İşdə məhəbbət macərası

İşdə məhəbbət macərası

Служебный романEldar Ryazanovun filmi bu gün də insanlarda əvəzolunmaz hisslər oyadır 1971-ci ildə Eldar Ryazanov öz tərəf-müqabili Emil Braqanski ilə birgə dilogiyanın birinci hissəsi kimi «Əməkdaşlar» pyesini yaratdı. Pyesin ikinci hissəsi isə «Qohumlar» adlanırdı. Həmin ildə pyes Maykovski adına Moskva Teatrında, Leninqrad Komediya Teatrında və əyalət teatrlarında səhnəyə qoyuldu. «Əməkdaşlar» hər yerdə müvəffəqiyyət qazanırdı. Ona görə də Eldar Ryazanov həmin pyes əsasında film çəkməyə qərar verdi. Amma özünün fikrinə görə, film o qədər də maraqlı alınmamışdı... 

Filmin premyerası 1977-ci ilin 26 oktyabrında Moskvada baş tutdu. «İşdə məhəbbət macərası» həmin dəqiqədən populyarlaşdı və 1979-cu ildə RSFSR-in Dövlət mükafatına layiq görüldü. İlk aylarda filmə demək olar ki, bütün məmləkət – 58 milyon insan baxmış, personajların sitatlarını qanadlı frazalara çevirmişdilər.

Filmin süjeti, 40 yaşında yenidən Rusiya mətbuatında yer alıb. Film haqqında yenidən yazılar çap olunur. Ekran əsərinin hələ daha böyük yubileyləri qeyd edəcəyini ruslar fəxrlə deyirlər.

Filmin pərdəarxası
Filmdə səslənən «Təbiətin pis havası yoxdur» mahnısının sözləri Ryazanov tərəfindən yazılmışdı. Rejissorun sözlərinə görə, mahnını yazmaqdan ötrü bir çox şairlərin şeirlərini yığmış, amma nəticə əldə edə bilməmişdi. Filmin bəstəkarlarını utandırmamaqdan ötrü həmin işi onlara ingilis şairi Uilyam Bleykin adından təqdim etmişdi. Bir ildən sonra mahnı «Mahnı-78»in laureatına çevrildi. 



«Mımra» obrazının yaradıcısını tapmaqdan ötrü «Mosfilm»in bütün «künclərini» axtarmalı olublar. Filmin operatoru Vladimir Naxalsev «Mımra» obrazı üçün babasının köhnə eynəklərini gətiribmiş.

Veroçkanın həyat yoldaşının telefondakı səsi Oleq Basilaşviliyə məxsusdur. 

Kaluqinanın kabinetindəki saat həmişə 9.30-u göstərir. Yəqin ki, saat sadəcə işləmir. 

«İşdə məhəbbət macərası»nın qəhrəmanlarının işlədiyi Statistika İdarəsi italyan stilində tikilən Xomyakovun gəlirli, Moskvanın nadir binalarındandır. Kuznetski körpüsü, 3/6-da yerləşən binada inqilaba qədər «Volkova oğullarının bankı» yerləşirmiş. İvanov-Şistin arxitekturası əsasında tikilən binanı sonradan Dövlət Duması genişləndirərək, ərazini Kuznetski körpüsünə qədər çatdırıb. 

Filmin təsiredici məqamlarından biri: Lyudmila Kalugina kabinetdən binanın damına çıxaraq ağlayır və Novoselsevə özünün iztirablı qadın taleyindən danışır. Bu məqamları çəkmək üçün çəkiliş qrupu 1912-13-cü illərdə tikilən başqa bir binanın – Nirnzee evinin damına çıxıblar. O zaman üçün «başı buludlara dəyən» o binanın damında restoran, şəkil qalereyası, özəl bir kinofirmanın çəkiliş pavilyonu yerləşirdi.
Binanın damına qalxmaq üçün 20 qəpik ödəmək lazım gəlirdi. Axşam saat 9-da damda orkestr çalmağa başlayırdı. «Subayların evi» adlanan binanın mətbəxsiz kiçik mənzillərində tənha dövlət qulluqçuları yaşayırdı. İnqilabdan sonra onu milliləşdirmişdilər. Orada SSRİ prokuroru, SSRİ daxili işlər naziri Andrey Vişinski yaşayırdı. O, 8-ci mərtəbənin iki otağında yerləşmişdi və özünün xüsusi liftindən istifadə edirdi. 



Yoldaş Samoxvalov (Oleq Basilaşvili) Qorki küşəsində (indiki Tverski) yaşayırdı. Həmin küçədə mədəniyyət naziri Furtseva, məşhur hərbçilər, akademiklər yaşayırdılar. Kaluginanın mənzili də mərkəzdə — Gertsen küçəsi 43-də (indiki B.Nikitskaya) yerləşirdi. O cür hündürmərtəbəli evlər 1973-cü ildə yalnız rəhbər şəxslərə, görkəmli elm və incəsənət adamlarına verilirdi. Hazırda həmin binada o vaxtdan çox şey dəyişib. Həmin ərazini yeni binalar əvəzləyib. 

