Bu, Böyük Britaniya kral sülaləsi tarixində görünməmiş hadisədir — kraliçanın şəxsi otağına kimi gedir, onu vertolyota mindirir və… Və kraliçanı Olimpiya Oyunlarının açılış mərasimi keçirilən stadionda vertolyotdan paraşütlə yerə atır!
Əlbəttə, bu, rejissor təxəyyülünün məhsulu idi. Əlbəttə, hamı başa düşürdü ki, paraşütlə vertolyotdan tullanan 84 yaşlı kraliça deyil. Amma çəkilişlərin birinci hissəsində II Yelizavetanın şəxsən iştirak etdiyi şübhəsiz idi. Kraliçanın yataq otağına kimi rahatlıqla «buraxılan», Bukenqem sarayına taksi ilə daxil olan, nəhayət, kraliçanı Olimpiya stadionunda vertolyotdan paraşütlə yerə atan bu şəxs isə yenə də o idi – dahi Yan Fleminqin ölməz qəhrəmanı, bütün dövrlərin ən böyük casusu olan «agent 007» — Ceyms Bond.
Bu obrazı kimin canlandırdığı isə o qədər də vacib deyil. Bu rolu istər Şon Konneri, istər Pirs Brosnan, istərsə də Daniel Kreyq canlandırsın, fərqi yoxdur, «agent 0007» barədə filmlər bütün dünyada həmişə sevilərək izlənilib. Onu da qeyd edək ki, Ceym Bond rolunu indiyə qədər 6 aktyor canlandırıb: Şon Konneri (1962-1967, 1971), Corc Lzzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989), Pirs Brosnan (1995-2002) və Daniel Kreyq (2006-2014).
Bəs indiyə kimi barəsində düz 23 film çəkilən Ceyms Bond obrazı necə yaranıb?
Ceyms Bond necə yarandı
Məşhur «agent 007» elə kağız üzərindəcə qalacaqdı və arabir ən sadiq pərəstişkarları onu yada salacaqdılar. Amma Ceyms Bondun ekrana çıxması Yan Fleminqin qəhrəmanına təkcə şöhrət deyil, hətta ölümsüzlük gətirdi.
Ceyms Bondun «doğulması» İngiltərədə, kinostudiyada baş verdi. 1962-ci ilin iyulunda London kinostudiyasının pavilyonlarından birində Yan Fleminqin «Dr.No» romanı əsasında ilk filmin çəkilişləri aparılırdı.
Əsas rolu – «agent 007» Ceyms Bond rolunu o zaman hələ heç kimə tanış olmayan Şon Konneri oynayırdı. O vaxt heç kim, hətta filmi çəkən rejissor Terens Yanq belə ağlına gətirə bilməzdi ki, adi casus filmi bir qədər sonra əlahəzrət kraliçanın agenti ilə bağlı olan bir sıra filmlərin əsasında duracaq.
Filmin montajı da qeyri-adi olub. Piter Hant adlı biri onu «reklam çarxı» kimi montaj etmək qərarına gəlib. Klassik montajın qanunlarına görə, personaj avtomobilinə oturmaq istəyərkən, tamaşaçı bunun bütün mərhələlərini görməlidir: qəhrəman mənzilindən necə çıxır, sonra evi necə tərk edir, küçəni keçir, avtomobilin qapısını açır, avtomobilə oturur, qapını bağlayır, mühərriki işə salır və yola düşür...
Hant isə bu mərhələni minimuma qədər endirmək qərarına gəlir. Bon mənzilini tərk edir və dərhal avtomobilin sükanı arxasında peyda olur. Belə bir montaj yenilik idi. Elə qəhrəmanların xarakterləri, barışmazlığı və amansızlıqları da. Bond barəsində bütün digər filmlər də elə «Dr.No»dakı əsas süjet xətti üzrə çəkilməyə başladı.
