Pinin həyatı | Life of Pi

Pinin həyatı | Life of Pi

Life of PiYann Martel 2001-ci ildə Kanadada romanını çap edəndə, yəqin ağlına da gəlməzdi ki, romandakı benqal pələngi ilə 16 yaşında yeniyetmənin 227 gün okeanda azmış qayıqda qalmaları filmə çəkilsin.

Kino, qısaca desək, ölüm-dirim arasında Tanrının görüşü üçün mənəvi bir səyahətdir.

Film zooparkda heyvanların görüntüsü ilə başlayır, birinci təsvirlərdə dünyanın ən kiçik quşu olan kolibrilər ağaca dırmaşmış ayının ətrafında uçmağa başlayır. Kolibrilər sanki sinema pərdəsindən çöldədir, dəqiq hiss edirsən ki, zalda uçur, səsi də zalın içindən gəlir. Elə həmin bu fraqmentdən təəccüblənib başa düşürsən ki, baxdığın film qeyri-adi təsvirlərlə dolu olmalıdır və sırf təbiət deyil, 3D animasiyalardan yararlanıb.

Kanadalı yazıçı filmin qəhrəmanından istəyir ki, öz hekayəsini danışsın. Motiv yalnız hekayəni yazmaq deyil. Həm də Pinin əmisi ateist yazıçıya deyib ki, Pi sənə tanrıya inancı göstərəcək.

Pi sözünün nə olduğu da maraqlıdır. Demək, Hindistanın Fransa koloniyası olan əraziləri işğaldan azad olduğu zaman Pinin atası zoopark açır. Atasının dostu Parisdə “Piscine Molitor Patel” hovuzunun yiyəsidir. Pinin atasına zarafatca deyibmiş ki, oğlunun belə təmiz ruhlu olmasını istəyirsənsə, adını “Piscine Molitor Patel” qoy. Atası da bu zarafatı ciddi qəbul edir, həqiqətən də oğluna bu adı qoyur.

12 yaşında ikən qeyri-adi adına görə uşaqların lağlağısına məruz qalan “Piscine Molitor Patel” belə qərara gəlir ki, bundan sonra özünü Pi kimi təqdim etsin və riyaziyyat kursunda adının fəlsəfəsini belə izah edir:

“Dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəm π-yə bərabərdir: 3,1415926535…” və üç lövhəni doldurur. Bilirik ki, π ədədini hesablamaq üçün sonsuz sayda pilləyə ehtiyac var. Pi sonsuzdur.

Həmin filmin əvvəlində Pinin uşaqlıqda dini inancları, Hindistanda 33 milyon Tanrının olduğu, İsanı görməsi, namaz qılmasıı, Krişna və digər yerli tanrılar haqqında danışması tamaşaçını kinodakı hadisələrin alt qatında mənəvi mesajların olmasına yönəldir.

Qızlara rəqs öyrədən qadın deyir ki, “konsentrasiya olmasa, rəqs ilə Tanrıya olan sədaqətinizi göstərə bilməzsiniz”. Pinin indi 16 yaşı var və rəqs öyrənən qızlar arasından bir sevgili tapıb, ancaq atası zooparkın heyvanlarını bir gəmiyə yığıb ailəlikcə Kanadaya köçmək qərarındadır.Pi sonuncu görüşdə qızla danışır, ancaq vidalaşmaq yadından çıxır. Kinoda 3 yerdə Pi sevdikləri ilə sağollaşa bilmədən ayrılır, ailəsinin gəmi ilə birlikdə qərq olması zamanı və Benqal pələngi ilə ayrıldığı zaman. Ümumiyyətlə, bu filmdə “son” anlayışı yoxdur.

Səyahət başlayır
Gəmi okeanda baş vermiş tufanda qərq olur, canını qurtaran, qayıqda təhlükədən qurtulan yalnız Pi deyil, bir yaralı zebr, oranqutanq, xallı kaftar və benqal pələngi də var. Qayıq iki hissədən ibarətdir, üstüörtülü və üstüaçıq hissə. Tufan sakitləşincə dərhal heyvanlar yırtıcı üzlərini göstərirlər, Pi-nin üstünə bir neçə dəfə cuman Kaftar nəhayət yaralı zebrə hücum edir, sonrakı gün meymunu öldürür (kameranın fokusu meymunun döşlərindədir, filmin sonunda buna aydınlıq gətirilir), nəhayət pələng üstüörtülü hissədən çıxıb kaftarı öldürür. Benqal pələnginin adı Riçard Parkerdir, bunun öz tarixçəsi var.
Richard Parker
Birincisi, qeyd edim ki, Hindistanda pələngə meşənin qoruyucusu, bir növ Tanrı kimi baxırlar. Bu pələngin adı əslində əvvəlcə “Susuz” olub, onu Riçard Parker adlı bir ovçu zooparka satıb, təsadüfən siyahıda pələngin və ovçunun adı dəyişik yazılıb. Buna görə də pələngin adı zooparkın siyahısında Riçard Parker gedib. Çox maraqlıdır, miflərdə Tanrı olan pələng ovçuya ovlanır, ovçunun adı isə ona qoyulur və bu pələng böyüyüb, hazırda özü bir yırtıcı ovçudur.Həmçinin onu da deyim ki, Riçard Parker dünyaşöhrətli yazıçı Edqar Ponun yeganə tam yazılmış “Artur Gordon Pimin hekayəsi” romanında bir obrazdan götürülüb. Bu romanda da gəminin qərq olması və kanabalizm məsələsi var.

Pi pələngdən qorxduğu üçün məcburən qayığın yanında taxtadan və digər əşyalardan suda üzən bir qurğu düzəldib iplə qayığa bağlayır. Pi həm ayıq olmalı ki, pələng suya atılıb onu parçalamasın, həm də bacardıqca pələng üçün balıq tutmalı ki, heyvan aclıq səbəbindən onu yemək həvəsinə düşməsin.Kinonun bir hissəsində uçan balıqların qayığın üstündən keçməsi və bir çoxunun qayıqa düşüb qalması çox həyəcanlı səhnə yaradır. Onu da deyim ki, əslində bu kino bir süni göldə çəkilib, qərq olan gəmi əslində dəmir bir qurğudur, heyvanlar isə animasiyadır, lakin o qədər peşəkar çəkilib ki, bunların hamısının texniki oyun və kompüter gücünə yaradılmış olduğunu qətiyyən ayırd etmək mümkun deyil.
Filmdən kadr
Kinoda dialoqlar çox dərin, eyhamlı, eyni zamanda, yumoristikdir. Kinoda qətiyyən sevgi ab-havası, komik söz, heyvanların yırtıcılığını qabartmaq kimi şeylər yoxdur.

Bir neçə aydan sonra, nəhayət qayıq bir adaya çatır, mirketlərlə dolu bir ada… Ada gündüz çox səfalı və qida ilə doludur, gecə isə müəyyən kimyəvi proseslərə görə içindəki göllərin suyu turşuya çevrilib bütün canlıları əridir. Ona görə də mirketlər axşam olanda dərhal ağacların başına qaçırlar və səhərin açılmasını gözləyirlər.

Pi səhəri gün bir xeyli bitki və pələng üçün mirket götürüb qayığa qayıdır və nəhayət 227 gündən sonra Meksika sahillərinə çatır, yerli əhali ona kömək edir. Pələng isə çoxdan meşədə yoxa çıxmışdı, sağollaşmadan…

Tanrı budur
Xəstəxanada gəminin təzminatı ilə bağlı sığorta şirkətindən gəlmiş iki nəfər Pidən hadisənin təfərrüatını soruşur. O olanları danışır, ancaq sığortaçılar deyirlər ki, inanılası şeylər danış. Bu dəfə, Pi özündən uydurur ki, gəminin kapitanı, anası və gəminin aşpazı birlikdə qayıqla canlarını qurtara biliblər və sonra yaralı kapitanın öldüyü, anasının aşpaz tərəfindən öldürüldüyünü və buna görə də aşpazı biçaqla öldürdüynü danışır. Əslində eyni hekayədir, yaralı kapitan zebr, anası həmin meymun (kameranın diqqəti buna görə meymunun döşlərində idi), aşpaz isə Riçard Parkerdir.

Beləliklə, hekayə başa çatır.

“Kanadalı yazıçı: Bəs sən Tanrıya nə üçün inandığını mənə demədin.

Pi: Sığortaçılara danışdığım hekayənin hansı versiyasına inandın?
Yazıçı: Birinci versiyaya.
Pi: Nə üçün?
Yazıçı: Çünki bu daha yaxşıdır.
Pi: Mən də Tanrıya inanıram, çünki bu versiya (inanclı yaşamaq) daha yaxşıdır…”(filmdən dialoq)

Solda rejissor Ang Lee, sağda bəstəkar Mychael Danna

Yeri gəlmişkən, kinonun uğurlu musiqisi Maykel Dannanın işidir. Filmin əvvəlində Fransa-Hindistan musiqilərindən istifadə olunub.

Kinonun əvvəlindəki Lalaai musiqisi heyvanların təsviri ilə birlikdə təbiətin və körpəliyin saflığını göstərir. Gəminin okeanın dərin hissəsinə çatanda zurna, xor dəstəsinin oxuması və trumpet səsləri ucalır. Okeanın sakitləşməsi və saflaşması fraqmentində çox gözəl flüt çalınır. Ümumiyyətlə, musiqi kinonu mükəmməl dərəcədə müşayiət edib və kinoda boşluq buraxmayıb.

Dalğa Xatınoğlu
Top