Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır

Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır

Valideynləri onun böyük qardaşları üçün hər şey edirdilər, amma balaca Mariya Luizanın işi öz qardaşları üçün geyim daşımaqdan, arxalarınca yığışdırmaqdan ibarət idi. O, Siciliyada anadan olmuşdu. Orda isə qadın olmaq kişilərə tabe olmaq deməkdir. Mariya böyük çəkmələri ilə palçığın içində gəzir, yerlə sürünən uzun, qara şalvarını hər zaman əli ilə tutmaq məcburiyyətində qalaraq özünü çox murdar hiss edər, çox vaxt evlərinin pilləkənində gizli-gizli ağlayardı.

On dörd yaşında and içərək özünə söz verdi ki, mütləq aktrisa olacaq və heç vaxt ailə qurmayacaq. Tezliklə qardaşları Amerikaya, pul dalınca yollandı. Mariya isə Romaya – arzularının ardınca getdi. Dram akademiyasına zəif səs imkanlarını bəhanə gətirərək, onu qəbul etmədilər. Səhəri gün Mariya həkimin qəbulunda oldu və yalvararaq ondan səsində heç bir problem olmadığına dair arayış almağı bacardı. Həkim bu qeyri-adi gözəllik qarşısında valeh olmuşdu. Bir il sonra artıq Mariya akademiyada təhsil alırdı. Özünə Monika Vitti adı seçərək yeni həyatına addım atdı.

Yeni həyatı əziyyətli başladı. Monika şirniyyat sevən idi. Amma imkanın zəif olması onu sıxırdı. Gündə cəmi bir dəfə yeyirdi. Əksər halda bu, böyük pendir və soğanlı buterbrod olurdu (Sonralar soğanın zəhlətökən iyi onu həyatı boyu kabus kimi rahat buraxmayacaqdı). Tələbə yoldaşı olan qızlar məşhur aktyor, maliyyə işçiləri və yazıçılarla eşq yaşayırdı. Hətta Ramoni adlı bir həmyaşıdı Heminqueyin sevgilisi idi. Heminquey onu Parisə həftəsonunu birgə keçirməyə dəvət etmişdi. Senyorita Ramoni isə bu unudulmaz həftəsonundan qayıdandan sonra yaşadığı eşq hekayələrini ağzı qulaqlarının dibində saatlarla rəfiqələrinə danışardı. Monika belə söhbətləri dinləməz, maraqlanmazdı. Onun həyatında hələ də heç kim yox idi. O zamanların tələbatı olan gözəllik – incə bel, böyük sinəsi olan şatenkalar idi. Monika isə hündür, sarışın, arıq və kədərli gözləri olan qızcığaz idi, seks simvolu olmaq onluq deyildi. Gecələr “Goldoni” teatrında rol alar, gündüzlər hansısa bir filmə düşməyə çalışardı. Tanıdığı agentlər isə malik olduğu parametrləri ilə bunun mümkünsüz olduğunu israrla ona inandırmağa çalışırdılar. Nəhayət, bir rejissor ona öz filmində rol verməyə razı oldu, amma bir şərtlə ki, Monika burnuna plastik əməliyyatla forma dəyişikliyi etməlidir.



1957-ci ildə Monikaya “Il grido” filmində ingilis aktrisası Dorian Qreyi səsləndirmək təklifi gəldi. Filmin rejissoru isə Mikelancelo Antonioni idi. Monika bu rejissor haqqında iki şey bilirdi: özündənrazı və dəhşətli dərəcədə tərs biridir.

