Əcnəbi filmlər uşaqları qlobalizmin nökərinə çevirir
Bizim “çips”lərimiz yox idi, heç çubuqlu şirələrimiz də. Partlamış qarğıdalıya “pop-korn” deyildiyini lap sonralar bildik. Oyun kompüterlərindən, telefon mesajlaşmasından, on-layn çatlaşmasından tamamən xəbərsiz böyümüşdük. Evində telefon olan ailələrdə, adətən, uşaqlara telefonlara cavab vermək yasaq edilirdi. Uşaqlar televizora bəlli bir saatda baxa bilərdilər. Kənd uşaqlarına nisbətdə şəhər uşaqları daha şanslı idilər, çünki onlara axşam saat 8.45-də “Gecəniz xeyrə qalsın, körpələr” verilişinə baxmağa imkan verilirdi. Sovet uşaqlarının hamısı eyni vaxtda yatmağa alışdırılmışdı. Çünki onların rejimi səhər saat 8-də işdə olmaq məcburiyyətinə qatlaşan valideynlərin yuxu rejimi ilə həmahənglik təşkil etməli idi. Axı uşaqlar valideynlərin 8 saatlıq total yuxu rejiminin qarşılığında, azı 9-10 saat yatmalı idilər.
Sağlamlıq verilişinin qocaman aparıcısı həkim Əlfəddin Abdullayev böyüklərə həmişə axşam saat 10-da yatıb səhər saat 6-da durmağı tövsiyə edirdi. Sonralar öyrəndik ki, sovet liderləri sutkada çox az, cəmi 4-5 saat yatırlar. Amma adi vətəndaşlardan sutkada 8 saat yatmaq tələb olunurdu. İndi adını xatırlamıram, amma belə bir rus filmi vardı. Fəhlə səhər fabrikdə iş başında mürgüləyirdi. Çünki gecə futbol matçını seyr etdiyindən 8 saat yata bilməmişdi. Sex rəisi buna görə fəhləyə ciddi xəbərdarlıq edirdi ki, onun normaya uyğun yatmaması fabrikdə işin gedişinə mənfi təsir göstərir. Fəhlənin iş yoldaşları nəinki işçilərin özəl həyatına qarışan rəisə qəzəbləndilər, əksinə, yoldaşlarının futbola baxmağından dolayı düşdüyü bu duruma görə onu məzəmmət etdilər: “Vaxtında yatmaq lazım idi, Mişa. Görürsən, vaxtında yatmayanda nə baş verir?”
Sovet quruluşunun dağılması ilə 70 illik bir nizam da dağıldı. Artıq dövlət nəinki vətəndaşların yuxu rejiminə, çox şeylərə nəzarət etmək qüdrətində deyil. Çünki bu çox şey artıq özəl hesab olunur, birbaşa şəxsiyyətin özünə aiddir. O neçə saat istəsə, o qədər yatar, nə qədər istəsə, o qədər televizora baxar. Amma bir çox şeylər də var ki, dövlət bu məsələlərdə insanların qayğısına qalmağa sadəcə borcludur. Dövlətin “məhdud” səlahiyyətləri içərisinə vətəndaşların tərbiyəsinə bilavasitə təsir edəcək məsələlərə diqqət yetirmək də daxildir. Məsələn, dövlətin kütləvi informasiya vasitələri, mədəniyyət, idman və s.-lə bağlı müəyyən siyasəti olmalıdır. Çünki vətəndaşlar bu məsələlərdə dövlətin üzərinə onları təmsil etmək vəzifəsini qoyur.
Biz yazının girişində bu məsələlərə ona görə yer veririk ki, bəhs edəcəyimiz mövzunun dövlətin siyasətinə birbaşa aidiyyəti var.