«İşdə məhəbbət macərası» filmində sadəcə personajlar danışmır, həm də onların soyadları, geyimləri və otaqları tamaşaçıya nəsə söyləyir. Samoxvalovun evində hər şey tələbə uyğun olmalıdır. O, hər şeydə birinci və eyni zamanda ciddi olmaq istəyir. 

Filmin personajlarını mərkəz boyu «səpələyiblər». Müdiriyyət – Kalugina və Samoxvalov mərkəzdə yaşayırlar. Novoselsev və Veroçka işə rayonlardan – Novoslobodskaya və Çertanovadan metro ilə işə gəlirlər. Rıjova hər gün elektrik qatarı vasitəsilə Moskva ətrafı rayondan işə tələsir.

Filmin ilk montajı 4 saat 40 dəqiqə uzanmışdı. Ancaq film iki seriyalı olmalı idi deyə, Ryazanov bəzi epizod və səhnələri qurban vermək məcburiyyətində idi. Ona görə də onlardan bir çoxu saxlanmayıb. Nəyi saxlamaq mümkün olubsa, fotolarda yer alıb. Kəsilən ən məşhur səhnələrdən biri çox məsuliyyətli həmkarlar işçisinin öldüyünü söyləyən yoldaş Bublikovun qəfildən peyda olması səhnəsi idi. Bublikov işə gələndə özünün matəm portretini və əklilini görür. Daha sonra demək olar ki, bu, bitməmiş epizoddur. Bunu artıq son baxış zamanı kəsiblər. Bu yəqin saxlanan yeganə kəsilmiş epizoddur.
Deyirlər ki, dubllardan birinin çəkilişi zamanı Ryazanov qəfildən çəkilişi saxlayıb və İvanova tərəf sakitcə deyib: «O sizə yaxınlaşan kimi, var gücünüzlə: «Ura, yaşasın salamat olan yoldaş Bublikov» qışqırın. Onun reaksiyasının arxasınca baxarıq”. İvanov qışqıranda, özünü itirən Pyotor Şerbakov dörd bir tərəfə baxıb: «Hər şeyə görə sağ olun, əziz yoldaşlar» — deyir. İvanov hətta onun boynuna atılaraq onu öpməyə başlayıb. 



Digər bir fraqment: Katibə Veroçka daima telefonla öz münasibətlərini aydınlaşdırır. Bütün ssenari boyu o, ailə problemləri ilə məşğul olur. Akedjakova bu rola sınaqsız təsdiq olunub. Filmdə onun öz münasibətini araşdırdığı əri tamamilə realdır. Həmin rola əvvəlcə Mixail Svitini təsdiq edirlər. O hətta bir neçə epizodda çəkilib. Sonra Ryazanov heç bir səbəb söyləmədən onu Aleksandr Fotyuşinlə əvəzləyib. Epizodların birində müxtəlif güllü çətirlərlə qadınlar müəssisənin qapısından çıxanda, Fotyuşin öz motosikli ilə Veranın arxasınca gəlir. Onun başında «dəbilqə” var idi. Vera öz rəfiqəsi Alyona ilə danışdığından, o, səbirlə gözləyir, nəhayət, öz „dəbilqə”sini Veranın başına qoyur. Həmin vaxtı yoldan keçən maşın tamamilə soyuq suyu aktrisanın üstünə çiləyir. Deyirlər ki, Veranın rəfiqəsi Alyonanın da rolu kifayət qədər böyük imiş. Amma nəticədə, birinci seriyanın sonunda eşqə düşən Rıjovanın dəhşətli sirrini biləndən sonra o, üzə çıxır.

Artistlər 40 il sonra
Əfsanəvi sovet komediyasının 2017-ci ildə 40 yaşı tamam oldu. «İşdə məhəbbət macərası» filmi Eldar Ryazanovun yaradıcılığında xüsusi yer tutur. Film əvvəlki kimi milyonları ekran qarşısında əyləşməyə məcbur edir. 

Müdir Kaluqinanın — «Mımra»nın və zamanın əzdiyi statistika işçisi Anatoli Novoselsevin məhəbbət hekayəsini gözəl sovet artistləri oynayıblar. Filmdə əsas rolu sovet və Rusiya aktrisası Alisa Freyndlix oynayırdı. Bu komediya filmində o, tamaşaçıların qarşısına öz sevimli statistika idarəsinin ciddi və çox da gözəl olmayan rəhbəri kimi çıxdı. Lyudmila Prokofyevna Kaluqina – qeyri-müəyyən yaşlı, kobud çərçivəli köhnə eynəyini gözünə taxaraq, «cırılmış ayaqqabı» kimi bütün iş gününü işdə keçirir. Bu obrazı həyata keçirmək üçün Freyndlix həqiqətən də özünün tanınmaz halda eybəcərləşdirilməsinə razılaşaraq qəhrəmanlıq etdi. Və bu onda çox gözəl alındı. Məhz bu rola görə o, «İlin ən yaxşı aktrisası» adını aldı. 

