IMDb top 250`də ən çox filmi olan rejissorlar

IMDb top 250`də ən çox filmi olan rejissorlar

Başlanğıc qeydi: Filmlərin adını tərcümə edib o möhtəşəm adları öz əllərimlə pozmaq istəmədim.

Siyahıya çəkdiyi 70 filmdən 8`ini ilk 250 film sırasına qatmağı bacaran Alfred Hitchcock başçılıq edir. Təsadüfi deyil ki, onun siması fəaliyyəti dövründə bir çox aktyor və aktrisadan daha çox tanınırdı. Eyni zamanda «Alfred Hitchcock Presents» və «The Alfred Hitcock Hour» televiziya seriallarının da müəllifi olması onun daha da tanınmasına səbəb oldu. «Rebecca» filminə görə Oscar almış bu rejissor daha çox cinayət, sirr, psixolojik triller janrında və yaddaşlara dərin iz buraxan filmlərə imza atmışdır. Köhnə filmlərin sıxıcı olduğunu düşünənlər Hitchcock vasitəsilə bu fikirlərini darmadağın edə bilərlər. (Təbii ki modern effektli film pərəstişkarı deyillərsə). Aşağıda IMDb xalları ilə o 8 film:




1. Dial M for Murder — 8.2

2. North by Northwest — 8.4
3. Notorious — 8.1
4. Psycho — 8.5
5. Rear Window — 8.5
6. Rebecca — 8.2
7. Strangers on a Train — 8.1
8. Vertigo — 8.4




Bəlkə də bir çoxunuzun Hitchcockdan daha çox tanıdığınız və keçən il «Interstellar»la təkrarən heyran qaldığınız Cristopher Nolan. İnsana beyin fırtınası yaşadan, sonda bitməsini istəməyəcəyiniz və baxdıqdan sonra bir neçə gün də hələ filmdəki səhnələr haqqında düşünəcəyiniz, durmadan yeni sirlər tapıb çıxaracağınız filmlər. 7 filmini bu siyahıya salmağı bacaran Nolan film tarixinə Joker kimi bir personajı da qazandırmışdır. Məncə onun aşağıdakı hər filminə görə ayrıca alqış düşür:

1. Batman Begins — 8.3
2. Inception — 8.8
3. Interstellar — 8.6
4. Memento — 8.5
5. The Dark Knight — 9
6. The Dark Knight Rises — 8.5
7. The Prestige — 8.5


Filmləri qədər özü də kifayət qədər fərqli olan Stanley Kubrick. İşlərində demək olarsa ən kiçik elementlərinə qədər hər şeyi özü idarə etməyə çalışan, hər bir komponent üstündə, hətta adicə yazı şrifti üzərində günlərcə müzakirə aparan Kubrick öz dövrünə görə bir çox sirli, düşündürücü, politik filmlər çəkmişdir. Təsadüfi də deyil ki, onun filmləri izləyicilər tərəfindən olduqca gec «həzm edilir» və hətta dəfələrlə baxılmasına rəğmən anlaşılmaz olaraq qalır. Deyilənə görə hətta Rock Hudson «2001. A Space Odyssey» filmi primyerası zamanı «Biri mənə bu film nə demək istəyir başa sala bilər mi?» deyərək primyeranı hirslə yarıda tərk etmişdir. Kubrickin filmlərini ağır çəkiliş tərzinə görə ayırd etmək də çox asandır, səbirli insanlar üçün ideal kinolar:

1. 2001: A Space Odyssey — 8.3
2. A Clockwork Orange — 8.4
3. Barry Lyndon — 8.1
4. Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb — 8.5
5. Full Metal Jacket — 8.3
6. Paths of Glory — 8.5
7. The Shining — 8.4



New York`un Kiçik İtaliyasında keçirdiyi uşaqlığında şahidi olduğü şiddət hadisələrini filmlərlərində möhtəşəm istifadə edə bilən və hər bir filmi də möhtəşəm aktyorlarıyla və ssenarisylə yaddaşlarda iz qoyan Martin Scorsese də 7 filmiylə bu siyahıdadır. Ona Robert de Niro və Leonardo DiCaprio`nun da parlayacağı filmlər çəkdiyi üçün bir ayrıca təşəkkürümüzü bildirə bilərik. Filmləri və özü nominant olaraq göstərildiyi 179 mükafatdan 133-ünü qazanmış və tarixin ən güclü rejissorlarından hesab olunur.


