Artıq yarım əsrdir ki, kino sənayesi biznesin ən gəlirli sahələrindən biri sayılır. İnsanlar filmlərə baxır, ağlayır, gülür və bunun üçün də pul ödəyirlər. Qəribə səslənsə də, bu bazarın dəyişilməz qanunu belədir. Çünki tamaşaçını ümidləndirmək, güldürmək və ya kosmosun əlçatmaz, maraqlı dünyasına cəlb etmək ucuz başa gəlmir, külli miqdarda pul tələb edir. Kino hamını cəlb edir. İstənilən düşüncə sahibi hansısa mövzuda, janrda «öz kinosunu» tapır. Düzdür, əvvəllər «hər bir kəs heç olmasa bir dəfə kinoteara gedib» sözləri işlədilirdisə, bu gün Azərbaycanda kinoteatrda bir dəfə də olmayan adam və hətta adamlar tapmaq çətin deyil. Səbəblər müxtəlif olsa da, başlıcası yerli kino bazarının inkişaf etməməsi, ümumiyyətlə, mövcud olmamasıdır. Halbuki, kino sənayesi ilk növbədə ölkə büdcəsinə iqtisadiyyatın digər sahələrindən az gəlir gətirməyən biznesə çevrilə bilər. Sadəcə, Azərbaycanda uzun illər boyu kino yalnız incəsənətin bir növü kimi qəbul olunub. Rejissorlar, ssenaristlər kinoya daha çox özlərini ifadə etmək üçün müraciət ediblər. Və incəsənətin ən gənc növünün həm də pul, maliyyə gətirə biləcəyi fikrini yaxın qoymayıblar. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, uzun illər boyu dediyimiz sovet dönəmində kino yalnız incəsənət növü kimi qəbul edilsə də, kino xadimləri yüksək qonorarlar alır, kinoteatrlardan dövlət büdcəsinə pul gəlirdi.
Bu gün isə bazar iqtisadiyyatı incəsənətin bütün növlərindən mütləq gəlir əldə etməyi diktə edir. Belə bir dövrdə incəsənətin digər növlərindən fərqli olaraq, təkcə kino barəsində danışanda iqtisadi terminlərdən - sənaye, istehsal, tələb, təklif, bazar, məhsul, reklam, konveyerdən istifadə edilir. Müasir dövrdə incəsənətin «son beşiyi» kinematoqraf nəinki yaşamaq haqqını qazanıb, hörümçək toru kimi qəliz bir şəbəkədən ibarət kinosənayeyə çevrilib. Son illər yerli kinematoqrafiyamız müəyyən mənada çətinlik içində olsa da, gənc rejissorlardan bəziləri kommersiya filmləri çəkməyə cəhd ediblər. Əfsuslar olsun ki, «Məhəllə 1, 2», «Məşədi İbad - 94», «Toy» kimi yumoristik filmlər zarafatlar toplusundan başqa bir şey olmadı. Amma buna baxmayaraq, bu filmlərin müəlliflərini də qınamağa dəyməz. Hər halda, onlar bu sahədə birinci addımı atanlardır və məlum olduğu kimi, «pionerlərin» işi həmişə əngəlli olub. Odur ki, kino sənayesi anlayışı bizə yad olduğundan inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməliyik. Bu baxımdan bizimlə eyni prosesləri yaşamış Rusiya kinosunda bu gün baş verənləri və Avropa ölkələrinin kinosuna nəzər salaq.
Rusiyada son iki-üç ildə çəkilən filmlər bu ölkənin kino tarixinə ən kassalı filmlər kimi düşüb. Məsələn, «Gecə qarovulçusu» filmi premyera günündən başlayaraq 14,7 milyon dollar topladı və ilk rus milli blokbasteri oldu. Bu film gəlirinə görə hətta «Üzüklər hökmdarı: Kralın qayıdışı» filmini də geridə qoydu. Elə bu uğur da rus kinematoqrafçılarını filmin iki sikvelini çəkməyə ruhlandırdı - bir-birinin ardınca «Gündüz qarovulçusu» və «Qəmgin qarovulçu» filmləri çəkildi. «Qarovulçu»lar hazırda Rusiyada Hollivudun «Ulduz müharibələri»nə bərabər tutulur. Bütün bunlara baxmayaraq, Rusiyada böyük ekranda blokbasterlərlə yanaşı, müəllif filmləri də görünür. Onlara təkan verən isə iki əsas maliyyə mənbəyi - dövlət və televiziyanın böyük kinoya aktiv şəkildə sərmayə qoymasıdır.