Mikelancelo ilə tanışlıq montaj otağında baş verdi. Fasilə olduğundan çəkiliş heyəti otaqda yox idi. Monika tək ssenarini oxuyub təkrarlayırdı. Antonioninin otağa gəlməsi onu bir qədər həyəcanlandırdı. Hər ikisi bir qədər susandan sonra Mikelancelo dedi: “Astadan, xırıltılı və bir qədər utancaq danışmağınızı bəyəndim”. Monika rejissorun komplimenti qarşısında utandı, təşəkkür etdi və cəsarətini yığıb, Antonionini “Goldoni” teatrında oynadığı tamaşalardan birinə dəvət etdi. Rejissor gülümsədi və dedi: “Mən artıq sizi orada izləmişəm və bilirsiniz, sizin simanız… Mən uzun illərdir, sizin kimi birini axtarmışam”. Monika belə gözlənilməz etiraf qarşısında gülümsədi və sonralar hər zaman Antonioninin yanında səbəbsiz gülümsəmək istəməsinin də səbəbini düşünmədi…

Dostları və onu sevən qadınlar ona qısaca Mikele deyirdilər. O, günəşli Ferrara şəhərində, gözəl, bir o qədər də qəribə ailədə dünyaya gəlmişdi. Uşaq vaxtı fabrikdə işləyirdi və sevimli məşğuliyyəti ailəsinin ona inandırmağa çalışdığı İsveç krallığına qədər gedən qohumluq əlaqələri haqqındakı nağılı ələ salmaq idi. Hətta ailənin ən imkansız vaxtarında belə hər bazar süfrədə ət olardı. Sanki qəfildən krallıqdan kiminsə gələcəyinə ümidləri var idi. Gənc ikən Mikele bir çox adlı-sanlı aristokrat ailələrin sevimli qonağı idi. Onun alicənablığı və skripkada ifa etməsi çox sevilirdi. Ferrara şəhəri Mikeleyə eleqantlıq aşılamışdı. Onun kostyumları və köynəkləri haqqında az qala əfsanəyə çevrilən söhbətlər dolaşardı. Hündür, saçları erkən seyrəlmiş Mikeleyə aşiq olan qadınların sayı-hesabı yox idi.

Həm Antonioni, həm də Vitti ciddi katolik ailəsinin övladları idi. Mikeledən fərqli olaraq, Monika bədxərclik, eyş-işrət və sevgili dəyişməkdən uzaq biri idi. Qızcığaz böyük təcrübəsi olan bu özündənrazı qarşısında axmaq və soyuq görünməkdən çox qorxurdu. Və bütün bunlar o zaman baş verirdi ki, Romada qadınlar kişiləri paltar kimi dəyişirdi… Monikanın tanışı olan qızlar çantalarında həmişə əlavə diş fırçası gəzdirərdilər ki, bəlkə gecəni kiminsə evində keçirdilər. Monika onların cəsarətinə heyran idi. Amma çantasına diş fırçası qoymağı heç cür bacarmadı. Mikele ilə tanışlıq son hədd idi. Artıq qarderobunda kifayət qədər cəsarətli paltarlar peyda olmuşdu. Monika rejissorun diqqətini çəkmək üçün hər şeyə hazır idi… Bunu aktrisa kimi bacarmışdı. Bəs qadın kimi necə, bacaracaqdımı?* Bir neçə gecəni Mikele və onun dostlarının kampaniyasında keçirmək hər zaman eyni cür başa çatardı. Ehtiram və hörmətlə sağollaşıb, xeyirli gecələr arzulamaqla.



May ay idi… Romanın, demək olar, hər bir tinində sevgililərin pıçıltıları və gülüşləri eşidilərdi. Səsyazma studiyaları isə olduqca havasız idi. Bir dəfə hətta istidən Monikanın ürəyi xarab oldu. Özünə gələndə Mikelenin qucağında idi. Aktrisanın başı yenə gicəllənirdi. Bu dəfə istidən deyil, Antonioni mehribanlıqla ondan yayı harada keçirəcəyini soruşurdu: “İstəyirəm, yayı mənimlə bərabər Siciliya yaxınlığındakı adaların birində keçirəsən. İmtina edə bilməzsən. Çünki bu, təklif deyil, istəkdir”. Təbii ki, Monika imtina edə bilməzdi…