«İşdə məhəbbət macərası» filmindən sonra Alisa Freyndlix öz aktrisalıq karyerasını davam etdirdi. O, sovet kinematoqrafiyasında «Qızıl fond»a daxil olan onlarla filmə çəkildi və Böyük Teatrın aparıcı aktrisalarından biri oldu. 
Alisa Freyndlix

Andrey Myaqkov — «İşdə məhəbbət macərası» filmində sakit, orta dövlət qulluqçusu, tipik məğlub olan, arvadı tərəfindən atılmış iki uşaq atası Anatoli Efromoviç Novoselsev obrazını canlandırırdı. Novoselsev işdə vəzifəsinin bir az yüksəlməsi üçün çox da cəlbedici olmayan rəhbərinə qayğıkeşlik göstərmək istədi. Lakin gözlənilmədən o, rəhbərinə vuruldu və bunun üçün «qorxmaz cəngavər»ə döndü. Bu filmdən sonra o, SSRİ-nin Dövlət mükafatı ilə təltif olundu. 

90-cı illərin əvvəllərində aktyor Andrey Myaqkov doğma Çexov adına MXT-də rejissorluqla da məşğul olmağa başlayır. Bu gün də tamaşaçıların rəğbətini qazanan çoxlu tamaşalar səhnələşdirib. A.Myaqkov demək olar ki, heç bir filmdə çəkilmir. Çünki onun üçün artıq simasını itirən müasir kinematoqrafiyanı başa düşmür.
Andrey Myaqkov

Aktyor Oleq Basilaşvili «İşdə məhəbbət macərası»nda Novoselsevin tələbə yoldaşı olan və məftunediciliyi, zərifliyi, utanmaz hesablayıcı obrazı olan Yuri Samoxvalovu oynayır. Hər zaman xarici səfərlərdə olan, uğurlu karyerist kimi o, statistika idarəsində peyda olur. Samoxvalov idarəyə gəldikdən sonra müdir köməkçisi vəzifəsinə təyin edilir. Hazırda onun 83 yaşı var və yeri gəldikcə filmlərə çəkilir, tamaşalarda oynayır.
Oleq Basilaşvili

Svetlana Nemolyaevna üçün bədbəxt qadın Rıjova rolu ona gələcək karyerasında dəstək oldu. O, Olqa Petrovna Rıjova – Yuriy Samoxvalovun eks-sevgilisi rolunu nöqsansız oynadı. S.Nemolyaevna hazırda da kinolara çəkilir, tamaşalarda oynayır. Aktrisa bu yaxınlarda 80 yaşını qeyd etdi. Ölkə rəhbəri Vladimir Putin də aktrisanı təbrik etdi.
Svetlana Nemolyaevna

Aktrisa Liya Axedjakova «İşdə məhəbbət macərası»ında hər kəsdən və hər şeydən xəbərdar, iddialı katibə Veroçka rolunu oynayıb. Film boyu o, telefon vasitəsilə əri ilə olan münasibətlərini çözməyə çalışırdı. Amma bu ona öz vəzifəsini yerinə yetirməyə mane olmurdu. Veroçka dəbi çox gözəl anlayırdı və hətta bunu hərdən öz direktoru ilə müzakirə etməkdən də çəkinmirdi. «İşdə məhəbbət macərası»ndan sonra Liya Axedjakova tamaşaçıları tərəfindən məhəbbətlə qarşılanır, indi də kinolara çəkilir və teatr tamaşalarında oynayır. 
Liya Axedjakova

Filmdə Şuroçka rolunu oynayan Lyudmila İvanovna tamaşaçıların yaddaşında bütün kollektivin fikrini bilən «buxalteriya qadını» kimi qalıb. Karyerası ərzində L.İvanovna yüzlərlə kinoya çəkilib, teatr səhnələrində oynayıb. Aktrisa 2016-cı ildə 84 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn olunub.
Lyudmila İvanovna

“İşdə məhəbbət macərası” Eldar Ryazanovun aktyorlarını nəinki məşhurlaşdırıb, hətta onlara yaradıcılıqlarında yeni qapılar açıb. Filmin sağ qalan aktyorları dünyadan köçən artistləri kimi „biz Ryazanova çox borcluyuq” deyirlər. Onların hər biri Rusiya kinosunun maraqlı simaları kimi tanınıb və sevilib. 

“İşdə məhəbbət macərası” Rusiya ekranlarında, xüsusən bayram günlərində efirə çıxmaq statusunu heç bir ekran əsərinə güzəşt getmir. Bu gün də təkcə rus tamaşaçıları deyil, ümumiyyətlə milyonlarla kinosevərlər „İşdə məhəbbət macərası”nı səbirsizliklə gözləyir və hər dəfə yeni hisslərlə izləyirlər. Bu hisslər 40 ildir ki dəyişmir...

Filmin ən çox diqqət çəkən məqamı süjet boyu baş verən xəyanət, inciklik, sözbazlıq, başqasının ayağının altını qazmaq və s. olsa da, sonda məhəbbət qalib gəlir və böyük sevgi bütün mənfiliklərə nöqtə qoyur. Bu, Eldar Ryazanovun «İşdə məhəbbət macərası» idi. Rejissor özü həyatda olmasa da, insanlara gözəl sevgi hissləri yadigar qoyub…



kaspi.az
Top