Eduard Nortonla müsahibə

Eduard Nortonla müsahibə

Cənab Norton, istedadlı aktyor olduğunuzu nə vaxt dərk etmisiniz?
– Gənc yaşlarımda artıq bu hissi yaşayırdım, ona görə də xeyli rahat idim. Öz spontanlığıma təəccüblənirdim, çünki hər şey idarəsiz baş verirdi. Düşünürdüm ki, elə bunun arxasınca getməliyəm, spontanlıq da bundan doğurdu. İndi yadıma düşür – bir neçə il teatrda işləmişdim, – elə anlar olurdu ki, fikirləşirdim, “bu yaxşıdır, əlverişlidir, daha artığını əldə edə bilərəm, bunun öz üstümdəki təsirini hiss edə bilirəm”.

Bəs zaman bunları əldə etməyə kifayət qədər imkan tanıyır?
– Bəli. Hətta aradakı zaman boşluğunda yeni şeylər qazanmağa çalışıram. Amma özüm özümü aldatmış, nələrisə itirmiş və soyuqda üşüyürmüş kimi hiss edirəm. Sonra düşünürəm ki, gediləcək son nöqtə bu ola bilməz. Və hər gün gördüyün işlər səni daha güclü hiss etdirməlidir. Uzun müddət özümə çox sual vermişəm ki, “mən nə edirəm?”. Və bu haqda heç bir fikrim yoxdur.

Amma nəticədə aktyor olmaq sizi xoşbəxt edir…
– Məncə, hə. Bu həm də ümumi balans deməkdir, beynin yaradıcı hüceyrələri arasında balans yaratmaq deməkdir. İmpulsiv yaradıcılıq daha çox xaotikdir. Aktyorluğun zehni tərəfləri və mükəmməliyyətçilik sıxıcı ola bilər, spontanlıq isə çox vaxt əyləncəlidir. Bu, təcrübələrin hər iki baxımdan da idarə edilməsinə şərait yaradır. Hər halda, bu xoşuma gəlir. Deməyim odur ki, əgər bu mənə əyləncəli gəlməsə, onda filmə çəkilməyə ehtiyac görmərəm.

Bu sahədə çox şey əldə etdiyinizi düşünürsünüz?
– Şübhəsiz.

Bunu ən çox haçan hiss etmisiniz?
– Müxtəlif vaxtlarda. Sadəcə çox işləyəndə bütün nizamım pozulur və ortaya istəmədiyim əlavə şeylər çıxır. Əgər gördüyüm iş mənə stimul vermirsə, bunu etməyə dəyməz. Mənə görə, bunun həlli normada işləməkdir. Hər şeyi nizamla və fasilə ilə etmək yaxşıdır.

Az işləmək özünüzü təcrübəsiz gənc kimi hiss etməyinizə səbəb olmur?
– Düzünü desəm, hər yerdə öz yaşı haqqında fərqli danışan adamlardan deyiləm. Əslində özümü 27 yaşda hiss edirəm, amma çəkilişlərdə yetkin rolları qazanmaq üçün bəzən yaşımı çox dediyim anlar olub.

Layihələrə başlamaq üçün yaxşı hazırlaşırsınız?
– Hazırlıq çox vacibdir. Çox şeylər araşdırıram. Geyimlərdən musiqilərə, hətta səslərə qədər. Səslər sizə bir az qəribə gələ bilər, amma bəzən geyimlərdən qıraqda obrazı yaşamağınıza kömək edə bilər. Bu hər dəfə dəyişir. Bəzən musiqi ön planda olur, bəzən də səs ən vacib amilə çevrilir.

Deməli, səslər çox vacibdir.
– Təbii ki. Bir filmə görə Detroit yaxınlığındakı həbsxanada bir məhbusla görüşmüşdüm. İnanılmaz səsi var idi. Sürtkü kağızı və şüşə səsləri çıxara bilirdi. Onu təkrar etməyə cəhd edirdim, amma onun səsinə çata bilməzdim.

Necə alındı bu görüş? Sadəcə həbsxanaya müraciət edib özünüzü tanıtdınız və onlar da məhbusla görüşməyə icazə verdilər?
– Yox, hər şey nəzarət edirdilər. Həbsxana korpuslarında ictimai əlaqələr şöbəsi var, onlar görüş otaqlarında lazımi şəraiti yaradırlar. Bunlar boş yerə deyil. Mən kameralara girmirdim, özləri məhbusları görüş otaqlarına gətirirdilər.

Zəif ictimai mövqeyiniz ekranda qazanılan uğurlara nə qədər təsir edir?
– Ümumiyyətlə, bu tip şeylər təkcə gündəlik həyatınıza yox, hər şeyə aktiv şəkildə təsir edir. Düzdür, əsas odur ki, insanlara ekranda nə təqdim edirsən. Amma fikirləşirəm ki, bütün bunlar izləyicilərdə sənin haqqında fikir formalaşdırmaq üçün arxiv olmağa kifayət edir. Hətta həyatdakı qədər real obraz canlandırmağa çalışsan da. Adətən, bunlar bir-birini izləyir. Bu vəziyyət bir dəfə baş verdisə, sonra mütəmadi olacaq. Bu barədə həmişə özümü müəyyən mənada qorumuşam.

Deyirlər ki, medianın sizin həyatınıza nə qədər qarışacağına mane ola bilməzsiniz.
– Məncə, bu bizdən daha çox asılıdır. Yönləndirməyi bacarmalıyıq. Bu bir az vaxt apara bilər, amma nəticədə prosesləri əlimizdə cəmləməyi öyrənirik. Elə ilk başdan bu müdaxiləni mümkün olduqca azaltmağa çalışmalıyıq.

Filmləriniz kifayət qədər satılmayanda bu sizə pis təsir edirmi?
– Yox, əsla. Mənim filmlərim həmişə şablon impulslardan kənar olub. Ötən bir neçə il ərzində daha müstəqil modeldə işlənmiş filmlər çəkmişik. Məsələn, “İllüzionist” filmini səyyar satışa buraxmamışdıq. Belə daha yaxşı idi. Çünki satış məsələsini özünüzə meyar etsəniz, daha sonralar bu, sizin üçün kədərli sonluqlar gətirə bilər. Bunu təcrübəmdən bilirəm.



Necə yəni?
– İlk əvvəl öz sərbəst təcrübələrinizə dayanırsınız və sizə qədər müəyyən olunmuş kateqoriyalara baxırsınız. Günümüzdə filmlərin çoxu bir müddət sonra izləyicilərlə öz bağını özü yaradır, onda yaddaşlarda qalacağınıza az da olsa, ümidiniz artır. Bundan sonra isə filmlər olmasa da, müəyyən baryerləri özünüz qurmağa başlayırsınız.

Heç bir filmi ilk dəfə olduğu kimi orijinal çəkmək olmur…
– Düzdür. Heç cür ağlıma batmır ki, “Döyüş klubu”nu yenidən çəkə bilərik. Amma bu o demək deyil ki, bu bədbin proqnoz həmişə özünü doğruldacaq. Bəzən bizi yanıldan çəkilişlər ola bilər.

“The Talks” elektron dərgisi
Tərcümə: Mənsur Matt
Top