Monika Vitti və Mikelancelo Antonioni adanın ən bahalı otelində, dövrün ən məşhur şəxsiyyətlərinin əhatəsində. Adlı-sanlı vəkillər, bank sahibkarları, idmançılar, soyadları hər kəsə məlum olan aristokratlar və s… Mikele vals oynayır və ağılları başdan alır. Məclisdə, demək olar, elə bir qadın olmaz ki, ona heyranlığını gizlədə bilsin. Möhtəşəm ikinəfərlik otaq nömrəsi, hər səhər otağa şampan və gül sifarişi. Vitti daha nə arzu edə bilərdi ki? O, özünü dəyərli və sevilən hiss edirdi. Tək bir şey istəyirdi: bu şirin yuxu bitməsin. Mikele Romaya qayıtmalı idi. İşlər onu tələsdirirdi. Monika, heç olmasa, üç gün daha qalması üçün yalvarırdı. Rejissorun tərsliyi isə idarəolunmaz idi. Həmin gün ilk dəfə Vitti öz narazılığını gizlətmədi. Mikele-yə qışqırıb, otaqdan qaçdı. Axşama qədər sahildə oturdu. Otelə qayıdanda rejissorun onu qapı ağzında gözlədiyini gördü. Qaçaraq Mikelenin boynuna sarılan aktrisa etdiyi axmaq, uşaq hərəkətinə görə üzr istədi. Antonioni sakit səslə dedi: “Biz elə bu haqda film çəkirik”.

Bir həftə sonra Romaya qayıdan Vitti çox dəyişmişdi. Mikele onun üçün həm sevgili, həm dost, həm ata, həm də rejissor idi. Antonioni sanki onu “puzzle” kimi hissələrdən yığırdı. Ona yeriş, duruş, oturuş, danışıq, şampan bokalını əldə tutmağı öyrədirdi. Vitti onun hər hərəkətini əzbərləməyi sevirdi… Necə qalstuk taxması, necə köynək düymələməsi, ofisianta çay pulu verməsi… Mikelenin yanında özünü balaca qızcığaz kimi hiss edirdi, sanki bu balaca qızcığaza böyük bir farfor oyuncaq verilmişdi. Antonioni isə özünü tanrı kimi hiss edirdi. Eyni zamanda həm qadın, həm aktrisa yaradan tanrı.

Əvvəlcə Antonioni Monika üçün “Gizli skandal” adlanan kiçik teatr pyesi yazdı. Birgə monoloqu əzbərlədilər. Sonra isə Trevi fontanı yaxınlığındakı kafedə dondurma yedilər. Badamlı, südlü, çiyələkli dondurmalar… Monika onları yeməkdən doymazdı. Bir gecə Mikele Vittiyə dedi ki, onun siması kişi qatilini xatırladır. Geniş, anlaşılmaz cizgilər və dərin yaşıl gözlər – sehrli, çəkici. İllər öncə, daha dəqiq, 1950-ci ildə Antonioni bir dəfə səhv etmişdi. Sevgilisi olan “Miss Italia” Lucia Bose-yə öz “Cronaca di un amore” (“Bir sevgi xronikası”) filmində baş rol vermişdi. Lusiya aktrisa kimi çox uğursuz olmuşdu. Nəticədə film alınmamışdı. O zaman Mikele özünə söz vermişdi ki, bir daha filmində gözəl qadın çəkməyəcək. İndi isə tək istəyi Monika ilə film çəkmək idi…

