Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.
İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.
Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.
Bir sözlə fiziki görünüşündən asılı olmayaraq dünyada yaşayan 98% qadınlar süd istehsal etmək qabiliyyətindədirlər.
Bütün nikbin statistikaya rəğmən həqiqətən də bəzi qadınlar döşlərində olan patologiya ilə əlaqədar ana südü istehsal etmək qabiliyyətindən məhrumdurlar.
Hipoplaziya – faktiki olaraq yalnız areoladan və gilədən ibarət olan, ifrat dərəcədə kiçik döşlərə malik olan qadınlar hətta düzgün təşkil olunmuş əmizdirmə zamanı südün azlığından əziyyət çəkirlər. Hipoplaziya dedikdə, qadınlarda döş vəzlərinin natamam inkişafı nəzərdə tutulur. Hipoplaziya diaqnozunu əminliklə ultra səs müayinəsi zamanı təyin etmək olar. Həmçinin qadınlarda döşlərin bir-birindən kəskin şəkildə uzaq olması da hipoplaziyanın əlamətlərindən biri ola bilər.
Kəskin assimmetriya – Qadınlar arasında bir döşün digərinə nisbətən daha böyük və ya balaca olmasına rast gəlmək normal haldır. Lakin bəzi qadınlarda bu ölçü fərqi kəskin şəkildədir. Nisbətdə kiçik olan döş adətən kifayət qədər süd vəzlərinə malik deyil və bu səbəbdən həmin döşlərdə daha az süd istehsalı müşahidə olunur. Lakin hətta bu halda analar hər iki döşlə əmizdirməyi davam edə bilərlər.
Bəzən daha sağlam olan döş hər iki döşün vəzifəsini öz üzərinə götürərək kifayət edəcək miqdarda süd istehsal edir. Eyni prinsip döş xərçəngi nəticəsində bir döşündən məhrum olmuş qadınlara da özünü göstərir. Bu o deməkdir ki, \\«tələb və təklif”dən asılı olaraq, bədən bir döşün vasitəsilə körpənin ana südünə olan bütün ehtiyaclarını təmin etməyə çalışır.
Müəllif: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçi