XX əsrin 50-60-cı illərində dünya ekranlarında nümayiş olunmağa başlayan «Qraf Monte-Kristo», «Parisin sirləri», «Kapitan Frakass» və " Fantomas" macəra trilogiyası bu gün də çox maraqla baxılır. Adıçəkilən ekran əsərlərinin sevilməsinin əsas səbəblərindən biri baş qəhrəman rollarını məharətlə oynayan dünya kinosunun parlaq ulduzlarından olan məşhur fransız aktyoru Jan Maredir.
Çəkildiyi filmlərdə romantik qəhrəman obrazlarını yaradan Mareni haqq və ədalət uğrunda, zəif və kimsəsizləri müdafiə etmək üçün şər qüvvələrə qarşı hər an döyüşə atılmağa hazır olan mərd və cəsarətli cəngavər kimi görürük. At çapmaq, qılınc oynatmaq, qeyri-bərabər qüvvələrlə yumruq davasından geri çəkilməyən aktyor, sanki bu cür obrazları yaratmaq üçün yaranmışdı. Həqiqətən belə rolları oynamaq onun stixiyası idi. Xüsusi idman hazırlığı olmadan, amma güclü və atletik bədən quruluşuna malik Jan Mare hətta aktyor həyatı üçün təhlükəli olan tryukləri də özü yerinə yetirirdi. Baxmayaraq ki, buna etiraz edənlər də olurdu. Demək lazımdır ki, bəzi hallarda o, bunun cəfasını da çəkirdi. Axı kaskadyorlar üçün nəzərdə tutulan kadrların çəkilişi heç də həmişə ifaçılara xəsarət almadan başa gəlmirdi.
Jan Mare (əsl soyadı Villen Mare) 1913-cü il dekabrın 11-də Şerbur şəhərində anadan olmuşdur. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu «Xoşbəxtlik», «Təzə adamlar» və «Alovlu gecələr» filmlərində epizodik rollara çəkir.
Jan Mare aktyorluq karyerasının başlanğıcında müvəffəqiyyət qazana bilməsə də, o, özünü xoşbəxt və bəxti gətirən adam hesab edir. Bu barədə Mare müsahibəsində belə deyib: «Fortuna məndən üz döndərəndə də, son nəticədə bəxtim həmişə üzümə gülürdü. Bir dəfə kütləvi səhnə üçün iştirakçı toplayan rejissor mənim haqqında belə söylədi: „Bu oğlanın istedadı var, ancaq o, bizə bədbəxtlik gətirəcək. Mən çox məyus oldum. Ertəsi gün paralel kursdan olan uşaqlar mənə öz tamaşalarında rol təklif etdilər. Əvvəlcə razılıq vermədim. Sonra biləndə ki, pyesin müəllifi gənc aktyorların kumiri Jan Koktodur, əlbəttə ki, razılaşdım. Bu hadisə 1934-ci ildə olub. Sınaq tamaşasını izləyən Kokto məni rola təsdiq etdi. Dahi sənətkarla dostluğumuz beləcə başladı”. 1936-cı ildə Parisdə keçirilən beynəlxalq sərgiyə hazırlıq günlərində tamaşaya hazırlanan Jan Koktonun “Çəhənnəm maşını» antik trilogiyasında müəllif baş rolun ifasını Mareyə tapşırır. Aktyor gurultulu alqış qazandıqdan sonra o, bir-birinin ardınca tamaşalarda iştirak etməyə dəvətlər alır. O zaman Mare üçün hətta xüsusi pyes də yazılmışdı. Daha sonra Jan Mareyə Fransanın bir nömrəli teatrı sayılan «Komedi-Fransez»də və yeni filmlərdə baş rolları oynamağa sevindirici təkliflər gəlməyə başladı.
Qeyd etmək lazımdır ki, Marenin yaradıcı şəxsiyyət kimi yetişməsində şair, dramaturq və rejissor Jan Koktonun böyük təsiri olub. Mare teatr səhnəsində ən yaxşı rollarını Koktonun yazdığı "Şah Edip", «Dəyirmi stolun cəngavərləri» və «Dözülməz valideynlər» pyeslərində oynayıb. Jan Marenin ifacılıq tərzi emosionallığı, temperamenti, ifadəli və təsiredici gücü ilə, eyni zamanda intellektuallığı, plastik davranışı və yüksək səhnə mədəniyyəti ilə tamaşaçını valeh edirdi.