“L’avventura”-nı (“Macəra”) İtaliyanın cənubunda çəkirdilər. Çəkilişlər Monika üçün ilk böyük təcrübə idi. O, Antonionini tanıya bilmirdi. Hər zaman mülayim və diqqətcil olan Mikele çəkiliş meydanında çox soyuq görünürdü. Hər şey onun diqtəsi altında idi. Antonioni çəkiliş meydançasında siqaret çəkməyi, bərkdən danışmağı və ağır ayaqqabı geyməyi (texniki avadanlığı tapdalayaraq zərər gətirməsinlər deyə) qadağan etmişdi. Heç bir artıq hərəkət, söz olmamalı idi. Çəkilişin ilk günü Monika ondan rolu haqqında soruşdu. Cavabında isə Mikele dedi: “Yadında saxla, mən heç vaxt heç bir aktyor, aktrisaya rollarının psixologiyası haqqında heç nə demirəm. Öz fantaziyana güvən. Təbii ki, o səndə varsa”. Monika bu təhqiredici eyhamı uddu. Vitti artıq əmin idi ki, Mikele ilə mübahisə etmək olmaz. Çünki birinci növbədə onun üçün hər zaman işi olacaq. Səbrini basan aktrisa rejissorun despot xarakterinə tab gətirdi. Nəticədə Antonioninin məhz bu filmi sayəsində Monika Vitti bir göz qırpımında dünyaca məşhur ulduza çevrildi. On bir ildə Antonioni, Vitti ilə bərabər dörd film çəkdi. Hər bir film intellektual kütlə və tənqidçilər tərəfindən yüksək qiymətləndirildi.



“L’eclisse” (“Tutulma”) filmində Vittinin tərəf müqabili yaraşıqlı fransız Alain Delon idi. Özündənrazı aktyor Vitti ilə sevgi macərası yaşamaq istədiyini, demək olar, gizlətmirdi. Monika isə onun baxışları qarşısında əriyəcək qadınlardan deyildi. Mikelancelo! – Vitti ona sadiqliyini inadla qoruyurdu. Amma Mikele bu sədaqətə önəm verən biri deyildi. Münasibətlərinin soyuması onları ayırdı. Vitti üçün bu, arzuolunmaz idi. Çünki rejissorun qəlbinə yol tapmaq üçün fürsət yaranmışdı. Mikele fransızca çox gözəl danışır və Parisdə tez-tez olurdu. Lion vağzalında görünən kimi, onu dövrəyə alıb, sorğu-suala tutardılar. Kimisi onu şam yeməyinə, kimisi hansısa tədbirə, kimisi festivalın açılışına dəvət edərdi. Mikele hər yerdə sevilirdi. Şəninə verilən qonaqlıqlar gecə saatlarına qədər sürərdi. Rejissor ona dikilmiş baxışların mənasını anlamağa heç vaxt çətinlik çəkmirdi. Bu dəfə də yanılmamışdı. Yaxın masaların birində şaten bir gözəl baxışlarını ondan çəkmirdi.

Mikele onu tanımışdı. Nə vaxtsa rastlaşmışdılar. Adətən belə qonaqlıqlardan sonra Mikele, Monika ilə birgə otel nömrələrinə qalxardılar. Bu dəfə isə Monika başağrısı səbəbilə rejissordan əvvəl nömrəyə qalxmışdı. Aspirin ağrısını götürsə də, yuxu gətirməmişdi. Yerində uzanıb Mikelenin ayaq səslərini gözləmək heç bu qədər uzun və əzablı olmamışdı. Səhər saat 9 idi. Antonioni heç nə olmamış kimi nömrəyə gəldi. Heç bir açıqlama vermədən taksi sifarişi etdi. Vitti hamam otağında özünü ələ almağa çalışsa da, mümkün deyildi. Göz yaşlarına heç cür əngəl ola bilmirdi. Mikelenin özündən isə bir şey soruşmağa ürək eləmirdi. Çünki əlində əsaslı bir səbəb yox idi. Ürəyinin dərinliyində Mikelenin ona xəyanət etdiyini əla bilirdi. Həm də axı bir neçə gün əvvəl özü Antonioniyə demişdi ki, onlar bərabər olsalar da, hər ikisinin öz həyatı var və hər biri bu istəyə görə sərbəst şəkildə hərəkət edə bilər. O zaman Mikele təəccüblə soruşmuşdu ki, yəni doğrudan Monika belə düşünür? Monika isə başı ilə təsdiq etmişdi… Mikele onun alnından öpüb demişdi ki, sən nadir qadınlardansan.