Sovet uşaqlarının istirahət, yay tətili, qış tətili, bayram günlərində baxması üçün xeyli şeylər düşünülmüşdü. Filmlər ən başda gəlirdi. Uşaqlar üçün animasiya filmləri və bədii filmlər. “Ералаш” uşaq kino jurnalını, “Будильник”, “АБВГДейка”, “В гостях у сказки”ni hansı sovet uşağı xatırlamır? Hələ “Elektronikin macəraları”, “Timur və onun komandası”, “Buratino”, “Zoluşka”, “Qara qulaq ağ bim”, “Öz aramızda qalsın, hamı bilsin”, “Ölməz Kaşşey”, “Gələcəkdən gəlmiş qonaqlar”… Azərbaycana gəlincə, “Sehrli xalat”, “Bir qalanın sirri”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Mən mahnı bəstələyirəm” və s. filmlərə az baxmışıqmı? Bu filmləri hər gün versəydilər, hər gün də ilk dəfə baxırıqmış kimi baxardıq.
Azərbaycan ailələrində və məktəblərdə pis psixoloqlar oturublar
Bu günün uşaqlarının seçim imkanlarısa daha genişdir. SSRİ dağılandan sonra dünya kinosunun qapıları taybatay üzümüzə açıldı, alternativlər çoxaldı. “Harri Potter”, “Evdə tək”, “Qarfild”, “Körpə gəzintidə” kimi onlarla yabançı filmə baxmaq imkanı yarandı ki, onlar da həm uşaqları, həm də böyükləri ekran başına toplayacaq cazibədədirlər. Amma onlar yabançı filmlərdilər və təbii ki, o filmlərin yaradıldığı şirkətlərin, ölkələrin öz hədəfləri var. Bugünkü Azərbaycan uşağı hər halda Hollivud rejissorlarının, Avropalı şedevr ustalarının hədəfi deyil. Amerikada, Avropada uşağa yanaşma tərzi bizimkindən çox fərqlidir. Onlarda həm valideynlər, həm məktəblər, həm ictimaiyyətçilər, həm də dövlət rəsmiləri uşaq psixologiyasına, uşağın böyüdüyü, tərbiyə aldığı mühitə, təlim, tərbiyə metodlarına çox həssas yanaşırlar. Valideynlər öz doğmalarını uşaq baxıcılarına, psixoloqlara asan şəkildə həvalə edə bilirlər. Bu valideynlərin filmlərin, uşaq oyunlarının seçimində ciddi problemləri yoxdur.
Bununla belə, onlar əmindirlər ki, silahlı çarpışmaları, yad planetlilərin hücumlarını əks etdirən animasiya filmləri nə qədər əyləncəli olsalar da, uşaqların psixologiyasına mənfi təsir göstərir. Uşaqlara silahların qüdrətini anlatmağa çalışan cizgi filmlərinin zərərli yanları da var və biz ABŞ-da, Avropada zaman-zaman evdəki silahı oğurlayıb məktəb yoldaşlarını öldürməyə cəhd edən uşaqlar barədə eşidirik. Nəzərə alsaq ki, həmin filmlər bizim uşaqlar üçün də bu nöqteyi-nəzərdən “effektli” ola bilər və bizim valideynlərin uşaqları belə hallardan sığortalamaq üçün heç bir vasitələri yoxdur, onda bizim uşaqlara bu filmlərə baxmaq lazımdırmı?
Yenə o fikrə qayıdırıq ki, Qərbdəki uşaqların psixologiyasına ailə, məktəb kimi institutlarda ciddi nəzarət var. Amma Azərbaycanlı uşaqların psixologiyası ilə professional şəkildə heç kəs məşğul olmur. Azərbaycan ailələrinin böyük əksəriyyətində ata, ana, nənə, baba kimi çox pis psixoloqlar oturublar. Məktəblərdə isə psixologiya elminə dair heç bir anlayışı olmayan, sadəcə yarımçıq (ona görə yarımçıq deyirik ki, bizim pedaqoq hazırlayan ali təhsil müəssisələrində təhsilin hansı səviyyəsində olduğunu söyləməyə ehtiyac yoxdur) pedaqoji təhsilə malik insanlar əyləşiblər.