Jan Marenin kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin cəkdiyi «Yandırılmış ev» filmidir. 40-50-ci illərdə isə o, romantik rolları oynamaqla məşhur olub. "Əbədi qayıdış«da (1943) Patris, „Karmen“də (1943) Xose, „Praf Monte-Kristo“da (1953) Edmon Dantes, habelə J. Koktonun rejissorluğu ilə çəkilmiş „Gözəlcə və əjdaha“ (1946), „İkibaşlı qartal“ (1947), „Orfey“(1949), „Orfeyin vəsiyyəti“ (1960), görkəmli İtalyan rejissoru Lukino Viskontinin „Bəyaz gecələr“(1957) filmlərində və Fantomas haqqında seriallarda yaddaqalan rollar yaradıb. Kino həvəskarları „Kapitan Frakass“, „Parisin sirləri“ və „Dəmir maska“ filmlərində Marenin oynadığı qəhrəmanları böyük məhəbbətlə sevmişlər. Jan Mare filmlərə çəkilməklə bərabər, teatr səhnəsində də işini davam etdirirdi. Bu barədə aktyor belə deyib: „Mən teatrı qəlbən sevirəm. Lakin kinoya da çox minnətdaram. Cünki o, məni dünyaya tanıtdırıb. Bununla da kino bütün teatrların qapılarını mənim qarşımda açıb. Mən həmişə demişəm, bəxtim hər zaman gətirib. 75 ekran əsərində və 50 teatr tamaşasında oynamışam. Molyer, Şekspir, Kokto, Şou… Gördüyünüz kimi, səhnədəki rollarımın siyahısı böyükdür“.
Yeri gəlmişkən, xatırladaq ki, Jan Mare 1974-cü ildə Fransanın Aktyorlar İttifaqına rəhbərlik edib.
Jan Marenin aktyorluq taleyi başqalarından xeyli fərqlidir. Bəzən o, yaxşı rejissorlarla ümumi dil tapa bilmir, dahi və kommersiya ruhlu rejissorlarla isə çox gözəl nəticəyə nail olurdu. Mare belə filmlərdə macəraların sirli və istəkli qəhrəmanına çevrilirdi: „Puç olmuş arzular“da çinayətkar şahzadə, „Taleyin əmri“ndə əyyaş dahi, „Qraf Monte-Kristo“da böhtan nəticəsində ömürlük məhkum olunmuş gənc… Mare bu filmlərdə romantizmin gözəlliyini və saxtalığını özündə təcəssüm etdirmişdi.
Jan Marenin iştirakı ilə çəkilən filmlərdə görürük ki, o, zəif və alçaldılmış insanlara kömək etmək üçün at belində, əlində silah düşmənlə döyüşür, zavallı, məsum bir qızı xoşbəxt etmək üçün səxavətini əsirgəmir, ona bahalı hədiyyələr verir, bəzən də üzünə maska taxaraq, zamanın güclü və amansız hakimlərinə həqiqəti açıb göstərir. Bütün varlığı ilə sənətinə bağlı olan Marenin oynadığı qəhrəmanlar böyük ürəyə və ideal xeyirxahlığa malikdirlər.
»Qraf Monte-Kristo" kino əsərinin qəhrəmanı Edmon Dantes sevdiyi qızla toy etməyə hazırlaşır. Satqın dostları isə ona paxıllıq edir və toy vaxtını uzatmağa çalışırlar. Onlar Dantesin guya ingilis casusu olduğunu müstəntiqə deyirlər. O zaman Napoleon dövrünün hüquq orqanları siyasi çinayətkarlara qarşı çox qəddar idilər. Rütbə almaq üçün zirək tərpənən müstəntiq Vilfor istintaq aparmadan nazirə və prokuror Danqlara donos yazır. Bədbəxt Edmon nişan gecəsində həbs edilir. Valideynləri və nişanlısı dəqiq məlumat əldə etməyə çalışsalar da, axtarışlar nəticə vermir.