Nəhayət, Monika özünü ələ ala bildi. Özünü inandırmağı bacardı ki, bu, qaçılmaz idi, gec-tez baş verəcəkdi. Nə qədər axmaq olasan ki, bunu görməyəsən: o hər zaman özünəməxsus olacaq – öz ideyalarına, qərarlarına, əyləncəsinə. Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır… Bir neçə saat sonra isə artıq “Kupol” kafesində “Mond” qəzetinə müsahibə verirdi.

Antonioninin yeni filmində Vitti əsəbin son həddinə çatmış bir qadını canlandırırdı. Filmdə insan psixologiyası üzərində eksperimentlər Mikeleyə hər zaman maraqlı idi. Bunda özünü kifayət qədər uğurlu göstərirdi. Hətta ABŞ-da keçirilən Beynəlxalq Psixoloqlar Təşkilatının konqresində ona dərəcə də vermişdilər. Yəqin ki, bu maraq rejissora illər öncə əqli zəiflərin müalicə olunduğu məkandan qalmışdı. Rejissor burada həvəskar film də çəkmişdi. Gördüyü səhnələr onu uzunmüddət öz təsirində saxlamışdı. Mikele, Monikanın istənilən rolun öhdəsindən gələ biləcəyinə əmin idi. Monika, Mikelenin növbəti filminə görə əqli məhdudiyyətli insanların müalicə mərkəzində bir neçə gün keçirməyə razı oldu. “Il deserto rosso” (“Qırmızı səhra”) filmindən sonra Vittiyə məşhur bir psixoloq zəng etdi: “Əziz Vitti, sizin yaratdığınız obraz möhtəşəmdir! Sizi küçədə görsəydim, qəbuluma gəlməyi tövsiyə edərdim”. Bu sözlər qarşısında Monika acı çəkərək güldü. Hiss etdi ki, həyatı onu yaratdığı obrazlara çevirir. Mikelenin filmlərindəki qadınlar heç vaxt xoşbəxt deyillər. Təklik həmişə onlara əzab verir.

Mikele ilə yenə görüşürdülər. Hər axşam birlikdə qəhvə içib, öz təkliklərinə geri dönürdülər. Monika artıq həyatı ilə barışmışdı. Amma yenə də özünə belə etiraf etmədiyi arzularında, şəhərdən kənar ev, evlilik, uşaqlar canlanırdı. Mikele isə o qədər özünü kinoya vermişdi ki, zamanın axışından xəbərsiz idi.

Monikaya gələn növbəti film təklifi Antonionidən deyildi. Müqaviləyə imza atan Vitti tez bu xəbəri Mikele ilə müzakirə etmək istədi. Kitabxanasında kitablarının tozunu alan Antonioni, Vittinin birnəfəsə danışığını səbrlə dinləyib susdu. Monika ondan: – “Səncə, qəbul etməklə düz etdim? Axı, bu, sənin filmin deyil…” – deyə soruşdu. Mikele eyni soyuqluqla cavab verdi: – “Düz etmisən. Mənim filmlərimdə sənin bacarığın tam açılmır. Başqa filmlərə çəkilməklə, sən bütün potensialını açmış olacaqsan. Məyus olma. Bu, sənin problemin deyil ki”.

Antonioninin yeni filmində Monika yox idi… Rejissor bu dəfə Londonda 10 həftəyə “Blow-up” kimi möhtəşəm sənət əsəri yarada bilmişdi. Üstəlik yeni sevgili də tapmışdı. Monika isə qısqanclıqdan özünə yer tapa bilmirdi. Ona bu 10 həftə sonsuzluq kimi gəldi. Hər gün bir neçə dəfə Londona zəng edir, Mikele ilə danışmağa çalışırdı. Antonioninin xəyanətini bağışlamışdı. Amma düşünürdü ki, o, bir aktrisa kimi rejissorunu satıb və bu düşüncə onu rahat buraxmırdı. Mikeleyə zəng çatmırdı. Aktrisanın valideynlərindən yardım istəməsi isə yalnış bir addım idi. Çünkionlar nəinki Mikeleni sevmir, ümumiyyətlə, kinonun əleyhinə idilər. Mikelancelo isə gözlənilmədən qayıtdı və Monikanı da götürüb Nyu-Yorka “Blow-up” filminin təqdimatına yollandı.

