“Küçükpazar”lı Mustafanın oğlu
11 noyabr 1944-cü ildə İstanbulun “Küçükpazar” ərazisində Mustafa və Saimənin övladları dünyaya gəlir. Kasıb həyat tərzi sürən və sıradan bir ailə olan Sunal ailəsindən heç kimin ağlına da gəlməzdi ki, soyuq noyabrda doğulmuş bu körpə illər sonra milyonların qəlbini fəth edəcək dünyaca məşhur bir aktyora çevriləcək. Körpəyə Kamal adı verildi. Kamalın Çingiz və Cəmil adlı iki qardaşı da var idi.
Getdiyi ilk məktəb “Memar Sinan", məzun olduğu təhsil ocağı isə “Vəfa liseyi” oldu. Ali təhsilini “Mərmərə universitetinin” qəzetəçilik fakultəsində alan aktyor, tələbə ikən həm də fabrikdə işləyirdi. Hələ “Vəfa liseyi”ndə oxuyarkən aktyorun fəlsəfə müəllimi, onu Türkiyə teatrının öndə gedən simalarından olan Müşfiq Kentər ilə tanış edir. Məhz bu tanışlıq aktyorun gələcək həyatına təsir edən məqamlardan biri olur.
1964-cü ildə əsgərliyini orkestr tərkibində çəkib bitirdikdən sonra aktyor fəaliyyətinə başladı. Yenə “Vefa liseyi” ona bu şansı verdi. Həvəskar aktyor kimi ilk rolunu teatr səhnəsində aldı. Daha sonra Müşfiq Kəntər onu öz teatrına (Kəntərlər teatrı) dəvət etdi. Burada aktyor professionallaşdı və yüksəliş dövrünə qədəm qoydu. Buradan “Ülvi Uraz”, sonra “Ayfer feray” və son olaraq “Dəvəquşu kabare” teatrlarında işlədi. Amma aktyorun arzusu böyük kino idi. O özünü kino aktyoru kimi hiss edirdi. Bütün illər ərzində ancaq bu amal uğrunda çalışırdı. Nəhayət rejissorlardan birinin diqqətini cəlb etdi. “Dəvəquşu kabare” teatrında rol aldığı tamaşaların birində onu izləyənlər arasında o dövr Türkiyə kinosunun ən məhşur rejissoru var idi- Ərtəm Əyilməz. Kamalı bəyənən rejissor ona bir başa film təklif etdi və bununla da Kamalın arzusu çin oldu.
Kamal necə Şaban oldu?
1973-cü ildə aktyor Ərtəmin “Şirin dilim” filmində ikinci dərəcəli rol aldı. Amma elə debütdaca nəzərləri özünə cəlb etdi. Heç kimin tanımadığı bir aktyor birdən birə Tarık Akın kimi sənətkarla eyni filmdə rol almışdı. Rolunun öhdəsindən isə sanki yüzlərlə filmə çəkilmiş aktyor kimi çox asan və rahat şəkildə gəlmişdi. Kamal olduqca səmimi görünürdü ekranlarda. Adət olunmayan dərəcədə kobud üz cizgilərinə malik, yekədiş bu aktyor sanki sıravi bir insan kimi birdən-birə Türkiyə kinosunun nazlı-qəmzəli aurasına girmiş, ora rəng qatmışdı. Özü ilk rolunu, teatr rolunu belə xatırlayır: “İlk teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm ki, səhnənin bir başından girib, o biri başından çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən az qala ölür. Bu məni sevindirdi. Bununla da qərara aldım. Nə olur olsun mən bu insanları güldürəcəyəm!”
1974-cü ildə aktyor subaylıqla vidalaşır. Gül Sunalla bərabər onların bir oğlan (Əli Sunal) və bir qız (Ezo Sunal) övladları dünyaya gəlir.
Həm evlilik, həm də kino kariyerasının yüksəliş nöqtəsində olması aktyoru xöşbəxt edirdi. Elə evlilik ilində Kemal filmdə ilk baş rolunu (Salako filmi) ifa etdi. Ardınca isə məhşur “Hababam sınıfı” filmləri trilogiyası aktyora böyük şöhrətlə bərabər, ləqəb də gətirdi — Şaban. Şaban kimi sevilməsi aktyoru qətiyyən narahat etmirdi. Bundan rejissorlar istifadə edirdilər.
Onlar məhz Kemal üçün nəzərdə tutulan obrazları Şaban adlandırırdılar. Şaban obrazı Türkiyənin qəhrəmanına çevrilmişdi. 1977-ci ildə Antalya film festivalında “ən yaxşı kişi rolu” nominasiyasında “Qapıçılar kralı” filmindəki Seyid obrazı ilə laureat oldu. On bir il sonra bu yenə təkrarlandı. Bu dəfə “Düttürlü dünya” filmi aktyora “qızıl portağal” qazandırdı. Həyatı boyunca 82 filmdə rol almışdı. Filmlərinin bir çoxu Türkiyənin sosioloji vəziyyətini göstərir. Məhz bu cür rolları aktyoru xalqın gözündə fenomenə çevirmişdi. Kamal olduqca intizamlı və prinsipli aktyor kimi tanınırdı. Heç vaxt oynayacağı rola görə hər hansı bir rejissor və ya film şirkəti ilə müqavilə bağlamazdı. Ümumiyyətlə müqavilələri heç sevməzdi.
