Tomas Ceffri “Tom” Henks – amerikalı aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 filmi ilə uğurların başlanğıcını qoydu. “Philadelphia” (Filodelfiya) — (1993) filmi ilə “Oskar” alan aktyor növbəti il “Forrest Gump” (Forrest Qamp) ilə yenidən mükafata sahib çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks Hollivudun canlı əfsanələrindən sayılır. İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə Kaliforniyada, səyyar aşbaz Amos Mefford Henks və xəstəxana işçisi Canet Merilinin ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim Henks isə anası ilə qaldı. Sonradan onların hər ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı.
Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı və iki ildən sonra Kaliforniya Dövlət Universitetinə keçirildi. O, bu dövrü belə xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. Sadəcə teatra gedir, bilet alır, auditoriyada oturur və tamaşanı izləyirdim. Bertold Brext, Tennessi Uilyams, Henrik İbsen kimi dramaturqların əsərlərinə çox baxmışam. Və aktyorluq mənim işimdir ”.
Karyera: 1979-cu ildə Henks Nyu-Yorka köçdü və növbəti il aşağı büdcəli “He Knows You're Alone” (O bilir sən təksən) filmi ilə kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) serialında qonaq aktyor kimi göründü. Bu serialda onu görən rejissor Ron Hovard Henksi 1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın sevgisindən bəhs edən “Splash” (Sıçrama) filminə dəvət etdi. Film kassa yığımında böyük uğur qazandı. Bir neçə serial və filmdən sonra 1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. Film Henksi Hollivudun əsas aktyorları sırasına daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk nominasiyasını aldı. Bu filmin ardınca Henksin bir neçə filmi kassada uğursuz oldu. Yalnız “Turner & Hooch” (Törner və Xuç)- (1989) filmi uğurlu alındı.
Dramatik Rollara Keçid: Henks 1992-ci ildə “A League of Their Own” (Onların şəxsi liqası) filmində yaratdığı beysbol ulduzu rolu ilə yenə də parlamağa başladı. Henks üçün özünün adlandırdığı kimi “yeni era” 1993-cü ildən başladı. Həmin il o “Sleepless in Seattle” (Sietldə Yatmayanlar) və “Philadelphia” (Filodelfiya) filmlərində rol aldı.“Philadelphia” (Filodelfiya) filmində Henks QİÇS xəstəliyinə tutulmuş gey vəkil Endryu Bekket obrazını yaratdı. Filmə görə 16 kq arıqladı və saçını kəsdirdi. “People” jurnalının əməkdaşı Li Rozen bildirirdi: “Hər şeydən əvvəl filmin uğuru Henksin hesabına yazıla bilər. O əmindir ki, müqəddəs deyil, real şəxsiyyəti oynayır. O “Oskar”a layiq inanılmaz obraz yaradıb”. Oskar mərasimində Henks “Ən yaxşı aktyor” kimi mükafata sahib oldu. Nitq zamanı bildirdi ki, ali məktəbdə oxuyarkən onun dram müəllimi və keçmiş sinif yoldaşı da gey idilər.
Növbəti il Uinston Qrumun eyniadlı əsəri əsasında Robert Zemekesin “Forrest Gump” filmi ekranlara çıxdı. Henks filmdə zəka problemləri olan Forrest Qamp obrazını yaratdı. Film həm kassa yığımında, həm də mükafat mərasimlərində böyük uğurlar qazandı. 13 Oskar nominasiyasından 6-nı qazandı. Tom Henks ikinci il ardıcıl olaraq ”Ən Yaxşı Aktyor” nominasiyasında mükafatı aldı və bununla Spenser Treysinin 1937-38-ci illərdə göstərdiyi nəticəni təkrarladı. Təəccüblüdür ki, hər iki aktyor 1-ci və 2-ci mükafatı alarkən uyğun olaraq 37 və 38 yaşlarında idilər.
1995-ci ildə Henks Ron Hovardın “Apollo 13” filmində Cim Lovell obrazını canlandırdı. Bunun ardınca isə Con Lasseterin “Toy Story” (Oyuncaqların hekayəsi) animasiya filmində baş qəhrəman Vuddini səsləndirdi.1996-cı ildə Tom Henks rejissor kimi ilk filmini ekranlaşdırdı. “That Thing You Do! “ (Sənin etdiyin hərəkət) adlanan filmin ssenarisini də o yazmışdı. 1998-ci ildə Henks “From the Earth to the Moon” (Yerdən Aya) adlı mini-seriala prodüsserlik etdi. 12 hissəli və Emmi mükafatlı film 68 milyon dollara başa gəlmişdi. Bu böyük məbləğ idi.Həmin il Henks əfsanəvi rejissor Stiven Spilberqin “Saving Private Ryan” (Sıravi Rayanı xilas etmək) filmində kapitan Con Miller obrazını yaratdı. Bütün dövrlərin ən yaxşı müharibə filmlərindən olan bu film 11 Oskara nominant oldu. Tom Henks 4-cü Oskar nominasiyasını qazandı, lakin mükafat ona qismət olmadı.
1999-cu ildə Frenk Darabont Stiven Kinqin “The Green Mile” (Yaşıl Mil) romanı əsasında eyniadlı film çəkdi. Lakin filmdə Henksin obrazı o qədər də yaddaqalan olmadı. O, 5-ci Oskar nominasiyasını Robert Zemekisin 2000-ci ildə çəkdiyi “Cast Away” (Didərgin) filminə görə aldı.2001-ci ildə Stiven Spilberqlə birlikdə 10 seriyalı “Band of Brothers” (Qardaşlar Komandası) mini-serialına prodüserlik etdi. 2005-ci ildə 45 yaşında olarkən Amerika Film İnstitutunun (AFİ) “Həyat Uğurlarına Görə Mükafat”ına layiq görülən Tom Henks bu mükafatı qazanan ən gənc aktyor oldu. Növbəti illərdə Henks “The DaVinci Code” (Da Vinçi Şifrəsi), “Angels & Demons” (Mələklər və İblislər), “Toy Story 3” (Oyuncaqların hekayəsi 3) və s. filmlərdə rol aldı.
Şəxsi Həyatı: Henks 1978-87-ci illərdə amerikalı aktrisa Samanta Luislə evli oldu. Onların birlikdə Kolin Henks adlı oğulları və Elizabet Enn adlı qızları var. 1988-ci ildə Henks aktrisa Rita Uilsonla evlənib və onların birgə ailə həyatı hələ də davam edir. Onların Çester və Truman adlı övladları var.
“Nə vaxt ki kilsəyə gedirəm… bir sirr haqqında daim fikirləşirəm. Nəyə görə insanlar belədir? Nəyə görə yaxşı insanlara bədbəxtliklər tez-tez üz verir, pis insanlara isə xoşbətliklər. Sirr elə bundadır. Bəşəriyyətin fəaliyyət sirri”.
Müəllif: Məcid Məcidov
Mənbə: «Film Fiction» jurnalı