Bond barədə filmlərin demək olar ki, hamısının ssenari müəllifi olan Riçard Maybaumun ədəbsiz yumoru seriyanın «vizit kartına» çevrilib. Ssenarist sadə sxem seçib: yaxşı və pis qəhrəmanlar, Ceyms Bondun biri gözəl, digəri isə o qədər də gözəl olmayan, acıqlı sevgilisi.
Ekzotik dekorasiya, gözəl avtomobillər (Aston Martindən BMW-yə kimi), Monti Normanın yazdığı musiqi… Bütün bunlar «Doktor No»nun uğurunun əsasında dururdu. Amma 1962-ci ilin iyulunda nə rejissor Terens Yanq, nə də ssenarist Riçard Maybaumun uğura ümidi yox idi. Heç prodüsserlər Harri Zaltsman və Albert Brokolli də uğura ümid etmirdilər.
Əslində, Albert Brokkolinin «Bondiana»sı 1958-ci ildə başlayıb. O zaman Brokkoli İnvinq Allenlə bir yerdə Londonda kontor açıb və kino sənayesinin inkişafı üçün Britaniya hökumətinin maddi köməyini alıb. Brokkolinin Yan Flemenqin casus romanlarının pərəstişkarı olduğunu bilən Allen prodüsserin yazıçı ilə görüşünü təşkil edib.
Görüş restoranda baş tutub. Yazıçı potensial prodüsser sayılan Brokkolidən Ceyms Bondla bağlı ilk filmin çəkilişi üçün 50 min dollar istəyib. Brokkoli isə hiddətlənib. Flemenqin əsərlərinin pərəstişkarı olmasına baxmayaraq, onun kitablarının hətta serial üçün yaramadığını elan edib.
Amma taleyin hökmü başqa olub. Amerikalı prodüsser Harri Zaltsman da Bond barədə film üzərində düşünürmüş. O, ingilis Ceyms Bond barədə film çəkmək üçün amerikalıları pul buraxmağa dərhal razı sala bilməyəcəyini anlasa da, niyyətindən əl çəkməyib. Hətta az qala Alfred Hiçkokun özünü belə bu layihəyə cəlb edəcəkmiş. Əsərin ekranlaşdırılmasına verilən hüququn bitməsinə 28 gün qalmış ikinci prodessür də tapılıb. Bu şəxs vaxtilə filmə etiraz edən Albert Brokkoli olub...
Avantüra baş tutub. Beləliklə, Ceyms Bond adlı kinoqəhrəman peyda olub, uzaq reyslərdə sürücülük edən Şon Konneri isə məşhur aktyora çevrilib. Albert Brokkoli baş rola Şon Konnerini seçməsini müdafiə edərək deyib: «Axı o, cilalanmamış brilyantdır».
Prodüsser səhv etməyib. Şon Konneri indiyə qədər ekranlaşdırılan filmlərdə hələ də ən məşhur Bonddur. Filmdə Bondun sevgilisi rolunu oynayan Ursula Andersin ağ bikinisi isə erotizmin zirvəsi sayılıb.
«Doktor No» İngiltərədə ekranlara 1962-cı ilin payızında, ABŞ-da isə 1963-cü ilin yazında çıxıb. O zaman Ceyms Bondla bağlı ilk filmə 4 milyon insan baxıb.
Ceyms Bond 50 illiyini bu ilin oktyabrında ekranlara «Skyfall» filminin çıxması ilə qeyd edəcək. Baş rolu artıq üçüncü dəfə Daniel Kreyq ifa edir.
Ənənəvi olaraq Bond roluna ingilis aktyorlar dəvət edilir.
Ceyms Bondun xarici görünüşü, geydiyi geyimlər, istifadə etdiyi əşyalar və avtomobillər böyük maraq doğurur. Artıq yarım əsrdir ki, bu filmə baxan kişilər özlərini Bonda oxşatmağa cəhd göstərirlər. Bunu bir çox sosioloji sorğular da təsdiq edir.
