Ötən əsrin ortalarında dünyada kinofestivallar təşəkkül tapanda bu tədbirlərin aparıcı simaları rejissorlar hesab olunurdular. Təşkilatçılar da əsasən yalnız rejissorların qayğısına qalırdılar. Ulduz aktyorların festivallara təşrif buyurması isə son illərin dəbidir. Bu dəbin geniş yayılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Festivallar kino sənayesinin inkişafına təkan verir, ən müxtəlif əməkdaşlıq müqavilələri məhz festivallarda bağlanır.
Məsələn, Venesiya festivalında 2003-cü ildən xüsusi ”Venesiya kino nümayişləri” adlı proqram təşkil edilib. Proqram məxsusi olaraq potensial satıcılar, alıcılar, prodüsserlər üçün nəzərdə tutulub. Onlar “Kazino” kinoteatrının baxış zallarında kino çarxlarına və videokasetlərə baxırlar. Sonra da ”Sinema-qarden”in xüsusi ayrılmış otaqlarında dincəlir və yeni müqavilələr bağlayırlar. “Venesiya kino nümayişləri” proqramı həm festivalı kino istehsalcılarının dəstəyi ilə təmin etmək, həm də Venesiyada kino bazarı yaratmaq məqsədilə meydana çıxıb.
Hollivudun bəzi rejissorları — Devid Linç, Kronenberq, Koen qardaşları və avropalı rejissorların əksəriyyəti öz filmlərinin ilk premyerasını kinofestivallarda keçirməyi artıq ənənəyə çeviriblər. Lars fon Trier, Kim Ki Duk, Fransua Ozon kimi rejissorlarla publikanın ilk tanışlığı festivallarda baş tutub. Bu gün bütün dünya üzrə 600-ə yaxın kinofestival keçirilir. Onların əksəriyyəti, xüsusilə də Kann, Venesiya, Berlin kimi böyük beynəlxalq festivallar müasir dövrün tələbləri ilə ayaqlaşmağa, müasir kinematoqrafiyanın bütün yeniliklərini əhatə etməyə çalışır. Gündəmdən düşməmək, “A” katerqoriyasında yerini saxlamaq üçün əllərindən gələni edirlər.
Ən pis filmlərin festivalı — “Garbage”
Artıq kino deyəndə, yalnız lentə çəkilmiş filmlər nəzərdə tutulmur. Xüsusi proqramlar çəçivəsində videofilmlər, eksperimental lentlər, videokliplər, kommersiya çarxları, bədii və sənədli filmlərin müsabiqəsi keçirilir. Heç bir janr, forma, həcm məhdudiyyəti qoyulmur. Özü də bu proqramlarda iştirak edən filmlər və audio-vizual sənətin digər növləri əvvəllər olduğu kimi, həvəskar deyil, professional işlər kateqoriyasına daxildirlər. Eyni zamanda, hər hansı bir istiqamətdə ixtisaslaşmış festivallar da var. Məsələn, Amerikada yaranmış “Sandens” kinofestivalı kimi. Burada yalnız müstəqil rejissorların azbüdcəli filmləri (Hollivudun nəhəng studiyalarında çəkilməyən filmlər) yarışır. Ya da Finlandiyada keçirilən beynəlxalq “Garbage” film festivalı kimi. “Garbage” ən pis filmlərin festivalıdır. Ən maraqlısı isə odur ki, bu müsabiqəyə göndərilən işlərin sayı heç də başqa festivallardakından az deyil. İndi tez-tez təkrar edildiyi kimi, ən yaxşı reklam elə antireklamdır.
Azərbaycanda festivallar özünütəsdiq yolundadır
Azərbaycanda da müxtəlif miyqaslı, o cümlədən beynəlxalq kinofestivallar keçirilir. Baxmayaraq ki, ildə cəmi 5-6 tammetrajlı bədii film və 10-12 sənədli film çəkilir, ilbəil keçirilən festivalların sayı artır. Belə tədbirlərin kinomuz üçün əhəmiyyəti, milli kinematoqrafiyanın inkişafında hansı rol oynaması barədə müxtəlif fikirlər ola bilər.
Azərbaycanda keçirilən kinofestivallar arasında son dövrlər Beynəlxalq audio-vizual festivala maraq artmaqdadır. Burada bütün audiovizual sənətlərə (qısametrajlı bədii və sənədli filmlərə, reklam, klip nümunələrinə, animasiya filmlərinə) yer ayırılır. Festivala əsasən 20-30 yaşlı gənc müəlliflərin ekran işləri təqdim olunur. Amma keçən il bu festival keçirilmədi.
“Şərq Qərb” beynəlxalq kinofestivalı davamlı olaraq keçirilsə də, hələlik beynəlxalq kinoməkanda özünə layiqli yer tapa bilməyib. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildən təşkil etdiyi “Start” Beynəlxalq Tələbə Filmlər Festivalı da hələ özünü təsdiqetmə yolundadır. Buna baxmayaraq festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ildən-ilə inkişaf edir.