Təhsil naziri Misir Mərdanov dəfələrlə çıxışlarında etiraf edib ki, Azərbaycan məktəblərində ixtisaslı uşaq psixoloqlarına böyük tələbat var və bu ştatları tamamilə psixologiya elmində naşı olan adamlar tutublar. Deməli problem böyükdür. Qərb psixologiyası bizim milli psixologiya ilə uyuşmazlıq içərisindədir. Bizdə “Ben ten” var, amma onun Qərbdəki kimi zərdabı (yəni yanaşı psixologiyası) yoxdur. Bəs uşaqlarımız nəyə baxsınlar? Axı öz ölkəmizdə onların elə də çox seçimi qalmayıb. “Sehrli xalat”la “Bir qalanın sirri”nə nə qədər baxmaq olar?!
Deməli, bizim uşaqlara onların normal şəxsiyyət kimi yetişməsinə, tərbiyə olunmasına yardım edə biləcək çoxlu yeni filmlər lazımdır. Amma son illərdə çəkilən filmlərə baxsaq, onların içində uşaqların baxa biləcəyi bir dənə də olsun yerli filmə rast gəlmirik. İndi bizdə uşaq filmləri niyə çəkilmir? Bizim uşaqların film seçimində alternativi varmı? Niyə dövlət və ya özəl yaradıcılıq studiyaları buna pul sərf etmək istəmir?
20 milyardlıq büdcədən kinoya 6 milyon düşür, o da ki...
Bu barədə mütəxəssislərin fikirlərini öyrəndik.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor-prodüser Əli İsa Cabbarov hesab edir ki, “ümumiyyətlə Azərbaycanda çəkilən filmlərin sayı azdır. Kəmiyyət çox olmalıdır ki, orda hər hansı diferensiasiya — qorxu filmləri, uşaq filmləri, sevgi filmləri, tarixi filmlər və s. olsun. İndi ildə 4-5 film çəkilir ki, onların də içində uşaq filmləri yox dərəcəsindədir. Yəni filmlərin sayı artmalıdır. Birinci məsələ odur ki, kinoya ayrılan büdcə çox azdır. İllik dövlət büdcəmiz 20 milyarda çatır. Amma kinoya ayrılan vəsait 6 milyondur. Bu çox gülməli bir vəsaitdir. Filmlərə ayrılan vəsait artmalıdır ki, növbə uşaq filmlərinə də gəlib çatsın. İkincisi, uşaq filmlərinin istehsalına özəl münasibət olmalıdır. Bəlkə də uşaq filmlərinə ayrıca vəsait ayrılmalıdır. Rusiyada kinoya vəsait ayrılır və ayrıca maddə ilə uşaq kinosuna vəsait ayrılır. Bu uşaq kinosu da təkcə bədii filmlər deyil, həm də animasiya filmləridir. Bizdə tammetrajlı bədii uşaq filmləri çəkilməsə də, az da olsa animasiya filmləri çəkilir. Lakin onlar efirdə yer tapa bilmir.
