Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur. Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir.
1. Yumurtalıqların kistası kimdə yarana bilir?
Yumurtalıqların kistası gənc qızlarda və reproduktiv yaşlı qadınlarda (yəni klimaksın hələ başlamadığı qadınlarda) aşkar olunur. Bundan başqa, menstruasiyası hələ başlamayan bəzi qızlarda (adətən bu, anadangəlmə kistalardır) və menopauzanın ilk 5 illiyində bəzi qadınlarda da yumurtalığın kistasının yaranma riski olur.
2. Yumurtalığın kistası zamanı hansı əlamətlər olur?
Yumurtalığında kista olan qadınların əksəriyyəti bunu bilməyə də bilir, çünki balaca kistalar heç bir simptom yaratmır. Kista böyükdükcə, qadın aşağıdakı simptomları hiss edə bilər: — qarnın aşağı hissəsində küt ağrılar. Bu ağrılar fiziki iş zamanı, habelə seks zamanı yaranır və ya güclənir — kiçik çanaqda ağırlıq və təzyiq hissi — sidik ifrazı zamanı ağrılar və tezləşdirilmiş sidik boşaltma -yanlış defekasiya çağırışları Kistanın ağırlaşmaları (burulma, partlama) zamanı qarında güclü b ağrılar yarana, bədənin hərarəti yüksələ, qusma, ürəkbulanma ola bilir. Bu cür simptomlar meydana gəldikdə, mümkün qədər tez bir zamanda ginekoloqa müraciət etmək və ya təcili yardım çağırmaq lazımdır.
3. Yumurtalığın follikulyar kistası nədir?
Hər ay qız və qadınların yumurtalıqlarında içərisində yumurta hüceyrəsi olan follikul yetişir. Bu follikul tədricən böyüyür və diametri 2 sm çatdıqda partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Bu, proses ovulyasiya adlanır. Lakin bəzən yetişmiş follikul partlamır və böyüməkdə davam edir. Bu cür “ölçülərini” aşmış follikul yumurtalığın follikulyar kistasıdır.
4. Yumurtalığın follikulyar kistasını necə müalicə etməli?
Əksər hallarda yumurtalığın follikulyar və ya funksional kistasının müalicəsinə ehtiyac olmur. 1-2 aydan sonra o, öz-özünə keçib gedir. Lakin 3 ay ərzində follikulyar kista yox olmadıqda və ya onun ölçüləri 5-7 sm-i aşdıqda, bu kistanı müalicə etmək lazım gəlir. Yumurtalığın kistasının 2 əsas müalicə metodu var: hormonal həblərin köməyi ilə və əməliyyat yolu ilə. Hormonal həblər (hamiləlik əleyhinə həblər, OK) kistanın ölçülərini azaltmaq və yeni kistaların yaranmasının qarşısını almaq imkan verir. Hamiləlik əleyhinə həblərlə müalicə effekt vermədikdə, qadına əməliyyat təklif oluna bilər. Kistanın ölçüləri 10 sm-dən çox olduqda və o, böyüməyə davam etdikdə, qarnınızda güclü ağrılar olduqda, habelə kista iltihabına, burulmasına, digər ağırlaşmalara şübhə yarandıqda, Sizə yenə cərrah yardımı lazım olacaqdır.
5. Sarı cismin kistası nədir?
Ovulyasiyadan sonra (follikul partladıqdan və yumurta hüceyrəsi çıxdıqdan sonra) yumurtalıqda hamiləlik hormonu olan proqesteron hormonunu hasil edən toxuma sahəsi əmələ gəlir. Bu sahə sarı cisim adlanır. Hamiləlik baş verməzsə, sarı cisim normada sorulur. Lakin bəzi hallarda sarı cisim yox olmur, maye və ya qanla dolur və sari cismin kistasını əmələ gətirir.
