Qeysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur

Qeysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur

Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, qeysəriyyə kəsiyi əməliyyatını seçirlər.
Bu çox səhv yanaşmadır.
Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir). Qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.
Mütləq göstərişlər arasında:
— Kliniki dar çanaq (qadının canağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. Nəzərinizə çatdıraq ki, hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər. Əgər siz incə bədən quruluşuna maliksinizsə, bu heç də o demək deyil ki, sizdə bu patologiya var. Mama-ginekoloqların normal və dar çanağın dəqiq meyarları var.
Qadında bu patologiya aşkar olunduqda vaginal doğuş mümkünsüz sayılır və qadına qeysəriyyə kəsiyi əməliyyatı təyin olunur.
Qeysəriyyə kəsiyi
— Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa. Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq qeysəriyyə kəsiyi əməliyyatını təyin edir.
— Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.
— Uşaqlığın yırtılması riski də qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Belə vəziyyət ilk doğuş qeysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər. Qeysriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır. Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur. Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur, onun qıraqları düz olmur. Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə qeysəriyyə kəsiyi haqqında qərar verir.
— Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.
Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki, bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur. Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir. Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.
Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır. Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır.
Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır. Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili qeysəriyyə kəsiyi əməliyyatını təyin olunur.
Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.
Sadaladığımız hallar qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstərişlər sayılır. Mütləq göstərişlərdən əlavə nisbi göstərişlər də var.
Nisbi göstərişlər o deməkdir ki, fiziki olaraq vaginal doğuş mümkündür, lakin belə doğuş ananın və ya körpənin sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.
Belə nisbi göstərişləri arasında:
— Qadında olan ürək-damar sistemi, böyrəklər, sinir sistemi xəstəlikləri və patologiyaları, göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə), şəkərli diabet (ağır formada), istənilən xərçəng xəstəlikləri və bəzi digər xəstəliklər.
— Anada cinsiyyət yollarının xroniki xəstəlikləri (məsələn, genital herpes). Bu halda vaginal doğuş zamanı xəstəlik anadan uşağa keçə bilər.
— Bəzi hamiləlik ağırlaşmaları, ilk növbədə hestoz. Hestoz yalnız hamiləlik zamanı inkişaf edən və qadın orqanizminin ürək-damar və sinir sistemində ağır pozulmaları yaradan vəziyyətdir. Hestoz həm ana, həm də uşaq üçün təhlükəlidir.
— Doğuş fəaliyyətinin zəif olması. Bu zaman doğuş çox uzun çəkir, uşaq doğulmağa «tələsmir», dərman preparatların istifadəsi lazım olan nəticə vermir. Bu halda körpənin vəziyyəti pişləşdikdə (ürək döyünməsi zəifləyir və s.), təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.
— Qadının yaşı qeysəriyyə kəsiyi üçün göstəriş sayılmır. Lakin əgər qadının yaşı 35-dən çoxdursa və eyni zamanda qadında hər hansı patologiya varsa, bu halda qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.
— Dölün ana bətnində köndələn yerləşməsi və ya sağrı gəlişi.
— Dölün çox iri (4 kq-dan yuxarı) olması və anada patologiyanın olması.
— Dölün hipoksiyası (oksigen çatışmazlığı). Dölün kəskin hipoksiyası doğuş zamanı inkişaf edir. Bu zaman dölün ürək döyüntüsü kəskin zəifləyir və bərpa olunmur. Bu halda qeysəriyyə kəsiyi əməliyyatı üşaq üçün daha təhlükəsiz sayılır.
— Bəzən eyni qadında bir neçə belə nisbi göstərişlər olur (məsələn, iri döl + dölün sağrı gəlişi; uşaqlığın üzərində çapıq + ananın yaşı və s.).
Hər bir konkret halda doğuşun üsulu ilə (vaginal doğuş və ya qeysəriyyə kəsiyi əməliyyatı) bağlı olan qərar həkim verməlidir.

Mənbə: Saglamolun.Az
Top