Müasir Azərbaycan televiziyaları öz kinomuza çox laqeyddir. Efir şəbəkəsinin tərtib olunma üsulları stereotiplidir: səhər bir film, axşam bir film, günorta animasiya filmi. Bizdə Rusiya, Türkiyə və digər dünya telekanalları kimi, efir şəbəkəsini kamil, savadlı tərtib etmə yoxdur. Uşaq verilişlərinin, animasiyaların da sayı azdır. Animasiya filmləri deyəndə ancaq “Tıq-tıq xanım” və “Cırtdan” göstərilir. Halbuki bizim başqa filmlərimiz var. Uşaq filmləri deyəndə “Sehrli xalat” və “Bir qalanın sirri” göstərilir. Halbuki Gülbəniz Əzimzadənin, Tofiq İsmayılovun, Ənvər Əblucun bir neçə gözəl uşaq filmləri var. Amma bu filmlər efirə həsrət qalıb. Heç olmasa, sovet dövründə çəkilmiş Azərbaycan uşaq filmlərini versinlər. Gülbəniz Əzimzadənin “Təkcə adanı özünlə apara bilməzsən”, “Qaladan tapılan mücrü” filmləri beynəlxalq festivallarda mükafat almış filmlərdi. Efirə həsrət qalıblar, çünki televiziyalardakı filmlərin nümayişi ilə məşğul olanlar savadsız insanlardır və onların Azərbaycan filmlərindən heç xəbərləri yoxdur. Onlar Azərbaycan kinosunun kataloqunu qabaqlarına qoyub tədqiq eləmirlər. Sovet dövrünün son on illiyində çəkilən rəngarəng filmlərimiz var, hər il 3-4 animasiya filmi çəkilir, amma onlar filmotekalarda yatıb qalırlar. Uşaqlarımız da ki, “Tom və Cerri”yə, “Qarfild”ə baxırlar, psixologiyaları dəyişir. Beləcə qloballaşmanın qurbanına çevrilirik. Azərbaycanlı uşaqlar deyəndə formal olaraq Azərbaycan dilində danışan “kola”, “pop-korn” törəməsini görürük. İdeya vardı ki, uşaq telekanalı olmalıdır. Uşaq telekanalı olsa, məcbur olub filmotekalara üz tutacaqlar”.
Mütəxəssisin fikrincə, bizdə uşaqlara stereotip yanaşma təkcə filmlərlə bağlı deyil, bu uşaq musiqilərinə, uşaq ədəbiyyatına yanaşmada da özünü göstərir: “Elə düşünürlər ki, bu uşaq musiqisidirsə, primitiv olmalıdır. Halbuki sovet Rusiyasının ənənəsinə, Rusiya animasiya filmlərinə yazılmış musiqilərə baxanda görürük ki, burada ciddi yaradıcılıq nümunələri var. Uşağa hörmətli, səviyyəli münasibət mövcuddur. Bizdə isə uşağa yanaşma başqadır. Evimizdə balaca uşaq var. Mən məcbur oluram ki, ona rus uşaq mahnılarına qulaq asdırım. İnanmıram ki, balaca uşaq məsələn, “yer altında nələr gördüm, nələr gördüm, yer altında şəhər gördüm, nədir o, metrodur metro” mahnısına qulaq asmaqla musiqi tərbiyəsi alacaq. Ancaq rus dilində sevgi, dostluq, anaya məhəbbət haqqında onlarla mövzudan qidalanan normal musiqilər var ki, uşağın normal formalaşmasına yardım edir”.
“Tom və Cerri” qlobalist mədəniyyətin nökərlərini tərbiyə eləyir
Əli İsa Cabbarov həmçinin bizimlə razılaşdı ki, silahlı çarpışmalarla dolu aqressiv Qərb animasiya filmlərinin bizim uşaqların psixologiyasına təsiri qaçılmazdır. Amerikada belə filmləri efirdən çox vaxt yığışdırırlar, çünki uşaqlar onların təsiri altında silahlanıb adamları öldürməyə belə cəhd edirlər. “Öldürməyi, terroru aşılayan uşaq filmlərini bizim efirə buraxmaq kimə lazımdır, sizcə” sualına mütəxəssisin cavabı belədir: “Biz bu cəhətdən artıq bir neçə nəsli itirmişik. Təkcə uşaq filmləri deyil, həm də kompüter oyunları da bunu aşılayır. Biz alternativlər düşünməliyik. Bu total bir siyasətdir. Əgər Cırtdanımızı, Tıq-tıq xanımımızı asanlıqla “Tom və Cerri”yə qurban vermişiksə, bu bizim günahımızdır. Xaricdən gəlib bizə deməməlidirlər ki, uşaqlarınız üçün film çəkin, göstərin.
