Doğuş haqqında 10 yanılma

Doğuş haqqında 10 yanılma

Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür...

Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın heç də hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları ifşa edək.

Birinci yanılma: Doğuş günü limon şirəsi qatılmış mineral sudan başqa, bütün yeməklər və içkilər qəti qadağan edilir.
Bu, belə deyil, çünki doğuş anadan çoxlü güc və enerji tələb edir. Buna görə də doğuş günü Siz bir boşqab bulyon, şirin çay içə, kreker, suxarı, yoqurt yeyə bilərsiniz. Ac qalmayın, çünki Sizə hələ qüvvə lazım olacaqdır. Düzdür, bəzi həkimlər mütəmadi doğuş fəaliyyətinin başladığı andan eitbarən qida qəbul etməyi məsləhət görmür. Qidaya məhdudiyyətin qoyulması ondan irəli gəlir ki, doğuş zamanı narkoz verilməsinə ehtiyac yarana bilər. Bu zaman qusma ehtimalı böyük olur. Narkoz vəziyyətində olan qadında bu, qusuntu kütlələrinin ağ ciyərə daxil olmasına gətirib çıxarar ki, bu da pis nəticələrə səbəb ola bilir.

İkinci yanılma: Doğuş fəaliyyəti başladıqda, dərhal doğum evinə getmək lazımıdır.
Bu, bəlkə də ondan irəli gəlir ki, bədii filmlərdə çox vaxt doğuş maşında, qatarda və s.-də təsvir edilir. Əslində doğuşun davam etdiyi müddət Sizə tələsmədən doğum evinə çatmağa imkan verir. Belə ki, ilk doğuş bir qayda olaraq 10-12 saat davam edir. Sonrakı doğuşlar bir qədər az (6-8 saat) davam edir. Lakin bununla belə doğum evinə çatmaq üçün vaxt yetərlidir. Amma əvvəlki doğuşlar tez və ya sürətlə baş vermişdirsə, su gəldikdə, xüsusən də su şəffaf olmadıqda, yaşıla bənzədikdə, doğum evinə tələsmək lazımdır, çünki bu, uşağın bətndə əziyyət çəkməsindən xəbər verir. Xüsusən də cinsi yollardan qan gəldikdə, doğum evinə tələsmək lazımdır: bu, plasentanın ayrıldığı zaman (həm anaya, həm də körpəyə təhdid edən vəziyyətdə) baş verə bilir. Yerdə qalan hallarda doğum evinə ilk doğuşda doğuş tutmaları arasındakı fasilələr orta hesabla 10 dəqiqə, ikinci və sonrakı doğuşlarda – 15 dəqiqə olduqda, getmək lazımdır. Bu, doğum evinə 1 saat ərzində çata biləcəyiniz halda doğrudur.

Üçüncü yanılma: Doğuş çox ağrılı olur. Belə bir fikir vardır ki, qadın üçün doğuş çox ağrılı bir prosesdir.
Hamiləlik dövründə körpəni müdafiə etmək üçün uşaqlığı güclü əzələ dairəsi “bağlı” saxlayır. Doğuş zamanı bu əzələ dairəsi bir neçə saat ərzində 10 santimetrə qədər açılmalıdır. Doğuş zamanı güclü ağrı mütləqdirmi? Bu, daha çox psixoloji səbəblərlə bağlı deyilmi? Müəyyən olunmuşdur ki, qadın qarşıdan gələn doğuşa sakit münasibət bəsləyirsə və uşaq arzuolunandırsa, onda doğuş zamanı güclü ağrı da hiss etmir. Və, əksinə, doğuşdan əvvəl qorxu hissinin keçirilməsi gülcü ağrı hissinə də səbəb olur. Məhz buna görədir ki, müxtəlif qadınlar eyni dərəcəli ağrıları müxtəlif cür hiss edirlər – bəziləri “dözülməz”, bəziləri isə “dözülən” ağrılardan bəhs edir. Qorxu və gərginlik keçirən orqanizmdə adrenalinə bənzər hormonlar hasil olunur ki, bunlar da nəbzin tezləşməsinə və əzələlərin gərginləşməsinə səbəb olur. Bundan başqa, ağrı həddi də enir.

Qadın ağrıdan nə qədər çox qorxsa, doğuş tutmaları zamanı nə qədər gərgin olsa, ağrı da bir o qədər güclü olar. Əzələ gərginliyi yoxdursa, emosional reaksiyalar sönür. Beləliklə, doğuş zamanı bədən tam boşalmışdırsa, bu, uşaqlığın aşağı seqmentlərinin dairəvi liflərinin, boynun artıq tonusunu aradan qaldırır. Ağrıları da yaradan elə məhz budur. Tam relaksasiya (boşalma) və sakit vəziyyətdə doğuş zamanı uşaqlığın aktivliyi sadəcə əzələlərin yığılması kimi hiss edilir. Gərginlik, o cümlədən uşaqlıq boynunun gərginliyi maneə yaradır ki, bunun da aradan qaldırılması üçün tutmalar dəfələrlə güclü olmalıdır. Bu isə doğan qadında diskomfortu artırır. Uşaqlıq boynunun gərginliyi çox güclü olduqda, tutmalar da güclənir və daha çox ağrı verir. Hər bir qadın tam əzələ relaksasiyası praktikasına yiyələnməlidir, çünki doğuşun asanlıq dərəcəsi məhz bundan asılıdır.