1. Casino — 8.2
2. Goodfellas — 8.7
3. Raging Bull — 8.3
4. Shutter Island — 8.1
5. Taxi Driver — 8.4
6. The Departed — 8.5
7. The Wolf of Wall Street — 8.2



Sadaladığım rejissorlardan fərqli olaraq anime`lərlə eyni uğuru qazana bilmiş bir insan; Hayao Miyazaki. Okeanın o tayından olmasına baxmayaraq onun adı Walt Disney kimi amerikalı anime yaradıcısıyla bir tutulmuşdur. Anime uşaqlar üçündür fikrini ağlınızdan çıxarıb mütləq izləməlisiniz, çünki aldığı IMDb xalları da bunu göstərir:

1. Castle in the Sky — 8.1
2. Howl's Moving Castle — 8.2
3. My Neighbor Totoro — 8.3
4. Nausicaä of the Valley of the Wind — 8.1
5. Princess Mononoke — 8.4
6. Spirited Away — 8.6

Steven Spielberg. Bir çoxlarının qəhrəmanı Indiana Jones`u yaradan. "Jaws", «Jurassic Parc»`ın rejissoru. Amma mənə görə və eyni zamanda IMDb`yə (sıralamada 8-ci yer) görə də kino tarixinin ən güclü və təsiredici filmlərindən birini - «Schindler`s List»-in rejissorluğunu edən şəxs. «Ayda bir dünyam başıma yıxılır, özümə gələndə yeni bir film tapmış oluram» deyən Spielbergin ən çox tanınan filmləri bunlardır:

1. Indiana Jones and the Last Crusade — 8.3
2. Jaws — 8.1
3. Jurassic Park — 8.1
4. Raiders of the Lost Ark — 8.5
5. Saving Private Ryan — 8.6
6. Schindler's List — 8.9



Sergio Leone. 
1955-ci ildə digər rejissor dostu Raoul Walsh «Western öldü» demişdi  Leone`yə. Belə anlaşılır ki, 26 yaşlı bu gənc italyana lazım olan motivasiya da bu imiş. «Spagetti Western» janrını yaratmış, ondan öncə çəkilmiş və ondan sonra da çəkiləcək Western filmlərinini kölgədə qoymağı bacarmışdı. «Dollar trillogiyası»ndan əlavə «Once Upon a Time in America» filmi də ona inanılmaz şöhrət qazandırmışdırFilmlərini tanımayan yoxdur deyə bilərik zənnimcə. «The Good, The Bad and The Ugly» filmiylə kino tarixinin ən yaddaqalan final səhnələrindən birini yaradan, ən məşhur obrazlardan birini  (Blondie) Clint Eastwoodla canlandıran bu şəxsə öz adımdan və eyni zamanda sizin adınızdan sonsuz təşəkkürlərimi bildirirəm.


1. A Fistful of Dollars — 8
2. For a Few Dollars More — 8.3
3. Once Upon a Time in America — 8.4
4. Once Upon a Time in the West — 8.6
5. The Good, the Bad and the Ugly — 8.9




Və gəldik bu topikin yazarı olaraq mənim səbirsizliklə gözlədiyim ana - Quentin Tarantino`ya. Tam bir film xəstəsi və film arxivi desək heç də yanılmarıq bu şəxs barədə. Film kasetləri mağazasında işlədiyi zamanlarda inanılmaz bir baza inkişaf etdirən, beyni fikirlərlə dolu olan, söhbət açsan saatlarca filmlərdən danışacaq bu şəxsi sevməmək mümkün deyil. Filmlərindəki hər bir obrazın orijinallığına, replikalarına ayrı ayrılıqda diqqətlə yanaşan Tarantino`nun obrazları bu səbəbdən çox güclü yumor hissinə malik olurlar. Qatil olsalar belə. «Reservoir Dogs»`la öz adından bəhs etdirən və «Pulp Fiction»la dünya şöhrəti qazanan bu şəxs tez-tez filmlərində həddən artıq şiddət səhnələrinə yer verməsiylə tənqid olunur. Amma heç bir zaman bunun pis bir şey olduğu ilə razılaşmamış, hətta "Şiddət, dünyadakı ən əyləncəli şeylərdən biridir" cümləsini işlətmişdir. Başqa bir dəfə bu tənqidə «Ruandada yaşayan tək bir şəxsin belə mənim filmlərimə baxdığını zənn etmirəm, amma orada 500 min insanı qılıncdan keçirdilər» deyərək cavab vermişdiYəni!



1. Django Unchained — 8.5
2. Inglourious Basterds — 8.3
3. Kill Bill: Vol. 1 — 8.1
4. Pulp Fiction — 8.9
5. Reservoir Dogs — 8.4



Daha sonra Charles Chaplin "City Lights", "Modern Times", "The Gold Rush", "The Great Dictator", "The Kid" filmləri ilə qərarlaşır deyib siyahını sonlandırıram.

Elnur Maşızadə (Don_Elnur)
Top