Rusiyanın mənəvi çöküşünü göstərən film | Sevgisizlik

Rusiyanın mənəvi çöküşünü göstərən film | Sevgisizlik

Qarabağ müharibəsi zamanı gənc qadın erməni silahlılarına əsir düşür. Hər gün zorlanmaya məruz qalır. 
Beynəlxalq təşkilatın köməyi ilə əsirlikdən azad olunanda onu qarşılamağa əri gəlir. Taqətsiz qadını əri qucağına alır. O, utandığından üzünü ərinin sinəsində gizlədərək “bağışla” deyə pıçıldayır. Kişi isə onu əzizləyib, nəvazişlə: “Sənin günahın yoxdu”, — deyir.
Bu əhvalatın sonradan necə inkişaf elədiyini, necə bitdiyini bilmirəm. Hər halda nikbin sonlandığına inanmağı çox istəyirəm.

Hərçənd, o vacib anda önəmlisi kişinin qadına sevgisini göstərə bilməsidir. Həmin situasiyada kişinin sevgisi toplumun anladığı dar çevrədən çıxır, bəşəri, böyük mənalar daşıyır: şəfqət, anlayış, mərhəmət, sayğı...

Kişi davranışıyla həm də onun içindəki qadını diriltməyə çalışır. Çünki bir qadının qadın, bir kişinin kişi kimi psixoloji, mənəvi ölməsinə ancaq SEVGİSİZLİK səbəb ola bilər. Və sevgisizlik cəmiyyətin bütün qatlarına, münasibətlər sisteminə təsir göstərəcək.

Andrey Zvyagintsev son “Sevgisizlik” filmində məhz belə bir vacib, aktual məsələni araşdırır...
Gənc qadın və kişi boşanma ərəfəsindədir. Onların heç biri 12 yaşlı oğlu ilə yaşamaq istəmir. Çünki hər kəsin özəl həyatı var. Laqeydlikdən sarsılan uşaq-Alyoşa itkin düşür.

Bu hadisədən sonra belə valideynlər bir-birinə anlayışla yanaşmağı, dəstəkləməyi bacarmırlar. Əksinə gözlənilməz itki onlardan ötrü illərin haqq-hesabını çürütməyə vasitə olur.
Zvyagintsevin personajları kişi və qadın kimi mövcud deyillər. Onlar öz qadın və kişi təyinatlarını yalnız cinsi səviyyədə yaşayırlar. Bundan daha artığını yaşamaq, daha artıq nəyinsə yükünü çəkmək onlara ağır gəlir.

Təsadüfi deyil ki, bütün intim səhnələr də kölgə effekti ilə işlənib. Minimal işıqlandırma ilə qurulan interyerlərdə seks səhnələri ancaq seksdir, fiziki tələbatdır. Bu səhnələrdə onların üzü görünmür, duyğuları hiss olunmur. Yataq epizodlarının ancaq bir neçə kadrında onların üzü yaxın planda göstərir. Onda da intim akt bitəndən sonra.

Qadının yeni sevgilisinə ona qədər kimsəni sevmədiyini deməsi gerçək duyğularından yox, ümidsizliyindən, özünü sevgiyə inandırma istəyindən doğur. Eləcə də kişi, ondan uşaq gözləyən sevgilisinə “səni sevirəm” sözünü əminsizliklə, şübhəylə deyir.

Finalda hər ikisinin laqeyd, solğun üzü, yeni həyatları ölü ritmdə göstəriləndə anlayırsan ki, nəsə dəyişməyib, onların içində sevgi hissi əslində heç vaxt mövcud olmayıb. Yaşananlar sadəcə sevginin imitasiyasıdır. Hətta morqda meyiti görəndə qadın və kişinin ağrısı yalnız o anda yaranıb bitən ağrıdır...

Zvyagintsev adətən ailə münasibətləri, məişət problemlərindən yola çıxaraq Rusiyanın mənəvi durumuna baxa bilir. Xırda detallarda, bəzən sanki təsadüfi xarakter daşıyan epizodlarda cəmiyyətin bütün şəkildə obrazını, ovqatını fiksə edir.

İtkin düşən Aloyşanın — kimsəsiz, soyuq, küçələrdə görünən fotoları, tək-tük adamın laqeydliklə o fotolara sadəcə göz atması – ölkədəki mənəvi uçurumun, boşluğun, ümidsizliyin vizual ifadəsidir.
Alyoşa yalnız sevgisizlikdən qaçan, əziyyət çəkən oğul obrazı deyil. O, böyüklərin şəxsi, merkantil marağına görə əzib tapdadığı, sevgiyə möhtac, atılmış vətənin obrazıdır. Rejissorun gücü də bundadır: o, problemi özəl çərçivədən çıxararaq ölkənin vəziyyətində, bütün qatlarda bütünləşdirir. 

“Sevgisizlik” nuar estetikasında çəkilib. Bir qayda olaraq nuar filmlərinə kriminal süjet xasdır, sıxıcı, bədbin atmosfer, rənglər hakimdir və mütləq bir qətl hadisəsi, qatil vardır.

Rejissor da filmi soyuq rənglərlə işləyib, daim yağış, ya qar yağır, səhəri, gündüzü, gecəni ayırmaq çətindir. Bu zamansızlıq hissi, soyuq personajlar, dəhşətli siyasi xəbərlər xaos qatını dərinləşdirir. Burada qəhrəmanlar yox, antiqəhrəmanlar var. 

“Sevgisizlik”də nuar filmlərindən fərqli olaraq qatil yoxdur, Alyoşanın taleyini də müəllif yalnız valideynlərin məsuliyyətinə bağlamır. Burda “qatil” cəmiyyətdəki laqeydlikdir və əsas məsuliyyəti mənəvi böhranın səbəbkarı, insanları maskalanmağa vadar edən, ruhən öldürən hakimiyyət daşıyır.

Rejissorun da əsas məqsədi təbii ki, Alyoşanı sağ-salamat geri qaytarmaq deyil. O, bu itkiylə üz-üzə qalan personajların daxili dünyasını, təhtəlşüurunu material kimi istifadə edərək, məqsədinə çatır: “Sevgisizlik” katarsisə çevrilə bilir, soyuq duş effekti yaradır. “Sevgisizlik” özümüzə rasional, ayıq baxmağa vadar edir. “Sevgisizlik” sevgiyə çağırır.



Sevda SULTANOVA
Top