Qeyd etmək lazımdır ki, doğan qadın bu prosesin aktiv iştirakçısıdır və doğuşun uğurla başa çatması bir çox mənada ondan asılıdır.

Dördüncü yanılma: Tutma zamanı qadın kuşetka üzərində yatmağa məcbur edilir.
Əslində isə palatada sərbəst gəzməyə icazə verilir. Bu zaman dayaq kimi çarpayıdan, stuldan və ya ərin (söhbət birgə tərəfdaşlıq doğuşundan gedirsə) köməyindən yararlanmaq olar. Əgər Siz uzanmağa üstünlük verirsinizsə, onda böyrü üstə, özü də dölün başının arxa hissəsinin olduğu böyrü üstə uzanmaq daha yaxşı olar. Böyrü üstə uzanmaq fizioloji baxımdan daha məqbul sayılır, çünki bu zaman uşaqlığın iri damarları (aorta, aşağı boş vena) sıxılmır və dölün oksigen aclığına və vena qanının daxili orqanlarda (o cümlədən uşaqlıqda) durğunlaşmasına gətirib çıxarmır. Aşağı boş vena sindromu da elə məhz bundan ibarətdir. Həmçinin doğuşun ilk dövründə yarıuzanıqlı və ya yarıoturaq vəziyyətdə olmaq məsləhətdir, çünki məhz bu vəziyyətdə dölün qabaqdakı hissəsi (başı və ya çanaq sonu) irəliyə doğru asan hərəkət edir.

Beşinci yanılma: Amniotomiya, yəni döl qişasının süni şəkildə açılması həmişə pis nəticə verir.
Məlum olduğu kimi, döl qişası doğuş zamanı bir neçə funksiyanı yerinə yetirir. O, birincisi, dölü infeksiyadan müdafiə edir, ikincisi, doğuşun ilk dövründə uşaqlıq boynunun açılmasında iştirak edir. Buna görə də uşaqlıq boynu tam açılarkən su döl qişasının öz funksiyalarını artıq yerinə yetirdikdən sonra boşalmalıdır. Lakin bəzi hallarda həkimlər qadına döl qişasını xüsusi alətlə süni şəkildə açmağı təklif edirlər. Söhbət hansı hallardan gedir?

Hamiləliyin həqiqi vaxtının keçməsi – bu halda doğuş fəaliyyətini həvəsləndirmək üçün döl qişası açılır.
Hamilə qadının gestozu – arterial təzyiqin yüksəlməsi, şişkinliklərin yaranması, qanda zülalın olması.
Rezus-konflikt hamiləlik
Qarnın aşağı hissəsində və beldə ağrılar
Doğuş fəaliyyətinin zəifliyi
Döl qişalarının bərkliyi
Maye çoxluğu
Yastı döl qişası – bu zaman dölün başı önündə su az olur, döl qişası normal doğuş fəaliyyətinin inkişafına mane olur.
Plasentanın aşağıda yerləşməsi
Yüksək arterial təzyiq və qan sirkulyasiyasının pozulması ilə bağlı olan müxtəlif patoloji hallar (hipertoniya, ürək və böyrək xəstəlikləri) və s.

Altıncı yanılma: Qadın doğuşun üsulunu özü seçə, yəni öz istəyi ilə kesar kəsiyini seçə bilər.
Əslində cərrahi yolla doğuş yalnız tibbi göstəriş olduqda, aparılır, çünki bu əməliyyat müəyyən rsklərlə bağlıdır və bu risklər doğuş zamanı yaranan risklərdən daha təhlükəlidir. Kesar kəsiyi yalnız təbii yolla doğuşun dölün və qadının həyatı və sağlamlığı üçün təhlükə kəsb etdiyi hallarda həyata keçirilir.

Doğuş aşağıdakı hallarda təbii yolla baş verə bilməz:
— Plasenta uşaqlıqdan çıxışı bağladıqda.
— Plasentanın vaxtından əvvəl soyulması qanaxma ilə müşayiət olunur ki, bu da ana və dölün həyatı üçün təhlükəlidir.
— Uşaqlıqda dölün tərs yerləşməsi
— Hamiləliyin ağır yetkin toksikozu — qıc, arterial təzyiqin yüksəlməsi, bunun dərmanlarla müalicə oluna bilməməsi.
— Ananın çanağının ölçüləri ilə dölün başının ölçülərinin bir-birinə uyğun gəlməməsi
— Göbək bağının düşməsi
— Uşaqlığın, yumurtalıqların, sidik kisəsinin şişi (məsələn, uşaqlığın mioması). Şişlər doğuş yollarını mühasirəyə alır və uşağın doğulmasına mane olur.

