Antonioni | Aktyor haqqında düşüncələr

Antonioni | Aktyor haqqında düşüncələr

Kino aktyoru düşünməməlidir, o var olmalıdır. Mənə etiraz edə bilərlər ki, var olmaq üçün düşünmək lazımdır. Xeyr! Əgər bu belə olsaydı, ağıllı aktyor ən yaxşısı olardı. Lakin həyatda çox zaman əksinə olur.

Akyor ağıllı olanda, onun yaxşı aktyor olmaq istəyi, belə deyək, hazırlanmış olur. O, mürəkkəb obraz yaratmaq, xırda çalarları nəzərə almaq istəyir və bununla da öz işindən kənara atılmış olur, öz-özünə çətinlik yaradır.

Onun obrazını anlamaq cəhdi, belə qəbul edilir ki, personajın daha dəqiq psixoloji xarakteristikasına dəlalət etməlidir. Həqiqətdə isə bu, onun işinə mane olur, aktyorun bilavasitəliyini itirir. Kino aktyoru çəkilişə sadəlövh “fidan” bir insan kimi gəlməlidir. İşində nə qədər türkəsaya olsa, nəticə də daha yaxşı olacaqdı.

Kino aktyoru əsasən personajın psixologiyasını layihələndirmək deyil, öz fantaziyasını genişləndirməlidir. Fantaziya isə öz-özünə alışır, onun üçün hər zaman sıxa biləcəyin düymə mövcud deyil.

Rejissor aktyor üçün heç nəyi çeynəməməlidir, o yalnız aktyora ümumi göstəriş verə bilər: rolun ümumi təsviri, filmin ümumilikdə planı. Detallarda eşələnmək, personajın xarakterini yarmaq səmərəsizdir. Aktyor və rejissor öz təbiəti etibarı ilə rəqibdirlər. Ona görə də, rejissor yaxşı olar ki, vaxtından əvvəl öz planını açmasın.

Aktyor rejissorun qalasında bir Troya atıdır.

Mən başqa üsula üstünlük verirəm – lazım olan nəticəyə tədricən gəlmək. Aktyoru hiss edilmədən stimul etmək. Onun ağlını deyil, hisslərini tərpətmək. İzah etmək yox, vəziyyətə doğru itələmək. Aktyoru yaxşı mənada aldatmaq da olar — bir şeyi deyib, başqa şeyə nail olmaq.

Rejissor sual verməyi bacarmalıdır. Yaxşını pisdən, lazım olanı təsadüfdən ayıraraq aktyorun ona təqdim etdiyi materiallardan seçməyi bilməlidir. Rejissorun istedadı, onun görmə qabiliyyətindədir. Bu, aktyorlara da şamil olunur. Aktyor, tamaşaçı obrazının elementlərindən biridir. Davranışlarında, jestlərində hər hansı dəyişiklik obrazı dəyişmiş olur. Bu “birinci üz”dən olan replikadır. Özü də yuxarıdan çəkiliş zamanı kameraya deyilən replika, aşağıdan çəkilişlə deyiləndən tamamilə fərqlənir.

Bütün bu mülahizələr əslində sadədir, lakin bunlar bir daha sübut edir ki, yalnız rejissora, yəni kadrları yığana aktyorun üzlərini, jestlərini, hərəkətlərini bərpa etmək məsuliyyəti qalmış olur. Bu, həm də replikaları müşayiət edən intonasiyalara aiddir. Səs və küy, həmçinin digər səslərə qarışaraq doğru proporsiyanı təşkil etməlidir, hansını ki, yalnız rejissor bilir. O, harmonik qarşılığa nail olur və ya əksinə müxtəlif küylər arasında disharmonik əlaqəyə.

O, səbrlə aktyora qulaq asmalıdır, əgər o səhv edirsə belə. Ona səhv etməyə imkan yaratmalıdır. Və filmdə onun səhvlərindən necə istifadə etmək olar deyə fikirləşməlidir. Çünki bu səhvlər zamanı aktyor daha çox təbiilik və spontanlıq nümayiş edir.

Səhnəni, replikanı səhmana salmaq, onların mənalarını izah etmək, müxtəlif aktyorlara eyni ölçü ilə yanaşmaq deməkdir. Çünki, səhnə, replika dəyişməz qalır, aktyor isə fərqlidir və hər biri fərdi yanaşma tələb edir. Buradan da yeni yolların yaranması ehtiyacı ortaya çıxır.

Faktiki olaraq, məsələ aktyoru doğru yola istiqamətləndirməkdir, çox üstünə getmədən, ona hiss etdirmədən, yalnız yardım edərək. Bu işləmə üsulu paradoksal görünə bilər, lakin mənə elə gəlir ki, qeyri-peşəkar, “küçə aktyorlar”ı deyilən insanlardan yalnız bu metodla uğurlu nəticə əldə etmək olar. Buna bizi neorealizm öyrətmişdir.

Həmçinin bunu professional aktyorlara da aid etmək olar, hətta ən görkəmlilərinə qədər. Mən özümdən soruşuram, dahi, böyük kinoaktyor olmaq olarmı? Keyfiyyətli aktyor qəlbinin dərinliklərində ümid edir ki, o dahidir. Amma bu ambisiyalar aktyor üçün yükə çevrilir. Bu hisslər onu həqiqi, doğru ifadan məhrum edə bilər.



Mən iki ayağımın olduğu haqqında düşünmürəm. Onlar məndə sadəcə vardırlar. Aktyor öz rolunu anlamağa çalışır, refleksiyaya düşür. Əgər isə o düşünməyə başlayırsa, təbii və sadə olmaq onun üçün çətinləşir. Sadəlik – obrazın həqiqiliyinə çatmaq üçün ən yaxşı vasitədir.

Antonioni, 1961-ci il.

Tərcümə: Firuddin Həsənov
Top