Adətən, belə filmlər bütünlüklə rejissorun zəhməti hesabına ərsəyə gəlib özündə müəllifin ideya və arzularını əks etdirdiyindən tamaşaçı tərəfindən o qədər də asanlıqla həzm olunmur. Bəzən tamaşaçı tərəfindən səhv anlaşılan, qəliz məzmunla xarakterizə edilən bu filmlərin ideyası, kinoya gətirdiyi yeniliklər əslində təqdirəlayiq haldır. Müəllif filmlərinin Azərbaycan kinosunda azlığını nəzərə alıb bunun səbəblərini araşdırmaq məqsədi ilə bir neçə mütəxəssisə müraciət etdik. Suallarımız isə belə oldu: 1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır? 2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır? 3. Dünya kino bazarında müəllif filmlərinin yeri.
Şamil Əliyev (kinorejissor): “Müəllif kinosunun əsasında yeni ideya, yeni mövzu dayanır. Rejissorda da nəyin bahasına olursa-olsun film çəkmək naminə yox, hansısa bir estetik ideyanı reallaşdırmaq arzusu olmalıdır. Bu gün Azərbaycan kinosunda rejissorlar yad ideyaları çəkməklə məşğuldurlar. Ona görə də müəllif kinosunun problemləri var. Yaradıcılıq azadlığı olmalıdır, müstəqil kino münasibətləri formalaşmalıdır. İstər orta nəsildə, istər yeni gələn nəslin içərisində müəllif kinosu çəkməyə qadir olan insanlar var. Hətta mən deyərdim ki, Azərbaycanda müəllif kinolarına üstünlük verilməlidir. Bloqbasterlər - böyük büdcəli filmlərin çəkilməsinə biz bu gün hazır deyilik. Maddi bazası, prodüser işinin formalaşmaması bunu deməyə imkan verir ki, böyük büdcəli filmlərin çəkilişi bu gün ölkəmiz üçün problem yarada bilər. Dövlətimiz kino sənətini qoruyub saxlamaqdan ötrü əlindən gələni edir ki, kinomuz yaşasın. Dövlətin pulunu xərcləmək hələ prodüserlik deyil. Müəllif kinosu üçün maddi texniki baza, müasir kino düşüncəsi formalaşmalıdır. Mən Azərbaycanda sanballı prodüserə rast gəlməmişəm. Müstəqil kino haqqında təsəvvür yaratmaq üçün yeni prodüserlər nəsli yetişdirmək lazımdır. Müəllif kinosunu dünya kino bazarından kənar təsəvvür eləmək düzgün deyil. Onun ən yaxşı nümunələrindən biri sayılan rejissor Andrey Zvyaginsevin “Qayıdış” filmi Venesiyada iki baş mükafat aldı və Rusiyanın son 15 ildə Avropa bazarına müvəffəqiyyətlə daxil olan yeganə filmdir ki, prokatdan 7 milyon gəlir gətirdi. Rus kino tarixində bu hadisədir. Həmçinin Nuri Bilge Ceylanın da filmləri xeyli uğur və gəlir gətirib. Bizim ölkədə də belə filmlər çəkmək istəyən rejissorlar var. Problem yalnız maliyyə ilə bağlıdır. Mən inanıram ki, bizim də ölkədə belə filmlər çəkiləcək və qoyulmuş məbləğdən artıq gəlir götürəcəyik”.
