Tarkovskinin rejissor kimi üzərində işlədiyi sayca yeddinci filmi “Ayna” haqqında yazmağın böyük məsuliyyət tələb etdiyinin fərqində olsam da, bu ehtiyacımı ödəməkdən boyun qaçırmaq mənə olduqca ağırdır. Rejissorun təbirincə desək, haqqında bir nəfərin belə məqalə yazmadığı bir film barədə məni yazmağa vadar edən səbəblər müxtəlifdir. Bunlardan bəzilərini – müharibənin təhtəlşüurda və maddi aləmdəki ağır nəticələri, müharibədə insan, siyasi strukturun yaratdığı məhdudiyyətlər – bəri başdan deməyə bilmərəm.
Heç bir Tarkovski filmi bir rəng deyil. Bəlkə də, ümumiyyətlə, sənət və sənət filmlərinin ən mühüm xüsusiyyətlərindən biri onun hər bir insana müxtəlif formada təsir bağışlamasıdır. Ancaq bu sənətin aristokratlığını azaltmır. Əksinə, onu duymaq üçün tamaşaçı mütləq əvvəlcədən müəyyən hazırlıq keçməlidir.
Buna baxmayaraq, “Ayna” filminin bənzər təsirini bu və ya digər formada hər kəs öz üzərində hiss edə bilər. Bu mənada “Ayna” hardasa bir rəng və olduqca özünəməxsus filmdir.
Bu film niyə bu qədər təsirlidir? Nə üçün hər kəs bu filmdə özünə məhrəm nəsə tapa bilir? Niyə məhz bu Tarkovski filmi bizə daha dərin təsir bağışlayır? Uzun müddətdir ki, bu suallar ətrafında düşünür və tutarlı cavab tapmağa çalışıram.
“Ayna” filmində yüksək şeiriyyət var. Tarkovski kadrlarla sözlər tək oynayır, onları ard-arda düzərək bitkin şeir ərsəyə gətirir. Məhz yüksək şeiriyyət, insan hislərinə birbaşa müraciət bu filmi izləyən hər kəsə doğmalaşdırır. Şeiriyyətin Bax, Pursel kimi musiqiçilərin əsərləri ilə inikas yaratması, sanki, fon musiqisi ilə səslənməsi çətin ki, kimdəsə təlatümə səbəb olmasın.
Arseni Tarkovskinin şerləri, hər biri möhtəşəm foto təsiri bağışlayan kadrlar, bizə tanış kənd evləri, ani əsən meh, qarlı meşələr bu filmi anlamaqda çətinlik çəkən kəslər üzərində belə dərin nostalgiyaya səbəb olur. Elə bu səbəbdən Tarkovskiyə yazılan məktublarda müəlliflər bir ağızdan – “Bu film mən barədədir!” — deyirdilər.
Mənim fikrimcə bu film üç şey haqqındadır: Müharibə, Siyasi struktur və İnsan.
Əvvəla, bu film müharibə və onun yaratdığı tragedik nəticələr haqqındadır. Filmdə qarı və cavan qadın obrazları mahiyyət etibarı ilə eynidir, çünki onlar eyni dövrün — müharibə dövrünün adamlarıdırlar. Onlar eyni hissləri, təlaşları və ağrıları duyub, eyni tənhalıqdan əziyyət çəkiblər. Hər iki qadın ər yolu gözləyib – “Əgər kolluqların arasından görünən adam bizim evə tərəf gəlirdisə, deməli o bizim atamız idi, yox, əgər gəlmirdisə demək ki, deyildi və o heç zaman gəlməyəcəkdi”. Müharibənin bütün yükünü çiyinlərində daşımalı olan qadınların timsalında darıxan, daxilən üsyankar, bezgin iki qadın obrazı yaradıb Tarkovski.
Tamaşaçıdan başqa bu eyniliyi filmdə qarının oğlu — yalnız müharibə iştirakçısı — duya bilir. Hərçənd ki, o, bu oxşarlığın səbəbini başqa cür ifadə edir. Film boyu təkrarlanan yuxularda uşaqlığına dönən oğlan anasını cavan yoldaşının timsalında görür. Yoldaşına bu oxşarlıq barədə bildirir və bunun səbəbini acıma hissi ilə ifadə edir – “Çünki sizə yazığım gəlir.”
Müharibə elə bir məfhumdur ki, bu zaman insan və insanla bağlı bəşəri dəyərlər heçə çevrilir. İnsan subyekt və ya fərd yox, obyekt olur. Bu fikrin ifadəsi üçün Tarkovski filmdə tez-tez müharibə səhnələrinə yer verir və bu səhnələrdə insan heçliyin təcəssümüdür. Palçıqda gəzişən yorğun əsgərlər, qaçışan qadınlar, ağlayan və qorxan uşaqlar… Hər kəs heçliyi təcəssüm etdirir.
Eyniləşmiş qadınlar müharibə dövrü üçün ola biləcək ən təhlükəli yerdə — qəzetdə — çalışırlar. Nəzarətin onsuz da yüksək olduğu rejim altında yaşayan bu qadınlar, müharibə zamanı hər sözün haqq-hesabını çəkir, repressiya maşınının səsini daha gur eşidirlər. Tarkovski bunu ifadə etmək üçün kiçik bir səhnəciyə yer verir. Cavan qadın məqalədə hansısa sözü yazdığı üçün mətbəəyə əvvəlcə ağaclar arasında yavaş çəkimdə, daha sonra sürətlə Stalinin fotoşəkilləri ilə bəzənmiş divarlar boyunca qaçır. Filmin mahiyyətini qüvvətləndirmək üçün çəkilmiş bu kadrlar avtoritarizmin mənfi və ya ümumilikdə siyasi strukturun insan üzərindəki təsirinə işarə etmirmi? Müharibəni mahiyyətcə çoxluğun tənhalıq üzərində qələbəsi kimi ifadə etmirmi?
Uzun illər “Gaskino” ilə yola getməyən Tarkovski üçün bu kadrları filmə əlavə etmək yəqin ki, həyati əhəmiyyət kəsb edib.
Bu filmdə Tarkovski darıxan, yorğun insanı – müharibə insanını — analiz edir. Müharibədə insan yalqızlaşır, özünü canlı ölüdən, kiçik parçacıqdan savayı ayrı nəsə hiss etmir. Çünki müharibə insanı çölə, ətraf aləmə baxmağa çağırır. Beləcə, əbədi dünyanın, fani və hər an yenilənən topluluğuna mənsub üzvü olduğunu dərk edən insan əziyyət çəkir.
Halbuki o hayqırmaq istəyir, öz təbiətinin dərinliklərinə enmək, nə qədər mühüm və yeganə olduğunu görmək istəyir. Şopenhauerin ifadəsi ilə desək, tək və nə olmaq haqqında düşünmək istəyir. Bunun üçün isə o daxilinə, “Aynaya” baxmalı, özünü dərkə çalışmalıdır.
Ayna – Tarkovskinin öz filmini məhz bu cür adlandırmasını da bu şəkildə anlamaq mümkündür. Özünüdərki unutmuş insan, güzgü qarşısında duruxur. Son səhnələrin birində, Pursel musiqisinin müşayiəti ilə qaranlıq otaqda uzun-uzun güzgüyə baxan oğlan ilk dəfə “mən”i olduğunu dərk edir. Hansı ki, o müharibə ilə, onun səbəb olduğu fəsadlarla boğulub, sındırılıb.
Özünə enə bilən insan – Tarkovskinin arzuladığı və görmək istədiyi insan tipidir.
Bu səbəbdən “Ayna” filmi barədə bu kiçik yazını Tarkovskinin öz cümlələri ilə bitirmək istəyirəm: “Bu günə qədər çəkdiyim filmlərdə, mən, birlikdə yaşadıqları insanlara bağlı – yəni, azad olmayan, ancaq, daxili azadlıqlarını qoruya bilən insanları təsvir etməyə çalışdım. Onlar zəif görünürdülər. Ancaq mən bu zəifliyin yaratdığı əxlaqi inam və mövqenin gücündən söhbət açdım”.