Maykl Mur dünya kinosunun ən mübahisəli və ən siyasiləşmiş rejissorlarından biri, bəlkə də birincisidir. Sənədli film ustası olan Mur adətən sosial və siyasi satira janrında işləyir. Ona şöhrət gətirən «Rocer və mən» adlı debüt filmi (1989) “General Motors” şirkətinin ABŞ-ın Flint şəhərində (Miçiqan ştatı) müəssisələrini bağlayandan sonra cəmiyyətdə baş verən sosial fəlakətdən danışırdı. Film ölkədə geniş rezonans yaratdı və prodüsserlər əmin oldular ki, sənədli film janrı da kino bazarında yaxşı gəlir gətirə bilər. Rejissorun diqqətçəkən digər sənədli filmi «Kolumbina üçün boulinq» (2002) oldu. Film 1999-cu ildə Kolumbina şəhərindəki (Kolorado ştatı) məktəbdə iki yeniyetmənin yaşıdlarını güllələməsinin səbəblərini araşdırır. Murun qənaətinə görə, faciənin kökündə Amerika cəmiyyətinin qeyri-sağlamlığı dayanır və bu cəmiyyət insanları həmişə qorxu altında saxlayır. Rejissor iddia edir ki, ölkənin hakim elitası və biznes korporasiyasının əsas məqsədi insanları sosial, ekoloji problemlərdən yayındırmaqdır. Ümumiyyətlə, «Oskar» mükafatçısı olan Murun hər filmi manifest xarakteri daşıyır. Siyasi baxışlarına görə solçu olan Mur Amerika hakimiyyətinə qarşı qatı müxalif mövqeyi ilə seçilir. Rejissorun 2004-cü ildə ekranlaşdırdığı «Farengeyt 911» filmi də o zamankı Corc Buş hakimiyyətinə qarşı kəskin bəyanat idi. Buşun siyasi intriqalarından bəhs edən, onun terrorçu Bin Ladenlə əlaqələri olduğunu iddia edən film həmin il Kann kinofestivalında «Qızıl palma budağı» alanda tənqidçilər bunu birmənalı qarşılamadılar. Onların fikrincə, Kann festivalı tarixində ilk dəfə olaraq sənədli filmin baş mükafat alması siyasi konyuktura idi və əslində Fransa hökumətinin mövqeyini ifadə edirdi. Hər halda «Farengeyt 911» sənədli kino tarixində ən çox gəlir gətirən film oldu.
İndi də Mur dünya kinosuna daha bir qalmaqallı filmlə gəlib: «Kapitalizm: sevgi hekayəti». Ənənəvi üslubda işləyən rejissor filmdə dünyanı bürümüş maliyyə böhranından bəhs edir və bu vəziyyətin yaranmasında keçmiş Buş administrasiyası ilə yanaşı, indiki Obama hakimiyyətini də qınayır. Sonuncu Venesiya festivalında mükafat alan filmi sıravi amerikalılar yaxşı qarşılayıb. Hərçənd bəzi qəzetlər onu təxribat, bəziləri isə əyləncəli siyasi çağırış adlandırıb. Almaniyanın «epd Film» kinojurnalına müsahibə verən Maykl Mur son filmi haqqında danışıb: - Tənqidçilər sizin bütün filmlərinizin mübahisəli olduğunu qeyd edir. Yeni filminiz də mübahisə yaratmaq üçün növbəti addımdır? - Mən mübahisələrdən çəkinmirəm. Mənim bütün filmlərim hadisələrə fərdi baxışımı əks etdirir. Faktlar, şübhəsiz ki, 100 faiz düzdür, amma onlar barədə mənim öz mülahizələrim var və bu, səhv və ya düz ola bilər. «Kapitalizm: sevgi hekayəti» filmi bir çox məsələlərin gerçək anlamını özündə ehtiva edir. Həmin məsələləri mən 20 ildir ki, təsvir edirəm. Əslində mənim bütün filmlərim kapitalizm haqqındadır. - Amansız tənqidlərə baxmayaraq sizin filmlərinizdə son nəticədə bir nikbinlik görünür. - Mən filmlərimdə həqiqət saydığım fikirləri demişəmsə, bunu şüurlu etmişəm. Hətta insanlar buna kəskin reaksiya versələr də. «Farengeyt 9/11» filmindən sonra mən azlıqda qalaraq Əfqanıstan və İraqdakı müharibəyə, Buş hökumətinə qarşı çıxdım. Amma bu filmdən sonra Buş daha 4 il müddətinə təkrarən prezident seçildi. - Maliyyə böhranı qlobal bir problemdir. Niyə siz filminizdə bu məsələdə ancaq Amerikanı günahkar sayırsız? - Çünki mən amerikalıyam. Biz nə ediriksə, bu bütün dünyaya təsir edir.