6. Sari cismin kistasını necə müalicə etməli?
Sari cismin kistasının müalicəsinə ehtiyac yoxdur və adətən 1-2 ay ərzində öz-özünə sorulub gedir. Sorulma prosesini sürətləndirmək üçün ginekoloqSizə hamiləlikəleyhinə tabletləri qəbul etməyi məsləhət görə bilər. Bu tabletlər kistanın ölçülərinin azalmasına səbəb olur. Nadir hallarda sari cismin kistasının ölçüləri böyük ola (diametri 5-7 sm-dən çox), partlaya və ya öz oxu ətrafında burula bilir. Bu halda qadının qarnının aşağı hissəsində güclü ağrılar yaranır, bu ağrılar fiziki hərəkətlər və ya seks zamanı güclənir. Sari cismin kistasının ağırlaşmalarında təcili əməliyyat edilir.
7. Hamiləlikdə sarı cismin kistası təhlükəlidirmi?
Yox, təhlükəli deyil. Hamiləliyin erkən vaxtlarında sarı cismin kistasına tez-tez rast gəlinir. O, nəinki uşağın inkişafına mane olmur, hətta proqesteron (hamiləlik hormponu) ifraz etməklə hamiləliyi saxlamağa köməklik də edir. Proqesterona ehtiyac olmadıqda, kista öz-özünə sorulur. Adətən bu, hamiləliyin 12 həftəsindən (bəzən 18-19 həftəsində) sonra baş verir. Nadir hallarda kista partlaya və ya burula bilir. Bu halda hamilə qadın qarnında güclü ağrı hiss edəcəkdir. Bu, baş verərsə, təcili cərrahi əməliyyat tələb oluna bilər.
8. Yumurtalığın dermoid kistası nədir?
Yumurtalığın dermoid kistası yumurtalıqda xoşxassəli törəmədir. Bu, hələ qız dünyaya gələrkən olur, cinsiyetişmə dövründə ölçüləri böyüyə bilir. Qəribə də olsa, bu kistada bəzən tamamilə gözlənilməz toxumalar – tük, dişlər, hətta sümük toxuması aşkar edilir. Bu, onunla izah olunur ki, bu kista yaranarkən (hələ bətndaxili inkişaf zamanı) onun tərkibində orqanizmin istənilən toxumasına təkan verən kök hüceyrələri mövcud idi.
9. Yumurtalığın dermoid kistasını necə müalicə etməli?
Yumurtalığın dermoid kistasının yeganə müalicə metodu əməliyyatdır. Tabletlərlə bu kistanı müalicə etmək mümkün deyil.
10. Yumurtalığın endometrioid kistası (endometrioma) nədir?
Endometrioma endometrioz xəstəliyi olan qadınlarda olur. Endometrioz — qadın xəstəliyidir. Bu zaman uşaqlığın daxili qişası (endometrium) başqa orqanlarda böyüməyə başlayır. Endometrium yumurtalıqda böyüməyə başlamışdırsa, onda yumurtalığın endometrioid kistası yarana bilir. Yumurtalığın endometrioid kistası tünd-palıdı rəngli maye ilə dolu olduğundan, onu bəzən yumurtalığın "şokolad kista" da adlandırırlar.
11. Endometrioma necə müalicə etməli?
Endometrioma (şokolad kista) yalnız cərrahi yolla müalicə olunur.
12. Yumurtalıqların bədxassəli kistası (karsinoma) nədir?
Yumurtalıqların bədxassəli kistasına (karsinomaya) kifayət qədər nadir hallarda rast gəlinir. Yumurtalıqların xərçəngi riski qohumları yumurtalıqların xərçəngi və ya döş xərçəngi xəstəliyindən əziyyət çəkmiş qadınlarda və heç doğmayan qadınlarda daha yüksək olur. Yumurtalıqların bədxassəli kistasının simptomlarına qarnın alt hissəsində ağrılar, zəiflik,bədən çəkisinin azalması, baş ağrıları aiddir.
13. Yumurtalığın karsinomasını necə müalicə etməli?
Yumurtalığın karsinoması yalnız əməliyyatın köməyi ilə müalicə olunur. Şiş götürüldükdən sonra xərçəng hüceyrələrini məhv edən dərmanlar (kimya terapiyası) və yumurtalıqların şüalandırılması (radioterapiya) təyin edilə bilər.
ginekoloq.az