İki il göz yaşı axıdan Mersedes Edmonun satqın «dostu» Fernana ərə gedir. Xəyanətin qurbanı olan Dantes yeddi il İf qəsrində məhbus həyatı yaşayır, əzab və işgəncələrə dözür. Yalnız məhbəs qonşusu abbatın başa saldığı yolla qəsrdən qaçmağa müyəssər olur. Filmin birinci hissəsi «Böhtan», ikinci hissəsi «Qisas» adlanır. Azadlığa çıxan Dantes abbatın ona vəsiyyət etdiyi xəzinəyə sahib çıxır. İndi o, satqınlardan intiqam almağa hazırlaşır. Bunun üçün Edmon gah abbat Buzoni, gah dənizçi Sindibad, gah da lord Uilmuorun qiyafəsində çıxış edir və istədiyinə nail olur. Sonda xəyanət yolu ilə Dantesin nişanlısı Mersedesi ələ keçirən Fernan özünə qəsd edir, Danqlar müflisləşir, Vilfor ağlını itirir.
Aleksandr Dümanın romanı əsasında çəkilmiş bu ikiseriyalı film əvvəldən axıra kimi tamaşaçını həyəcan içində saxlayır. Baş rolun ifaçısı Jan Mare böyük ustalıqla yaddaqalan sevilən və insan qəlbini duyğulandıran obraz yaradıb. Film «Min bir gecə» nağılının koloritinə bənzəyən xoşbəxt sonluqla bitir. Edmon Dantes yunan qızı Qayde ilə yelkənli gəmidə səyahətə çıxır.
Teatr və kino Jan Mare üçün müqəddəs sənət ocağı olub. Deyirlər, istedadlılar hər sahədə istedadlı olurlar. Bunu gənc və yaşlı nəslin sevimli aktyoru olan Jan Mareyə də aid etmək olar. Mare on yaşından başlayaraq, molbert qarşısında durub müxtəlif rəsmlər çəkməyi xoşlayar, yaratdığı tabloları isə utandığından heç kimə göstərməzdi. Lakin bir dəfə təsadüfən Kokto Marenin çəkdiyi mənzərəni görüb bəyənir. Sonra həmin şəkli ona bağışlamağı Maredən xahiş edir. Bir gün Koktonun Madlen meydanında olan mənzilinə qonaq gələn Pikasso həmin şəkli görüb belə deyir: "Əgər bu mənzərəni hər hansı bir salonda görsəydim, onu mütləq alardım".
Jan Mare gənc yaşlarında dulusçuluqla da məşğul olurdu. Boş vaxtlarında gildən saxsı qablar düzəltməyi sevən aktyor hərdən bir kiçik heykəllər də yaradırdı. Onun bu işlərindən xəbəri olanlar var idi. Bir dəfə Parisin 18-ci rayonunun bələdiyyəsi Maredən yazıçı Marsel Emenin yubileyi münasibətilə onun heykəlini düzəltməyi xahiş edir. İndi həmin heykəl Monmartr meydanında uçalır. Bax, belə.
Son müsahibələrinin birində müxbirin -«gənc aktyorlara nəyi məsləhət görərdiniz?» — sualını Mare belə cavablandırmışdı: "İlk növbədə öz işlərinə tənqidi yanaşmağı və qazandığı müvəffəqiyyətlə kifayətlənməməyi. Əgər sənətində irəliləyiş olmasa, deməli, geridə qalacaqsan. Həyatda uğur qazanmaq istəyirsənsə, qarşına böyük məqsəd qoymalısan. Tam xoşbəxt olmaq üçün isə vicdan əzabı çəkmədən yaşamaq lazımdır. Yeri gəlmişkən, bu, təkcə aktyorlara aid deyil”.
Dahi aktyor Jan Mare 1998-ci il noyabr ayının 8-də Valoris şəhərində 85 yaşında dünyasını dəyişib.
Müəllif: Həsən Tağıyev
Mənbə: Mədəniyyət qəzeti