Rezus-faktor — yer kürəsi insanlarının 85%-nin eritrositlərinin səthində olan spesifik qan zülalıdır. O, ana bətnində inkişafımızın 7-8 həftəsində formalaşır. Sizdə bu aşkar olunarsa, onda qanınızı rezus-müsbət (Rh+), aşkar olunmasa (yerdə qalana 15 % insanlarda olduğu kimi) – rezus-mənfi (Rh-) adlandıracaqlar. Qeyd edildiyi kimi, nə mənfi, nə də ki, müsbət rezus-faktor bizim sağlamlığımıza təsir göstərmir. Bu, yalnız hamiləliyin keçirilməsinə və nəticəsinə təsir göstərir.
Rezus-faktor hər bir insanın orqanizmində genetika qanunlarına uyğun olaraq qoyulur. Deməli, onun növü valideynlərimizin rezus-faktoru və mayalanma zamanı xromosomların bölünməsi ilə müəyyən olunur.
Bu, o deməkdir ki,:
- Rh+ ata və Rh+ ananın körpəsi həm Rh+, həm də Rh- ola bilir.
- Rh+ ata və Rh- ananın körpəsi Rh+ və ya Rh- ola bilir.
- Rh- ata və Rh+ ananın körpəsi də Rh+ və ya Rh- ola bilir.
- Rh- ata və Rh- ananın uşağı yalnız Rh- ola bilər.
Bu arada yalnız ikinci halda hamiləlik zamanı rezus-konflikt, yəni ana orqanizminin hüceyrələri ilə ana bətnində inkişafda olan dölün hüceyrələri arasında “mübarizə” ehtimalı olur.
Rezus-konflikt: bir qədər ətraflı
Doqquz gözəl ay ərzində ana və dölün orqanizmi vəhdət təşkil edir. Onların qanı heç bir halda qarışmasa da, maddələr mübadiləsinin əksər məhsulları plasenta vasitəsilə anadan dölə keçir və əksinə. Onun vasitəsilə anaya həm də dölün eritrositləri daxil olur. Əgər onların tərkibində rezus-zülal varsa, onda ananın orqanizmi antirezus antitelləri hasil etməklə onunla mübarizə aparmağa başlayır. Uşağın qanına daxil olaraq antitellər eritrosit hüceyrələrini dağıdır, onların parçalanmasından əmələ gələn toksiki məhsullar isə uşaq orqanizmini zəhərləyir. Hamiləliyin müddəti artdıqca ananın orqanizminə daha çox miqdarda eritrositlər daxil olur və antitellərin miqdarı tədricə artır. Bu qarşılıqlı təsir də elə məhz hamiləlik zamanı rezus-konflikt və ya rezus-uyğunsuzluq deməkdir.
Bu situasiya heç də nəzəri cəhətdən mümkün halların hamısında baş vermir. Ananın orqanizmində antitellərin yaranmasına səbəb aşağıdakılardır:
- invaziv müdaxilələr (amniokordosentez, horion biopsiyası və s.), plasentanın travmaları və digər zədələnmələri zamanı uşağın qanının ananın qan axınına düşməsi
- abort və öz-özünə uşaq salmalar;
- əvvəlki hamiləlik və rezus-müsbət dölün doğuşu;
- rezus-uyğunluq nəzərə alınmadan ana orqanizminə qan köçürmələri;
- rezus-müsbət eritrositlərə qarşı antitellərin yaranmasına səbəb olan digər qeyri-spesifik amillər.
Bu arada ilk hamiləlikdə rezus-konfliktlər kifayət qədər nadir (təxminən 10%) hallarda yaranır. Lakin əlavə profilaktiki tədbirlər görülmədikdə, sonrakı hamiləliklərdə rezus-müsbət uşağın daşınmasından sorna bu situasiyanın yaranma ehtimalı əsaslı dərəcədə artır.
Ana və uşaq üçün rezus-konfliktin nəticələri aşağıdakılar ola bilər:
- Yenicə doğulmuş körpənin sarılığı;
- Yenicə doğulmuş körpənin hemolitik xəstəliyi
- Dölün şişkinliyi;
- Baş beyin zədələndiyindən dölün baş beyin funksiyalarının pozulması;
- Dölün ana bətnində məhvi.
Rezus-konfliktin müalicə və profilaktikasının əsas üsulları
Hamiləlik zamanı döl ilə rezus-uyğunsuzluq ehtimalı olduqda, aşağıdakıları etməlisiniz:
Hamiləliyin planlaşdırılmasına ciddi hazırlaşmalı
Bunun üçün mənfi rezuslu qadınlar abortdan uza olmalı, mayalanmadan öncə ginekoloqla məsləhətləşməli, göstərişlər olduqda, antirezus antitellərinə görə müayinədən keçməlidir (onlar olduqda, onların miqdarı təyin edilməlidir).
Həkimlərin tövsiyələrinə əməl etməli
Bunun üçün qadın məsləhətxanasında mümkün qədər tez qeydiyyata düşmək və mütəmadi olaraq antitellərə görə qan vermək lazımdır. Hamiləliyin 28 həftəsinə qədər onlar aşkar edilmədikdə, profilaktika məqsədilə antirezus immunoqlobulin inyeksiyası edilməlidir. Bu, ikinci hamiləlikdə rezus-konfliktin qarşısını almaqda kömək edər.
Antitellərin titri yüksəldikdə, Sizi xüsusi stasionara yerləşdirə bilərlər. Burada Sizin və dölün vəziyyəti həkimlər tərəfindən diqqətlə izləniləcəkdir. Ekstremal hallarda dölə bətndaxili qan köçürmə həyata keçirilə, həmçinin vaxtından əvvəl təbii yolla və kesər kəsiyinin köməyi ilə doğuş aparıla bilər. Doğuşdan sonra mənfi rezus-faktoru olan qadınlara adətən təkrarən 72 saat ərzində antirezus immunoqlobulin yeritmək tövsiyə olunur. Körpəniz rezus-mənfi doğularsa, bu inyeksiyaya ehtiyac qalmayacaq.
Unutmayın ki, mənfi rezus-faktorlu hər bir qadın üçün savadlı həkim tapmaq məsələsi çox önəmlidir. Belə həkin rezus-uyğunsuzluğun ciddi fəsadlarının qarşısını almaqda və Sizə gələcəkdə də çoxlu və sağlam körpə sahibi olmaqda kömək edə bilər!
Mənbə: ginekoloq.az