Teymur Daimi (kinoşünas): “Tez-tez cəmiyyətdə insanlarla ünsiyyətdə oluruq, müzakirələr aparırıq və görürəm ki, hələ müəllif filmlərini dərk edib qavramağa tam hazır deyilik. Ola bilər ki, televizorda gedən filmlər tamaşaçı zövqünü dəyişib. Müəllif filmləri tamaşaçıdan daxili intellektual və fərdi fikir tələb edir. Belə filmlər, adətən, müəyyən təbəqə, məhdud tamaşaçı üçün çəkilir, bütün kütlə bu filmi qəbul edə bilməz. Kommersiya baxımından bir o qədər də uğuru olmayan bu filmlərdə əsasən rejissorun ideyası, fəlsəfəsi əks olunur. Xaricdə xüsusi fondlar, qurumlar var ki, müəllif kinosuna dəstək verirlər. Hətta Fransada, Hollandiyada dövlət özü də belə filmlərin çəkilməsinə kömək edir. Həmçinin bu filmlərin nümayişi üçün xüsusi kinoteatrlar da fəaliyyət göstərir. Deyərdim ki, onlarla müqayisədə biz sıfır dərəcəsindəyik. Bir daha qeyd edirəm ki, əsas problem kütləvi hazırlıqsızlıqdır. Məsələn, eksperiment kimi Tarkovskinin hər hansı bir filmini televiziya kanallarımızdan birində yayımlasalar, inandırım sizi, tamaşaçı ona cəmi 20-30 dəqiqə baxa biləcək. 90 % belədir. Çünki tamaşaçının zövqü buna hələ hazır deyil”.
Mübariz Nağıyev (kinorejissor): “Müəllif kinosuna dünyada “Art Cinema” və “Art House” da deyirlər. Rusiyada bunun adını “Başqa kino” qoyublar. Bu, kinematoqrafın elə bir qoludur ki, burada filmin rejissoru ümumilikdə həmin ekran əsərinin tamhüquqlu müəllifi kimi çıxış edir və filmə görə məsuliyyəti tam olaraq tək özü daşıyır. Hər şeydən əvvəl, qəti rejissor fikri, bu fikir ətrafında müəllifə inanaraq toplaşmış yaradıcı qrup, rejissorun yaradıcı təxəyyülü və yaradıcı atmosfer lazımdır. Bu sonuncu, fərdi anlamdır və bunun üçün konkret meyar yoxdur, bu sahədə hər yaradıcı şəxsin özünəməxsus tələbləri var. Bu cür filmlərin çəkilməsi üçün maddi bazaya gəldikdə isə kommersiya filmləri ilə müqayisədə məsələ olduqca çətindir. Amma nəzərə alsaq ki, bizdə kino istehsalı 95 faiz dövlət qayğısına əsaslanır, onda bu çətinlik aradan qalxmış olur. Qalır bircə məsələ - müəllifin öz layihəsi ilə əlaqədar fikrinə sifarişçini inandırmaq bacarığı... Sözsüz ki, müəllif kinosunun dünya bazarındakı yeri kommersiya filmləri ilə müqayisə oluna bilməz. Bu, daha yığcam bir tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş sahədir və kinoprokat bazarında heç də yüksək pillə tutmur. Halbuki, bu filmlər sənət əsəri kimi daha yüksək dəyərləndirilir və demək olar ki, həmişə peşəkar kinematoqrafçıların rəğbətini qazanır. Belə filmlərə Avropa kino bazarında daha çox rast gəlmək olur. Lakin gətirdiyi maddi qazancın azlığına baxmayaraq “müəllif kinosu” Rafaelin tabloları, Mikelancelonun heykəlləri, Şekspirin pyesləri sayaq əsl orijinal sənət əsəri kimi hər zaman diqqət mərkəzində olacaq, müasir və gələcək kino sənətində də özünə layiqli yer tutaraq böyük rəğbətlə qarşılanacaq”. Bəzi peşəkarlar bizim tamaşaçını “art house” filmlərini həzm edə bilməməkdə, bəziləri milli kinomuzun buna hazır olmamaqda qınadı. Əslində isə adından da göründüyü kimi, müəllif filmləri tamaşaçını arxasınca aparmalıdır. Məhz “art house” kütləvilikdən bezdiyimiz bir məqamda mədəniyyətimizin, zövqümüzün dəyişilməsi üçün vacib amil sayıla bilər. Gedək filmləri izləməyə - «Uzaq», «3 meymun», «Divara qarşı», «Dalğaları yararkən», «Boş ev», “Yol”, “Stalker”, “Bal” və s.