Bu yaxınlarda biz internetdə “Sehrli xalat” filminin çox nəfis tərtibatda alman dilində səsləndirilmiş versiyasına rast gəldik. Halbuki bu keyfiyyətdə, bu tərtibatda “Sehrli xalat” Azərbaycan telekanallarının heç birində yoxdur. Mən o filmə almanca baxanda fəxr elədim ki, nə yaxşı bizim Əlisəttar Atakişiyev kimi rejissorumuz və belə filmimiz var. O filmi bərpa edərək dünya klassik uşaq filmləri kitabxanasına daxil ediblər. Vaxtilə Almaniya Demokratik Respublikası o filmi əldə edib və prokata çıxarıb. Bizdə “Qərib cinlər diyarında”, “Sehrli xalat”, “Bir qalanın sirri”, Gülbəniz xanımın filmlərini bərpa edib, uşaqlara təqdim eləmək lazımdı. “Tom və Cerri” qlobalist mədəniyyətin nökərlərini, xidmətçilərini tərbiyə eləyir. Bu cür filmlərlə tərbiyə alan uşaq sabah xarici qlobalist mədəniyyəti əlində saxlayan ağaların istəyi ilə hərəkət edəcək. Yüz minlərlə 15-20 yaşlı vətəndaşlarımız var ki, “Məşədi İbadı”, “Arşın mal alan”ı tanımır, Üzeyir Hacıbəyovu, Qara Qarayevi bilmir. Biz özümüz öz əlimizlə mövqelərimizi qurban vermişik. Xaricilər bura avtomatla gəlib öz “Tom və Cerri”lərini sırımayıblar. Biz öz qeyrətsiz, vicdansız münasibətimiz nəticəsində bu meydanı xaricilərə vermişik”.
Uşaq filmini çəkmək üçün rejissor olmaq kifayət deyil
Kino tənqidçisi Ülvi Mehdi də hesab edir ki, yeni uşaq filmlərinin yaranmaması qüsurlu haldır: «Sovet vaxtında uşaq kinosu ilə bağlı dövlət proqramı var idi. “Uşaq filmləri” (“Фильм-детям”) kinojurnalı mövcud idi. Bunun əsasında da təbii ki, pioner hərəkatı ilə bağlı təbliğat dayanırdı. Həmin filmlərin ətrafında böyük auditoriya formalaşırdı. Bunda sovet televiziyası da az rol oynamırdı. Çünki əsas sifarişçi SSRİ Dövlət Teleradio Şirkəti idi. Azərbaycan da digər respublikalar kimi, uşaqlarla işləmək üçün büdcə ayırırdı və “Azərbaycanfilm” studiyasında ildə təqribən 2 uşaq filminin istehsalı nəzərdə tutulurdu. Bu proqram nəticəsində biz “Sehrli xalat” kimi şedevr yarada bildik. Atakişiyevin çəkdiyi bu film məşhur sovet kino nağıllarını ekranlaşdıran Aleksandr Ptuşkonun filmləri ilə bərabər səviyyədə dayanırdı. Doğrudur, çox vaxt Azərbaycan nağıllarının qəhrəmanları nökərlik, yaltaqlıqla məşğul olurlar. Bəlkə də, bu tipli nağılları ekranlaşdırmağa ehtiyac yoxdur. Ancaq problem ondadır ki, Mədəniyyət və Turizm Nazirliyinin nəinki uşaq filmləri ilə bağlı, ümumiyyətlə filmlərlə bağlı konkret proqramı yoxdur. Çünki bizdə kinoteatrlar və kinoprokat yoxdur.
Azərbaycanda son dövrlərdə çəkilən filmlər ziyana işləyir. Uşaq filmlərini çəkən adam rejissordan başqa həm də psixoloq olmalıdır ki, o, uşaqların psixologiyasını nəzərə ala bilsin. Bilirsiniz ki, uşaqlar və heyvanlarla işləmək çox çətin hesab olunur. Mən bunu anam Şəfiqə Məmmədovanın çəkildiyi “Qaraca qız” filmindən bilirəm. Şəfiqə xanım deyir ki, “Mən Şamil Mahmudbəyovun uşaqlarla və heyvanlarla işləmək qabiliyyətinə heyran qalırdım”. Amma təəssüf ki, indi bizdə uşaqlarla işləmək qabiliyyəti olan yaradıcı heyət tapmaq mümkün deyil”.
Nağılları ekranlaşdırmaq mümkün deyil ?!
Мədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, nazirlik bu istiqamətdə hansısa addımları atmaq fikrindədir, lakin mütəxəssis çatışmazlığı əngəl yaradır: “Uşaq filmi çəkmək çox çətin işdir. Əgər bizdə hansısa rejissor iddia edirsə ki, mən uşaq filmi çəkərəm, o düz demir. Buna xüsusi hazırlıq, həvəs və bacarıq lazımdı. Axırıncı tammetrajlı bədii uşaq filmimiz 1995-96-cı illərdə çəkilib, Ənvər Əblucun “Ağ atlı oğlan”ı. Bundan başqa, uşaq mövzusunun ön planda olduğu qısametrajlı bədii filmlər də çəkilib. Bu yaxında bizim Kino üzrə Ekspert Şurası uşaq mövzusunda ssenarini qəbul edib və onun çəkilməsi nazirliyə tövsiyə olunub. Bu film çəkiləcək. Şərti adı “Dəyərli adlar”dır. Təbii ki, uşaq filmləri sahəsində boşluq var. Bu boşluğu doldurmaq lazımdır. Dəyərli ssenari yoxdur. Kadr yoxdur ki, bu barədə layihələri reallaşdırsın”.
Nağılların ekranlaşdırılmasının mümkünsüz olduğunu vurğulayan Y.Şeyxov azərbaycanlı uşaqların Qərbin yaradıcılıq məhsullarına baxmasında mənfi heç nə görmür: “Əgər kimsə düşünürsə ki, “Tom və Cerri” pis cizgi filmidir, yanılır. Xaricdə çox yaxşı və ustalıqla uşaq filmləri çəkməyi bacarırlar. Təəssüf ki, biz bu ənənəni itirmişik. Sadəcə bu ənənəni bərpa eləmək fikrindəyik və bu istiqamətdə nəsə addımlar atılır. Hər hansı bir klassik nağıl kinoda necə görünə bilər? Nağılların ekranlaşdırılması, nağılın kino dilinə çevrilməsi son dərəcə çətin və mümkün olmayan bir şeydir”.
“Olmazmı ki, bizim uşaqlara aqressiyanın daha çox olduğu Qərb filmləri ilə yanaşı, öz psixologiyamıza yaxın olan milli filmlərə baxmaq seçimi də verilsin” sualımıza cavabında Şeyxov dedi: “Başa düşürük ki, bizim uşaqlar milli adət-ənənələr üzərində çəkilmiş filmlərə baxmalıdır, onların mentalitetinin formalaşmasına audiovizual sənətdə, onun kino bölümündə nəsə kömək olmalıdır. Nələrsə olunur, amma bu işdəki çətinliklər, bu işin istənilən səviyyədə, intensivlikdə aparılmaması prosesin qabağını alır”.
Hər üç mütəxəssisin fikrinə əsasən belə bir ümumiləşmə aparmaq mümkündür: Azərbaycanda uşaq filmlərinə ehtiyac var. Amma bunun üçün lazım olan iradə, qabiliyyət, sistemli siyasət, maliyyə vəsaiti, kadrlar, dəyərli ssenarilər, vətənpərvərlik ruhu yoxdur. Deyəsən, biz günlərin birində bu yoxların siyahısında gələcəyi itirilmiş uşaqlarımızı da tapacağıq. Sadəcə, təəssüflər...