Öz dediyi kimi onun üçün Kamal sözü bütün müqavilələrdən üstün və keçərli idi. Ailəsinə sadiq və millətini sevən biri idi. Təsadüfü deyil ki, ilk və son bərbəri eyni insan olub. Zahiri görünüşünə görə Zeki Müren onun haqda “Fernandel və Belmandonun qarışığı sanki...” söyləmişdi. Fernandel Fransada 1930-60 cı illər arasında məhşur komediya ustası və müğənni kimi tanınırdı. Fernandelə bənzədilmə Kamalın özünün də xoşuna gəlirdi. Təvazökar aktyor müsahibələrində özünü tənqiddən heç vaxt çəkinmirdi: “Mən yaraşıqlıyam? Əlbətdə deyiləm. Mən atsifətəm...”
«Varlığı ilə yoxluğu bilinməzdi...»
Aktyor kariyerası ərzində Ərtəm Əyilməz, Zəki Ökten, Kartal Tibet kimi rejissorlarla işləmişdi. Rejissorların hər biri Kemalı möhtəşəm aktyor adlandırırdı. Emel Sayının aktyor haqqında dediyi bu cümlə isə Kamalı ən doğru izah edən fikirlərdən birincisi olaraq görülür: “Varlığı ilə yoxluğu bilinməzdi. Amma rejissor “motor” qışqıran kimi qarşımızda devləşən aktyoru görürdük!”
1995-ci ildə yarımçıq buraxdığı “Mərmərə universitetinin” məzunu oldu. 1993-97 illər aralığında dizi filmlərində rol aldı. O vaxt üçün rekord göstəriciyə çatdı dizilərin izlənmə sayı.
3 iyul 2000-ci il. Aktyor “Balalayka” filminin çəkilişi üçün Trabzona uçmalı idi. Aktyorun biletində oturacaq yeri 1D göstərilsə də, o 4D-də əyləşir. Həyacanlı olması gözdən qaçmırdı. Çünki, aktyor o vaxta kimi heç vaxt təyyarəyə minməmişdi. Onun fobiyası idi bu.
Təyyarə Trabzona enən vaxt aktyor başını ehmalca sağa əyib, elə o vəziyyətdə də qalır. Təcili yardım 21 (!) dəqiqə sonra gəlir. Amma artıq aktyor dünyasını dəyişmişdi. Onun ölümü milyonlarla insanı yasa boğdu. Türkiyədə qeyri- rəsmi matəm günü keçirildi. Ölən zaman 55 yaşı var idi. Onunla bir çox filmlərdə tərəf müqabili olmuş Zəki Alasya Kamalı belə xatırlayır:
“O olduqca kübar və ciddi insan idi. Həyatda tam başqa bir Kamal var idi. Həqiqətən dahi idi. Zahirən çox güclü görünsə də, uşaq kimi fobiyaları var idi. Sadəcə onları hamıdan gizlədərdi. Onun ölümünə səbəb elə qorxduğu təyyarə oldu. Bir də çox təəsüflənirəm ki, o Şaban kimi yadda qaldı. Rejissorlar sanki ondan sui-istifadə etdilər. Saf olduğundan o bunları duymadı. O daha ciddi və dərin rollarda dünyaya sözünü deməli idi. Ancaq buna görə təəsüflənirəm ki, tez getdi aramızdan.”
Kamalın adını əbədiləşdirməkdən ötrü Vakıfbank sənət mərkəzinə onun adını verib. Bundan əlavə aktyorun məzun olduğu “Vəfa liseyi” hər il ən istedadlı tələbələrinə “Kemal Sunal mədəniyyət və sənət” diplomu təqdim edir.
Ötən il İMDB-nin sorğusuna əsasən “Bütün zamanların ən yaxşı komediya filmi” sorğusunda məhz Kamal Sunalın baş rolu ifa etdiyi “Şaban oğlu Şaban” filmi birinci oldu. Aktyor Çarli Çaplin, Lyu de Fines kimi ünlü komediya ustalarını üstələmişdi.
Aktyorun ölümünün doqquzuncu ildönümü keçiriləndə oğlu Əli Sunal əsgərlikdə olduğundan aktyorun xatirə tədbirinə qatıla bilmədi, amma onun göndərdiyi məktub tədbirdə iştirak edənləri kövrəltdi. Məktubun son hissəsi bu cür idi:
”… baxdıq ki, belə olmur, bir ümid işığı yoxdur və bizi səndən başqa anlayan yoxdur, məcbur qalıb sən varmışsan kimi yaşamağa davam etdik. Yaşamalıydıq. Sən getdin, biz burda qaldıq. Narahat olma, rahat uyu. Yeni doğulan və səni heç tanımayan bacı və qardaşlarımız da baxır, Hababam sinifinə, Tosun Paşaya, Salakoya… Buraxdığın əsərlər xoşbəxt edir. Həyata ümid işığı salır. Sənin adını sənin şərəfinə milyonlara qoyurlar. Sən getdin. Bizsə qaldıq. Bizmi? Hələ də bir yanı sınmış, amma dimdik ayaqlar üstə. Sənin açdığın cığırla, sən buyurduğun kimi yaşamağa davam edirik. Yalnız bu gün ayrıyıq. Biz indi burda, əldə silah vətənə xidmətdəyik. Bu məktubla anamın, mənim, Ezomun (aktyorun qızı), sevənlərinin qəlbi birləşmiş halda sənin qəbrin üstədi, ata. Bizə buraxdığın gözəlliklərə görə minnətdarıq. Çox darıxmışıq, amma ağlamayacağıq. Gözün arxada qalmasın, heç ayırmayıb səni özümüzlə daim yaşadacağıq. Yaxşı… Sən getdin. Bizsə burda qaldıq...”
Müəllif: Şahin Xəlil
Mənbə: Publika.az