Bondun xarici görünüşü
Ceyms Bond barədə filmlər ambisiyaların oyanmasına səbəb olub. Milyonçular, bankirlər Bond kimi geyinməyə, yaşamağa çalışırlar. Onlar məşhur qəhrəman kimi «Aston Martin» avtomobili sürməyə, onun kostyumlarından geyinməyə cəhd edirlər. Bond bir çoxları üçün səliqə simvoluna çevrilib. Onun şax qaməti, özünü aparmaq tərzi də təlqinlərə meydan açıb.
İlk smokinq
Ceyms Bond bir sıra filmlərdə ekranda smokinqdə görünür. Bu detallar Yan Fleminqin şəxsi qarderobundan götürülüb. Həm Fleminq, həm də rejissor Terens Yanq geyimlərini Entoni Sinklerə sifariş ediblər. Onların hər ikisi personajın xarakterini necə açmaq lazım olduğunu yaxşı bilirlərmiş: Fleminq hərbi-dəniz kəşfiyyatında xidmət edib, Yanq isə tank komandiri olub. Beləliklə, çəkilişlərə rəhbərlik edən hər iki şəxs hərbi yol keçib və qəhrəmanın necə təqdim ediləcəyini yaxşı biliblər.
Tanınan əşyalar
Bond barədə filmin ilk prodüsseri Albert Brokkolinin ağlına gəlib ki, filmdə asan tanınan əşyalar ola bilər. Bu, özünü təkcə filmlərdə müasir materiallar və modernist mebellərdən istifadədə deyil, eləcə də bəzi məşhur markalarda da göstərib. Məsələn, Şon Konneri filmlərdə «Rolex», Pirs Brosnan isə «Omega» saatları taxırmış. Bu da həmin şirkətlərlə uzunmüddətli əməkdaşlıq müqaviləsinə gətirib çıxarıb. Əvvəllər Bondun geyimləri «Savil Rou»dan sifariş edilirmiş. Brosnanın canlandırdığı Bond isə «Brioni»nin geyimlərinə üstünlük verib.
Bondun qadınları
Bondun qadınları deyəndə həm onun sevgililəri, həm də düşmənləri nəzərdə tutulur. Dövrün dəyişməsinə baxmayaraq, Bond barədə filmlərdə heç bir zaman yataq səhnələri əndazədən çıxmayıb. Bəziləri iddia edirlər ki, yataq səhnələrini ümumiyyətlə yığışdırmaq olar. Digərləri isə belə səhnələrin daha çox və açıq-saçıq olmasını istəyirlər. Amma rejissorlar hamısı bu fikirdədilər ki, Bondun reytinqi üçün səhnələri nə çıxartmaq, nə də çoxaltmaq lazım deyil.
Aston Martın DB5
Bondun istifadə etdiyi DB5 maşını dünyanın ən məşhur avtomobili də adlandırılır. Bond «Qoldfinqer» filmində bu maşında ekranlarda görünəndən sonra həmin avtomobili əldə etmək üçün növbə yaranıb. Şon Konnerinin 1964-cü ildə çəkildiyi bu filmdə Bond Alp dağları fonunda Aston Martin DB5-ə söykənir. Kinotənqidçilər bildirirlər ki, bu, dünya kino tarixində insanla avtomobilin vəhdətini göstərən ən gözəl kadrdır.
Qeyd edək ki, Bond barədə filmlər dəfələrlə ən nüfuzlu mükafatlara layiq görülüb. Onların arasında 2 «Oskar» mükafatı, «Qızıl qlobus», «BAFTA» və digərləri var.
Bond barədə filmlər arasında Azərbaycandan da bəhs edən film var. 1999-cu ildə çəkilən bu film «Bir dünya da bəs etmir» adlanır. Həmin filmdə Ceyms Bond rolunu Pirs Brosnan oynayır, tərəf müqabili isə Sofi Marsodur. Film Azərbaycandan Avropaya neft kəməri çəkən iri ingiltərəli biznesmenin qızının oğurlanmasından bəhs edir. Həmişə olduğu kimi döyüş filmi ruhunda çəkilən «Bir dünya da bəs etmir» filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılıb…