Universal Studios

Universal Studios

Bildiyimiz kimi, filmlərin ərsəyə gəlməsində ən böyük rol film studiyalarının payına düşür. Hollivud məhz bu studiyaların hesabına böyük kino dünyasına çevrilmişdir. Bu studiyalar arasında “Böyük 6-lıq” adlanan studiyalar barədə hər sayımızda sizə məlumat veriləcək. İlk haqqında yazacağımız studiya “Universal Studios”dur. Kompaniyanın əsası Karl Laeml tərəfindən qoyulmuşdur.

1905-ci ildə Karl Çikaqoda paltar mağazası açmaq üçün yer axtarırdı. O, küçədə “nickelodeon” adlanan kiçik qutucuqlarda göstərilən filmlərə insanların böyük marağı olduğunu müşahidə edir. Bundan həvəslənən Laeml işini dəyişmək qərarına gəlir və “The White Front Theater” qurumunu yaradır. Bir ay ərzində o, lazımi qədər pul toplayır və ikinci teatrı yaradır. “Laemmle Film Service” ölkənin ən iri qurumuna çevrilir.

1912-ci ildə “Universal Film Manufacturing Company” şirkəti yarandı. Laeml kompaniyanın prezidenti oldu. 1913-cü ildən etibarən “The Universal Animated Weekly” kinoxronikası buraxıldı. Həmin il studiyanın ilk filmi “Traffic In Souls” (Ürəklərdə Hərəkət) istehsal edildi və yarım milyon dollar gəlir gətirdi. Film montaj və süjetin spesifik dəyişikliyi baxımından yenilik idi.Studiyanın inkişafı üçün Hollivudda böyük ərazi alındı və “Universal City” şəbəkəsi yaradıldı. 1915-ci ildə studiya 250-dən artıq film istehsal etdi. 1914-cü ildən şirkətlə əməkdaşlığa başlayan Con Ford “vestern” janrını inkişaf etdirdi.
Universal Studios
1922-ci ildə studiyanın adı “Universal Pictures Corporation” oldu. 1920-ci illərdə studiya səssiz film klassiklərindən olan “The Hunchback of Notre Dame” (Notrdam Qozbeli) və “The Phantom of Opera” (Opera Kabusu) filmlərini yaratdı. 1930-cu il studiya üçün uğurlu oldu. Rejissor Lyuis Maylstounun “All Quiet on the Western Front” (Qərb Cəbhəsində Sakitlikdir) filmi “Ən Yaxşı Film” kimi Oskar aldı. Bu studiyanın ilk Oskarı idi.

1930-cu illərdə studiya daha çox qorxulu filmlərə üstünlük verirdi. 1931-ci ildə Bela Luqoşinin iştirakı ilə “Dracula” və Boris Karlofun iştirakı ilə “Frankenstein” filmləri ekrana çıxdı. Sonrakı illərdə bu tipli filmlər digər studiyalar tərəfindən də çəkilməyə başladı. İkinci dünya müharibəsi dövründə studiya əsasən müharibə mövzulu filmlər isthehsal edirdi. Əsas ulduzlar arasında Ceyms Stüart, Qreqori Pek, Kirk Duqlas, Morin Ohara, Çarlton Heston və b. var idi.

1962-ci ildə “To Kill a Mockingbird” (Bülbülü öldürmək) filmi böyük uğur qazandı. 1973-cü ildə “Sting” (Fırıldaq) filmi “Ən Yaxşı Film” Oskarını qazandı. 1975-ci ildə Stiven Spilberqin “Jaws” (Çənələr) filmi ekranlara çıxdı. Filmin uğuru studiyanı çətin böhran vəziyyətindən çıxardı. Bu Spilberqin studiya ilə çoxsaylı işbirliklərindən biri idi.

Studiyanın “Ən Yaxşı Film” Oskarını alan digər filmlər: “Hamlet” (1948), “The Deer Hunter” (Maral Ovçusu) -1978, “Out of Africa” (Afrikanın Xarici) -1985, “Schindler's List” (Şindlerin Siyahısı) -1993, “Shakespeare in Love” (Vurğun Şekspir) -1998, “Gladiator” (Qladiator) -2000, “A Beautiful Mind” (Təmiz Dərrakə) -2001.

Studiyanın məşhur seriyalı filmləri bunlardır: “Jaws” (Çənələr) – 1975-1987, “Back to the Future” (Geri Gələcəyə Doğru) – 1985-1990, “Beethoven” (Betxoven) – 1992-davam, “Jurassic Park” (Yura Parkı) – 1993-davam, “American Pie” (Amerikan Piroqu) – 2001-davam, “The Fast and the Furious” (Forsaj) -2001-davam, “The Bourne Identity” (Bornun Müəyyənləşdirilməsi) – 2002-davam.
2004-cü ildə “Vivendi Universal” şirkətin 80%-ni “General Electric” şirkətinə satdı.

Mənbə: «Film Fiction» jurnalı
Müəllif: Şahin Xəlil
Top