Son illər TV-lər Fransada və Amerikada olduğu kimi, təkcə seriallara deyil, həm də filmlərə kapital qoyur. Kino sənayesinin isə hansı yolla inkişaf etməsi məsələsi əvvəlki tək kəskin şəkildə diskussiyaya səbəb olur. Təkliflərdən biri kino sənayesini Qərb nümunəsində blokbasterlərin istehsalına yönəltmək və gəlirin bir hissəsini şah əsərlərin yaranmasına xərcləməkdir. Digəri isə vaxt itirmədən qeyri- kommersiya kinosuna pul qoymaq, bu prossesi isə xarici məhsulların göstərilməsindən əldə edilən gəlirlə himayə etməkdir.
Bir sıra kinematoqrafçılar isə daxili bazarı mühafizə etməyi vacib sayırlar. Məsələn, Avropada xarici filmlərin istehlakına kvota qoyulub. Rusiyada bu məsələ prokatçıları qane etmir. Onlar belə ayrıseçkiliyin yaxşı nəticə verməyəcəyini, Rusiya kinobazarının məhz açıq olduğu üçün investorları cəlb etdiyini deyirlər. Onu Çin və ya Hindistan kimi təcrid etməyin mənasız olduğunu bildirirlər. Amma hind kinematoqrafı da dünya kinosu ilə rəqabət apara bilən nümunələr təqdim edir. Hindistanda xarici filmlərin göstərilməsinə ciddi kvota qoyulub. Öz bazarlarını mühafizə etmək hindlilərə böyük Bollivud kino sənayesini yaratmaq imkanı verib. Bütün dünyada hökmranlıq edən Amerikaya hələ də bu bazara girmək nəsib olmayıb. Avorpalılar da son vaxtlar Amerikanın «kino işğalı»ndan çıxmağa müvəffəq olurlar.
Fransada kinoteatrlara axın yerli fimlərin istehsalı ilə bağlıdır. Son iki ildə ekranlara yeni fransız filmlərinin çıxması tamaşaçıların kinoteatrlara axınını 18-29 faiz artırıb. Polşada isə bu göstərici eyni səbəblər üzündən 80 faiz qalxıb. Rusiyada da əksəriyyət bu nümunədən istifadə etmək, öz leksikonundan «Hollivud» sözünü yığışdırmaq istəyir. İtirilmiş mövqeyini qaytarmaq niyyətində olan Rusiya kino sahəsində ciddi addımlar atır. İnişil Sankt-Peterburqda yeni, böyük kinofabrikin tikintişi başlayıb. Burada 700-1000 kvadrat metrlik altı pavilyon inşa edilir. Ruslar hesab edirlər ki, bu böyük layihə nüfuzlu xarici kinobiznes oyunçularını cəlb edəcək. Çünki Rusiyada kino çəkmək Avropadan bir neçə dəfə ucuz başa gəlir.
Türkiyədə isə kino son illər, demək olar ki, yenidən kəşf edilib. Bir-birinin ardınca həm səviyyə, həm də texniki keyfiyyət baxımından Qərb filmlərindən geri qalmayan ekran əsərləri çəkilməyə başlanıb. Bu filmlər bizim bu yaxınlara qədər tanıdığımız qəmli-kədərli eşq macəralarından ibarət, tamaşaçını ağlatmaq funksiyası daşıyan ənənəvi türk melodramları ilə heç bir oxşarlığı yoxdur. Bu gün türk kinosu Kann, Venesiya, Berlin kimi A kateqoriyalı beynəlxalq kinofestivallarda iştirak edir və nüfuzlu mükafatlara layiq görülür, türk aktyorları Hollivuda, Avropaya dəvət edilirlər. Paralel olaraq kino sektoru da inkişaf edir, kinoteatrlar genişlənir, yenilənir, tamaşaçıların sayı və gələn gəlirin məbləği artır. Statistikaya əsasən, əgər 1994-cü ildə bütün Türkiyə üzrə yerli filmlərə tamaşaçıların cəmi 2 faizi maraq göstərirdisə, 2006-cı ildə bu rəqəm artıq 52 faizdir. Aparılan araşdırmalar türk filmlərinin kino bazarına yeni tamaşaçı kütləsi cəlb etdiyini göstərir. Həmçinin tamaşaçı qrupları da genişlənir. Əgər son illərə qədər kinoteatrların əsas sakinləri 18-39 yaş arası kinomanlar idisə, indi əhalinin 40 yaşdan yuxarı olan hissəsi də filmlərə kinoteatrda baxmağa üstünlük verir.