- İqtisadi böhranı bir filmdə sadələşdirmədən, bəsitləşdirmədən analiz etmək olarmı? - Bu çox çətindir. Ona görə də mən filmi həm əyləncəli, həm də düşündürücü etmək istəmişəm. Bununla yanaşı, siyasət mənim üçün birinci yerdə deyil, kino sənəti hər şeydən önəmlidir. Bilirəm ki, mənim bu mövqeyim gülməli səslənir. Amma əgər rejissor siyasəti kinematoqrafiyadan üstün tutursa, hətta onun çəkdiyi filmə adamlar həvəslə baxırsa belə, o zaman film yaradıcısı kimi rejissor uğursuzluğa düçar olur. Çox rejissorlar siyasi mövzuda sənədli filmlər çəkiblər və buna film kimi yox, siyasət kimi baxıblar. - Siz inanırsız ki, əgər birjalarda yenidən canlanma əmələ gəlsə, insanlar hər şeyi yenidən tezliklə unudacaqlar? - İnsanlar son illərdə ölkədə nə baş verdiyindən çaş-baş qalıblar. Amma mən heç də filmi cəmiyyətdə qəzəbi coşdurmaq üçün çəkməmişəm. Sadəcə insanların yaşantılarını ifadə etməyə çalışmışam. Amerika vətəndaşları dərk etməlidirlər ki, onlar bir vətəndaş kimi demokratiya üçün nə ediblər və mövcud vəziyyəti necə yaxşılaşdırmaq olar. İşsiz insanların və iflasların sayı hamıya birbaşa aidiyyatı olan məsələlərdir. Bəzi firmalar rəqiblərini sıradan çıxarmaq üçün bu böhrandan istifadə edirlər. Onlar indi bazarı inhisarçı kimi idarə edirlər. Çünki əslində kapitalist firmaları sovet iqtisadi sistemindəki rəqabətsizliyə, dövlət inhisarçılığına heyran idilər. - Siz özünüz harasa sərmayə qoyursuz? - Mən öz pullarımdan sərmayə kimi istifadə etmirəm, heç vaxt səhm almamışam. Bu təkcə onunla bağlı deyil ki, mən bu sistemə inanmıram, həm də ona görə ki, fəhlə ailəsində doğulmuşam. Biz belə tərbiyə olunmuşuq ki, haqqında təsəvvürümüz olmayan işlərə pul qoymayaq. Birja, səhm bazarı mənim üçün kazino kimi bir məkandır. Mən həmişə bu fikirdə olmuşam ki, pulu pulla yox, işlə qazanmaq lazımdır. Bu sadəcə cəmiyyət üçün çox pis bir şeydir. Əgər insanlar səhmlərə maraq göstərəcəksə və pullarına görə narahat olacaqsa, biz heç vaxt inkişaf etməyəcəyik. - Filminiz «Kapitalizm: sevgi hekayəti» adlanır. Burada kim kimi sevir? - Kapitalistlər öz pullarını sevirlər. Ən pisi odur ki, onlar həmçinin bizim, sadə insanların pullarını sevirlər. Maliyyə imkanlarının yalnız 5 faizi xalqın əlindədir. Əgər hər hansı antropoloq bizim cəmiyyəti müşahidə etsə, bunu necə adlandırardı? Varlılar heç zaman əldə etdikləri gəlirlə kifayətlənmirlər. «Kifayətlənmək» sözü kapitalizmdə qəbuledilməzdir. İstərdim ki, iqtisadi sistemimizdə əsl demokratiya olsun.
Müəllif: Sevda Əliəşrəfqızı Mənbə: Mədəniyyət qəzeti