Hal-hazırda abortun keçirilməsinin bir neçə üsulu mövcuddur. Hansı üsulun seçilməsi hamiləliyin müddətindən, klinikanın imkanlarından və hamilə qadının halından asılı olaraq həkim tərəfindən müəyyən edilir.
Hamiləliyin 7-ci həftəsinə qədər abort dərmanlar (aşağıda baxın, dərman, tablet vasitəsi ilə abort) və ya vakuum aspirasiyası (mini-abort) vasitəsi ilə həyata keçirilir. 9-dan 14-cü həftəyədək abort qaşıyıb təmizləmə(təmizləmə) vasitəsi ilə həyata keçirilir. 14-cü həftədən sonra abortun keçirilməsi üçün uşaqlıq boynunun genişləndirilməsi və dölün çıxarılması üzrə xüsusi prosedur tələb oluna bilər. 20-ci həftədən sonra abort süni doğuş vasitəsi ilə həyata keçirilir.
Dərman vasitəsi ilə abort
Dərman vasitəsi ilə (dərman, tablet) abort hamiləliyin xüsusi dərmanlar (tablet şəklində) vasitəsi ilə dayandırılmasını nəzərdə tutur. Əksər qadınlar məhz dərman vasitəsi ilə abortun keçirilməsinə üstünlük verirlər, çünki onu daha təhlükəsiz və zədələnməyə gətirib çıxarmayan hesab edirlər. Tibbi nöqteyi-nəzərdən bu doğrudan da elədir, lakin aşağıda göstərildiyi kimi, dərman vasitəsi ilə abort digər abort növləri ilə müqayisədə hamiləliyin qalması və ya dölün uşaqlıqdan natamam şəkildə çıxarılması ilə daha çox nəticələnir və bu da həkimə təkrar müraciət etməyi tələb edir. Dərmanın son seçimini və dozasını(tabletlərin sayını) abortun keçirilməsinə nəzarət edən müalicə həkimi müəyyən edir.
Adətən dərman vasitəsi ilə abortun keçirilməsi üçün olan dərmanları iki mərhələdə qəbul edirlər. Dərmanın birinci hissəsi dölün inkişafını dayandırır, ikincisi isə, birincidən 1-3 gün sonra qəbul edilir, və o uşaqlıq divarlarının yığılmasına və həlak olmuş embrionun çıxarılmasına səbəb olur.
Dərmanın qabulundan bir müddət sonra qadının qarnında ağrılar və uşaqlıq yolundan adi aybaşılar zamanı olandan daha güclü qanlı ifrazatlar əmələ gəlir. Bunlar dölün qopmasının əlamətləridir. Yuxarıda qeyd olunduğu kimi, dərman vasitəsi ilə abort qaşıyıb təmizləmə və vakuum-aspirasiyası (aşağıda baxın) ilə müqayisədə daha təhlükəsiz sayılır, lakin effektivliyi daha azdır və daha çox hallarda uşaqlıqdan döl toxumalarının qalıq fraqmentlərinin çıxarılması üçün həkimlərin təkrar müdaxiləsini tələb edir. Dərman vasitəsi ilə abortun vacib üstünlüyü odur ki, o ev şəraitində edilə bilər (təbii ki, həkim ilə dərmanların qəbul planını əvvəlcədən razılaşdırdıqdan sonra).
Cərrahi abort
Cərrahi abort iki üsulla aparılır: qaşıyıb təmizləmə (təmizləmə) yolu ilə və vakuum aspirasiyası (mini-abort) yolu ilə.
Qaşıyıb təmizləmə
Qaşıyıb təmizləmə (təmizləmə) zamanı həkim ginekoloq uzun qulplu düyünə və ya qaşığa bənzəyən xüsusi nazik alətin köməyi ilə uşaqlığın selikli qişasının üst qatını kəsib çıxarır. Qaşıyıb təmizləmə ağrılıdır və buna görə də adətən qısa müddətli narkoz altında keçirilir.
Vakuum aspirasiyası (mini-abort)
Vakuum aspirasiyasının keçirilməsi üçün həkim uşaqlığa şpris ilə birləşən uzun plastik borunu daxil edir. Xüsusi mexanizmin köməyi ilə şprisdən kəskin surətdə hava çıxarılır, bu isə uşaqlığın selikli qişasının və ona bərkidilmiş mikroskopik embrionun “şprisə sorulmasına” (aspirasiyasına) gətirib çıxarır. Prosedurun effektivliyinin yüksədilməsi üçün həkim aspirasiyanın bir neçə dövrəsini keçirə bilər.
Vakuum aspirasiyası ağrılı və xoşagəlməz ola bilər, buna görə də onun keçirilməsi zamanı çox vaxt qısa müddətli ginekoloji narkoz tətbiq olunur. Mini-abortun keçirilməsindən sonra qadın xəstəxananı təxminən 3 saat sonra tərk edə bilər.
Vakuum aspirasiyasını çox vaxt mini-abort adlandırırlar. “Mini-abort” adını bu prosedur qaşıyıb təmizləmə (təmizləmə) ilə müqayisədə daha sadə və zədə almaq baxımından daha təhlükəsiz olmasına, və həmçinin bu prosedurun yalnız hamiləlik müddətinin az olması zamanı keçirildiyinə görə almışdır.
Müəyyən edilmişdir ki, mini-abort daha az ağırlaşma (infeksiya) riskini yaradır, və qadınlar təmizləmə ilə müqayisədə bu prosedurdan sonra daha tez bərpa olurlar.
ginekoloq.az