Doğuş hökmən olmasa da, aşağıdakı göstərişlər olduqda, cərrahi yolla başa çata bilir:
— Digər xoşagəlməz amillərlə birlikdə (uşağın çanaqda tərs yerləşməsi, iri döl, hamiləliyin vaxtının keçməsi) çanaq sümüklərinin bir qədər dar olması
— Başın düz gəlməməsi (uşaqlıq yollarına ilk olaraq başın arxası deyil, alın və ya üz daxil olur).
— Doğuş zamanı dölün oksigen aclığı təhlükəsi və ya bu aclığın başlaması (hipoksiya)
— Uşağın çanaqda tərs yerləşməsi — uşaqlıqdan çıxışda dölün başı deyil (bu, daha yaxşıdır), sonu durur.
— Orqanizmin doğuşa hazır olmaması şəraitində hamiləliyin vaxtının keçməsi.
— Yüngül və orta dərəcəli yetkin toksikoz
— Digər xoşagəlməz amillərlə yanaşı birinci doğuşun 30 yaşdan yuxarı yaşa təsadüf etməsi
— İri döl
— Uşaqlığın inkişafında qüsurların olması
— Əvvəlki kesar kəsiyindən sonra uşaqlıqda çapıq

Yeddinci yanılma: Döl dünyaya gələrkən nadir hallarda bağırsaq boşalması baş verir.
Əslində bu, kifayət qədər tez-tez baş verir. Əksər qadınlar bundan utanır. Amma çox nahaq yerə, çünki doğuş zalında olan tibbi heyət buna heç təəccüblənməyəcəkdir. Axı buna kifaət qədər tez-tez rast gəlinir. Bütün ifrazatlar vaxtında təmizlənir ki, bu da uşağın onunla kontaktını istisna edir.

Səkkizinci yanılma: Güc vermə zamanı qışqırmaq yaxşıdır.
Çox vaxt qadın doğuşun ikinci dövrünə yaxın yorulur və sanki onun gücü qalmır. Unutmamalıdır ki, güc vermə doğuş prosesinin məsuliyyətli hissəsidir. Bu zaman qadından çox şey asılı olur. Onun necə tənəffüs etməsi, həkim və mama-ginekoloqun sözlərinə əməl etməsi bir çox mənada körpənin doğuş zamanı vəziyyətini şərtləndirir. Güc vermə anı mümkün qədər çox hava udmaq və bu zaman ön qarın divarının əzələləri ilə güc vermək lazımdır. Qışqırarkən bunu etmək mümkün olmur. Güc vermə zamanı səyləri bir çoxlarının etdiyi kimi, “üzə”yox (bu, dölün irəliləməsinə mane olur, buna görə də doğuş prosesi uzanır, doğan qadının göz və sifətində damarlar partlayır, həkimlər isə ön qarın divarına təzyiq göstərərək uşağı sıxaraq çıxarmalı, bəzi hallarda isə cərrah maşası ilə çıxarmalı olurlar), ağrının ən çox hiss olunduğu nayihəyə yönəltmək lazımdır.

Doqquzuncu yanılma: Doğuş zamanı mütləq aralıq əzələləri cırılır, cırılmadıqda isə, onu cırırlar.
Qeyd etmək lazımdır ki, epizio- və ya perinetomiyaya müəyyən göstərişlər olur. Aralıq əzələlərinin cırılma təhlükəsi olduqda, onu kəsirlər, çünki kəsik yara cırıq yarasından daha tez sağalır. Aralıq həmçinin yarımçıq hamiləlikdə, dölün ana bətnində inkişafı dayandıqda, dölün hipoksiyası (hamiləlik zamanı körpəyə oksigen və qida maddələri çatmadıqda) zamanı və bəzi digər hallarda kəsilir. Doğan qadın çox fəal güc verərkən mama-ginekoloqun başın çıxması üçün səy göstərdiyi zaman aralıq cırıla bilir. Bu an adətən qadından güc verməmək, başın çıxmasını tezləşdirməmək üçün tez-tez və səthi tənəffüs etmək xahiş olunur. Hər şey düzgün edildikdə, aralığın cırılma təhlükəsi yaranmır.

Onuncu yanılma: Doğuşdan dərhal sonra qarın doğuşaqədərki formalarını alır.
Qeyd etmək lazımdır ki, doğuşdan dərhal sonra uşaqlığın ölçüləri azalır, lakin 1-2 gün ərzində hamiləliyin 16-18 həftəsində olduğu kimi qalır. Bu isə kifayət qədər böyük qarındır. Doğuşdan sonra 6-8 həftə ərzində uşaqlıq öz əvvəlki ölçülərini alır. Onu da nəzərə almaq lazımdır ki, doğuşdan dərhal sonra qarnın dərisi genişlənir ki, bu da yaxşı təəssürat bağışlamır. Bu da doğuşdan təxminən 1 ay sonra keçib gedir. Söhbətimizin sonunda gələcək analara təbabətdən uzaq olan adamlara fikir verməməyi və daha çox öz həkiminə qulaq asmağı məsləhət görürük. Doğuşa hazırlıq zamanı rəhbər tuta biləcəyiniz mötəbər informasiyanı yalnız həkimdən ala bilərsiniz.

ginekoloq.az
Top