsa, bəs insanlıq nə üçün yaşamağa davam edir? Çox qəddar filmdi, tamaşa etmək çətindi, ancaq ortaya gözəl film çıxarmaq istəyirdim və buna çalışdım.

Gözəllik haqqında
Biz zibili tullayanda heç ağlımıza da gəlmir ki, onun içinə düşən toxumdan günlərin bir günündə çiçək yarana bilər. Mənim üçün gözəllik buna bənzər prosesdir. Gözəllik özlüyündə mövcud deyil, onu, insana xas olan istənilən davranış və düşüncələrdə tapmaq olar, hətta ən qəddarlarında belə. Başqa cür desək, qara rəng nə qədər qapqara olsa, ağ rəng bir o qədər bəmbəyaz olacaq.

Ssenarilər barədə
Mənim kinematoqrafa qarşı sevgim ssenarilər yazmaqla başladı. Bu prosesin çətinliyi barədə danışmaq elə də vacib deyil, ancaq deyə bilərəm ki, filmin ərsəyə gəlməsinə həsr olunan enerjinin 80%-i məhz ssenariyə sərf olunur. Şəxsən mənim üçün ən əsas mərhələ, hekayənin sonrakı gedişatına təkan verəcək əsas ideyanı düşünüb tapmaqdır. İdeya tapmaq üçün sadəcə oturmaq, içmək, çəkmək və fantaziya qurmaq bəs deyil, ssenari belə yaranmır! Mənə görə ssenari qəfil aldığımız məktuba bənzəyir, bu, sənin qapının qəfil döyülməsidir. Mənimçün ssenarinin redaktə mərhələsindən neçə dəfə keçəcəyi və bu işə nə qədər zaman sərf olunacağı önəmli deyil, həmin ssenarinin yeni tapıntı, kəşf olması önəmlidir.



Milli kinematoqraf haqqında
Mənim üçün kinematoqrafda milli sərhədlər və dövlət sərhədləri mövcüd deyil. Əgər ayrıca götürülmüş hansısa ölkənin filmlərində çox məxsusi çalarlar olsaydı, siz yəqin ki, indi burada olmazdınız. Bir filmin yapon, koreya, qazax yaxud rus filmi olduğu fərq etmir, kino bizim qəlbimizin səsidir.

Film qəhrəmanlarının susqunluğa barədə
Özümü çox bəxtigətirmiş rejissor hesab edirəm və digər rejissorlardan ən çox, demək olar dialoqsuz filmlər çəkməyimlə fərqlənirəm. Bu davranışımın səbəbləri barədə düşünmüşəm. Məsələ burasındadır ki, karyeramın əvvəllərində kinonu öyrənərkən, həmin filmlərin dilini başa düşmürdüm (mən indi də ingiliscə danışmağı bacarmıram) və təkcə görüntülərə, mənzərələrə tamaşa edirdim. Həmin məqamda, hərəkətlərimizin, davranışlarımızın sözlərimizdən daha ifadəli, aydın, aşkar olduğunu dərk edirdim. Əlbəttə ki, bütün filmləri bu formada çəkmək maraqsız alınar. Buna görə də 2010-cu ildən bəri mənim filmlərində də dialoqlar peyda olmağa başladı.

Depressiyanı yenmək haqqında
“Ariran” adlı nəğmə var. Bu nəğmədə koreya insanının bütün qəm-qüssəsi ifadə olunub: doğuluşdan gələn kədər, dünyada yaşamağın hüznü, taleyin bəxş etdiyi qüssə. Həyat mənə ağır gələndə bu nəğməni oxuyuram.

Kinoda musiqi barədə
Hər filmdə musiqinin olması vacib deyil. Musiqi, filmdə nəsə çatışmayanda lazım olur. Ki, görüntüləri süsləyib zinətləndirsin. Axı sükutun özü də bir musiqidir!



Aktyorlarla çalışmaq barədə
Kastinq keçirərkən aktyorun ssenarini nə dərəcədə anladığını qiymətləndirirəm. Onun obrazı yaxşı oynamasından ziyadə, yaxşı hiss etməyi mənim üçün önəmlidir. Əlbəttə ki, iş prosesində təkliflərimi irəli sürür, vəziyyətə nəzarət edirəm. Çəkilişlər zamanı aktyorları dəyişməməyə və roluna uyğunlaşmaqda çətinlik çəkənlərə kömək etməyə çalışıram. Aktyor işinin öhdəsindən yetərincə gəldikdə, mən sadəcə kənarda oturub susuram.

Büdcə haqqında
Əgər əlinizdəki büdcə kiçikdisə, onda siz qısa müddət ərzində bütün ehtiyatlarınızı, qüvvənizi 100 % işə yönləndirərək çalışmağı bacarmalı və eyni zamanda rejissor, operator, montajor və yeri gəlsə aktyor olmağı bacarmalısız. Belə gərgin iş nəticəsində yaxşı film ərsəyə gətirməyiniz və diqqət cəlb etməyiniz mümkün olacaq.

bilge.az
Top