Bizə gəlincə isə əlbəttə, Hollivudla rəqabət apara bilmərik. Buna qədər azərbaycanlı kino sənətçiləri sadəcə sifarişləri yerinə yetirir, prokatın və kassa gəlirinin qayğısına qalmırdılar. Bütün sahələrdə dünya standartlarına çatmağa çalışan dövlət kinoda da dəyişikliklər etməyə çalışır. Bu istiqamətdə atılan addımların ən uğurlusu isə ötən ilin əvvəlində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş müstəqil film istehsalçılarının layihələri üçün dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsi ilə bağlı yeni qaydadır. Belə ki, layihələri dövlət tərəfindən maliyyələşdirilən müstəqil prodüsser mərkəzləri ya aldıqları vəsaitin 30 faizini geri qaytarmalı, ya da məhsulları hər hansı beynəlxalq kinofestivalın minimum laureatı olmalıdır. Bu qayda film istehsalçılarında həm öz məhsullarının keyfiyyətinə, həm də dövlət vəsaitinə məsuliyyət hissinin artmasını təmin etmək məqsədi güdür. İkinci addım isə, yəqin ki «Nizami» kinoteatrının təmiri və böyük kinokompleksə çevrilməsidir.
Təəssüflər olsun ki, film istehsalatının dirçəlməsi həm də kino sənayesinin dirçəlməsi anlamına gəlmir. Azərbaycanda yeni filmlər keyfiyyətindən asılı olmayaraq hələ də cəmi bir gün, ən yaxşı halda isə bir həftə yerli kino ekranlarında boş zalın müşayiətilə göstərildikdən sonra rəflərə düzülür. Bundan sonra onları ya hansısa yerli festivalda, ya da televiziyada görmək olur. Amma bütün çətinliklərə baxmayaraq, kinoteatrlara tamaşaçı cəlb etmək, kinodan gəlir əldə etmək mümkündür.
Məsələn, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə güclü kino sənayesi yaradılıb. Və burada təkcə yerli kino deyil, müxtəlif ölkələrin filmləri də çəkilir. Elə Hollivudda istehsal olunan filmlərin 60% -i Avropada lentə alınır. Həmin təcrübəni bizə də şamil etmək olar. İstedadlı insanlar burada və ya Avropa ölkələrində beynəlxalq standartlara cavab verəcək təhsil alarlar. Əcnəbilər də filmləri üçün əlverişli kinopavilyon olacaq ölkəmizdə həm ideyalarını reallaşdırar, həm də yerli mütəxəssislərdən istifadə edərlər. Kinoteatrlara tamaşaçı cəlb etmək üçün isə ilk növbədə piratçılığın qarşısı alınmalı, televiziya kanallarına lisenziyasız filmlərin göstərilməsi qadağan edilməlidir. İstər xarici, istərsə də yerli filmlər ilk növbədə kinoteatrda, daha sonra isə televiziyada nümayiş olunmalıdır. Beləliklə, Azərbaycanda kino sənayesinin inkişafı üçün kinoteatrlar müasir standartlara cavab verməlidir. Kinoya daha çox vəsait qoyulmalıdır. Kino gəlir gətirməli və özünü təmin etməlidir. Şəxsi biznes sahibləri kinoya cəlb olunmalı, prokat, marketinq sistemi yaradılmalıdır. Və ən başlıcası, tamaşaçını maraqlandıracaq filmlər çəkilməlidir...
Müəllif:T. Babayeva-modern.az
Həmçinin bax:
Azərbaycan Kino Sənətin Tarixi