Mənim haqda daha nələr yazılmayıb. Məsələn, guya mən gec-gec evdən çıxıram və guya az ünsiyyətciləm. Ancaq bunlar düz deyil. Mənə əsas verin, elə şeylər danışaram ki...
Mən bütün siyasətçilərə qarşı çıxış edirəm, qiyam qaldırıram. Fərq etmir hansı olursa-olsun. Çünki onlardan heç biri yeni tikililərin dağıdıcı dalğasının qarşısını ala bilməyib. Mən bu beton qutularda yaşamaqla razılaşan bütün kasıblara etiraz edirəm.
Mən o kəslərə etiraz edirəm ki, onlar üçün zamanla ayaqlaşmaq qarşısına çıxan hər şeyi məhv etmək deməkdir...
Mən artıq çoxdan gələcəkdə hər şeyin daha pis olacağı faktı ilə barışmışam. Ancaq niyə hələ də təəccüblənməyə və tənqid etməyə meylliyəm, bunu anlamıram. Yəqin, vicdanımın təmizliyi naminə...
Deyəsən, siyasətçilərə yenidən ədalətli və müdrik olmağı öyrətmək üçün hərəsinin yanına bir filosof və şair qoymaq lazımdır.
Ədalətli olmaq üçün öncə yaxşı insan olmaq lazımdır. Yaxşı olmaq isə insanların səhv edə biləcəyini anlamaq deməkdir.
Bəzi insanlar irticaçı olduğumu düşünür, yəqin, haqlıdırlar. Mən oxumuşdum: “Əsl məhəbbəti heç nə məhv edə bilməz”. O vaxt hər kəs bu mahnıda siyasi motiv gördü: guya mən boşanmalara qarşı çıxış edirəm. Əslində, bu mahnı ilə mən həyat yoldaşıma sevgi etirafı etmişdim. Boşanmalara qaldıqda… Əgər günlərin bir günü iki insan bir-birini başa düşməkdə çətinlik çəkməyə başlayırsa – boşanma, zənnimcə, düzgün seçimdir. Ancaq əvvəlcə, məhəbbəti xilas etmək uğrunda bütün cəhdləri etmək lazımdır.
Ailə — ya daimi sabotajdır, ya da etibarlı arxadır. İkinci haldırsa, bəxtin gətirib.
Embrionlardan az başım çıxır, ancaq bir şeyi dəqiq bilirəm: həyatın hər qığılcımını qorumaq lazımdır.
Yetmiş yaşını adlamış insan aşağı boylananda hər şeyi fərqli görür. Planetimizin ciddi xəstəlikdən əziyyət çəkməsini görmək ağırdır.
Özümə köhnə ağ-qara video yazılarda baxarkən fikirləşirəm: “Lənətə gəlsin, mən axı yaraşıqlı olmuşam. Niyə bunu daha əvvəl görməmişəm?
Yeni nə fikirləşirsənsə, fikirləş. Bunu mütləq səndən qabaq edən biri tapılacaq. Odur ki, ən əsası, bunu daha yaxşı etməkdir.
Mənim orijinallığımın sirri çox surət çıxarmağımdadır.
Məndən sizə məsləhət: nəzakətsizliyinizin qədrini bilin və onunla mədəniyyət və iqtisadiyyat sahəsində irəli gedən insanlarla bölüşün.
Bu yaxınlarda Montedzemolo (Ferrarinin prezidenti) yeni yüksəksürətli qatar istifadəyə verdi. Mən buna qarşı deyiləm, ancaq bunu balanslaşdırmaq lazımdır. Qoy Montedzemolo indi, məsələn, “İlbiz” adı altında digər qatar istifadəyə versin. Bu qatar asta sürətlə getsin ki, sərnişinlər pəncərədən küçəyə baxarkən həzz ala bilsinlər.
Ən çox qıcıqlandıran moizəçilərin heç zaman cənnət barədə bir şey söyləməmələridir. Niyə söyləmirlər? Belə bir təəssürat yaranır ki, insanlar Yerdə ölmək üçün yaşayırlar. Lakin bu düz deyil. Keşişlər daim cənnət haqda xatırlatmalıdırlar, yoxsa əksəriyyət düşünəcək ki, həyat yalnız indi gördükləridir. Guya həyat nədir ki? — Vergilər, böhranlar və hərbi münaqişələrdən ibarətdir.
İtaliyaya düzgün insanın rəhbərlik etməsi gərəkdir. Əgər düşünürsünüzsə ki, mən özümü nəzərdə tuturam, yanılırsınız. Əlbəttə, mən uyğun gələrdim, ancaq bunun üçün mən çox yaşlıyam. Qoy bu mənə çox oxşayan biri olsun.
Mən həmişə özümü ideala görə bir anda hər şeyini qurban verə biləcək varlı kimi hiss etmişəm...
Uğur – gözəl və xoş bir şeydir. Ancaq bu dostlarla boççe oynamağın yanında nədir ki?
Həmişə “istedadlı ağıldan kəm” olmaqdan xoşum gəlib. Çünki bu ifadədə “ağıldan kəm” sözü xüsusi bir məna daşıyır. Dəlisov istedadlı kimi bir məna...
Məni San-Remoya ancaq müğənni kimi dəvət etmirlər. Mənim malik olduğum keyfiyyətlərə görə çağırırlar: Mən həm oxuyuram, həm rəqs edirəm, həm səlis danışıram, həm saat təmir edə bilirəm, üstəlik axan kranı da düzəldə bilirəm...
Bu gün stadionu doldurmaq çətin məsələ deyil. Əvvəllər bunu az adam bacarırdı – mən və məndən savayı heç kim. İndi isə sanki camaatın pul xərcləməyə başqa yeri yoxdur – hamı konsertə gedir. Məndə qərara aldım ki, boş zal yığacam. İndi elan edirəm ki, filan tarixdə, saat 9:15-də konsertim olacaq. Mən ora tamam ayrı saatda gəlirəm, ancaq heç kim ora gəlməyəcək. Mənə indi heç kim belə inanmır. Mən bu barədə başqa anons da verməyəcəm. Sadəcə, gələcəm və boş zal yığacam. Bu da sensasiya olacaq.
Hər şeyi başa düşməyə can atmaq lazım deyil. Belə maraqsızdır.
Tərcümə: Aytən Cavanşir