Təqdimat zamanı Vitti sakit və xoşbəxt görünsə də, evə qayıdarkən bütün yol boyu ağlamışdı. Mikele,Monikadan göz yaşlarının səbəbini soruşmurdu. Ancaq filmləri haqqında düşünən eqoist rejissor çoxdan idi ki,aktrisanı “görmürdü”. Özünə bələd biri olan Antonioni, Vittini daha çox incitmək istəmirdi. Peşmançılığını ondan gizlətməyə çalışırdı. Bəlkə də buna görə onun göz yaşlarını, əzablarını görməzlikdən gəlirdi. Bütün bunların Monikanı daha çox üzdüyünü görəndən sonra isə gözlənilməz bir addım atdı. Ona evlənmə təklifi etdi. O, bu təklifi ömür boyu gözləmişdi. Mikele onun üçün hər şey etmişdi. Onun həyatını yazmışdı. Bir kişi bir qadın üçün bundan artığını edə bilməzdi. Onlar bərabər tarix yazmışdılar, birlikdə sənət əsərləri yaratmışdılar. Ən yaxşı ikili olmuşdular. Bərabər tamamlanmışdılar. Bəs bir qadın və kişi olaraq bir-birlərinə lazım idilərmi? “Özümüzü niyə aldadırırıq ki, artıq çox gecdir. Nə o əvvəlki deyil, nə də Mikele” – düşündü Monika… Antonioninin cavab gözləyən gözlərinə baxaraq dedi: “Bacarmıram…
Anlayırsan, bacarmıram…” Bir qədər fasilədən sonra isə nədənsə əlavə etdi: – “Bəlkə də bir il sonra…”

Bir il sonra isə onlar birdəfəlik ayrıldılar. Romanın iki müxtəlif yerində özlərinə ev aldılar.



İllər keçdi… Mikele şedevrlər yaradırdı, Monika isə milyonlar tərəfindən sevilməyə davam edirdi. Pavarottinin konsertlərinin birində görünən aktrisa ayaq üstə alqışlandı. Konsertdən çıxanda isə Vitti rəfiqəsinin qulağına pıçıldadı: “Bilirsən, Mikele məni çağırsa, hər şeyimi atıb ona gedərəm”…
Əlli yaşında olmasına baxmayaraq, Vitti müxtəlif janrlı filmlərdə rollar alır, yorulmurdu. Potensialını hərtərəfli açmış, özünü gəlmiş-getmiş ən yaxşılardan biri kimi sübut etmişdi. Artıq sübuta ehtiyacı yox idi. Amma o, nəyisə sübut etməyə çalışırmış kimi təslim olmurdu. Antonioniyə sübut edirdi özünü…

1990-cı ildə Vitti, Antonionin hələ tanışlıqlarının ilk illərində onun üçün yazdığı “Scandalo segreto” pyesini ssenariləşdirib, rejissor kimi ilk filmini çəkdi. Film Kann Film Festivalında nümayiş olundu. Dəvət olunan qonaqlar arasında Antonioni də var idi. Film başa çatandan sonra onlar girişdə təsadüfən rastlaşdılar. Mikelancelonu diabet tamam haldan salmışdı. Qocalmış, cavan həyat yoldaşının qoluna girib zorla yeriyirdi. Titrəyən əli ilə Monikanın üzünə toxunub astadan dedi: “Bu gözəl idi…”

Dostlarının əhatəsində olan Vittiyə hər tərəfdən təriflər, təbriklər yağırdı. O isə sanki bunları eşitmirdi. Gözləri ilə həyatının sevgisi olan sevimli Mikeleni yola salırdı…

Tərcümə: Şahin Xəlil
Top