"Qara qu quşu"

"Qara qu quşu"

Qız bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur «Qu gölü» baletinin qısa məzmunudur. «Qara Qu quşu» (Black Swan) filminə girişi də məhşur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən -qabıqdan çıxır. Qu quşu
Amma o heç ağlına belə gətirə bilmir ki, bu rolu alandan sonra o özündə bu obrazın bütün keyfiyyətlərini tapacaq. O saf, təmiz qızın içində qəddar, amansız biri peyda olacaq. Hadisələr daha da gərginləşməyə başlayır. Çünki Ninanın həqiqi və dəyərli rəqibi Lili (Mila Kunis) meydana çıxır. Nina bütün şər qüvvələrin ondan gəldiyinə əmindir ta ki filmin son akkordlarına qədər.Filmin digər dramatik nöqtəsi Ninanın anası (Barbara Xerşi) ilə olan münasibətləridir. Anası da bir vaxtlar balerin olub amma heç vaxt məşhur səhnələrdə olmayıb. Bunu hər nə qədər arzulasa da nə cəsarəti, nə də istedadı buna imkan verir. Karyerasını bitirib özünü qızına həsr edir və Ninanın peşəkar balerin olması üçün hər cür fədakarlıq edir. Amma eyni zamanda o bir balerin kimi qısqancdır… içində gizli-gizli, bilmədən, bildirmədən böyüyən qısqanclıq ...Rejissorun bütün obrazları kimi Barbara Xerşinin obrazı da təzadlı və sual doludur. Natali Portman Nina obrazı ilə 2010-cu ilə damğasını vurdu. Aldığı mükafatlar bunun ən yaxşı sübutudur. Filmboyu onun oyununa, balet rəqsinə heyran qalmamaq mümkün deyil. Və üzərinə filmin möhtəşəm ssenarisini, rejissor baxışını, operator işini gəlsək gözünüzü filmdən, əllərinizi üzünüzdən çəkə bilməyəcəksiniz. Ninanin içindəki xeyirlə-şərin bir — birilə mübarizəsi o qədər gözəl, incə və peşəkarcasına çəkilmişdi ki, bəzən hansının həqiqi olduğunu sual etməli olursan. Filmin sonu isə bütün suallara cavab verir. Bir teatr səhnəsində balet oyununu qurmaq asan deyil, Tomas (Vensan Kassel) bunu bacardı. Ninanı bir az vadar, bir az təşviq etməklə. O öz baletinin qəhrəmanını yarada bildi. Bir teatr səhnəsində qurulan balet oyununu kinoya gətirmək də asan bir iş deyil. Çünki ssenarinin daha çox mesaj vermək və vurucu olması vacibdir. Səhnə dekorasiyasının, aktyor oyununun inandırıcı olması əsas məsələdir. Amma Darren Aronofski bunu sözün həqiqi mənasında bacardı. Natalia Portman bu filmdəki roluna görə 2011-ci il 27 fevral tarixində keçirilmiş 83-cü Akademiya mükafatlarının verilməsi mərasimində, Ən yaxşı qadın aktrisa nominasiyasına layiq görüldü.
Bu filmi hələ də izləməmisinizsə mütləq izləyin..Tənqidçiləri belə heyran qoyan film insana psioxoloji cəhətdən də böyük təsir edir...
Top