Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu inkişafdan qalmış hamiləliyin bir növüdür.
Anembrional hamiləlik zamanı mayalanma baş verdikdən sonra döl yumurtasının qişaları inkişaf edir, embrion isə inkişaf etmir. Lakin buna baxmayaraq qadında bütün hamiləliyin əlamətləri müşahidə olunur — menstruasiyalar kəsilir, qadın yorğunluq və yuxululuq hiss edir, süd vəzilərinin həssaslığı artır. Hamiləlik testləri müsbət nəticə göstərir (iki hətt), qanda xorionik honadotropin hormonunun səviyyəsi artır, sarı cisim inkişaf edir.
Anembrional hamiləlikdən USM zamanı şübhələnmək olar. İlk USM hamiləliyin 6-7-ci həftəsində (axırıncı menstruasiyanın ilk günündən sayılır) keçirilməlidir. Bu çox vacibdir. USM vasitəsilə uşaqlıqdan kənar hamiləliyi və anembrional hamiləliyi istisna etmək mümkündür.
Hamiləlik normal inkişaf etdikdə 6-cı-7-ci həftəsində USM zamanı uşaqlıq boşluğunda daxilində embrion olan döl yumurtası izlənilir və dölün ürək döyünməsi eşidilir. Döl yumurtasının daxilində embrion izlənmədikdə və dölün ürək döyünməsi aşkar olunmadıqda, həkim anembrional hamiləliyin ilkin diaqnozunu qoyur və 1 həftədən sonra təkrar USM-dən keçməyini tövsiyə edir. Bir çox hallarda təkrar müayinə zamanı embrion «tapılır». Bu səbəbdən anembrioniyanın ilkin diaqnozu qoyulduqda vahiməyə düşməyin və 1 həftədən sonra mütləq təkrar USM-dən keçin.
Əgər təkrar müayinə zamanı embrion aşkar olunmazsa, boş döl yumurtası diaqnozu təsdiqlənir. Bəzi hallarda belə diaqnoz səhvən qoyula bilər. Bunu istisna etmək üçün müasir avadanlıqla təchiz olunmuş klinikaya və təcrübəli mütəxəssisə müraciət edin. Ən yaxşı variant isə — bir neçə mütəxəssisə müraciət etməkdir.
Beləliklə, boş döl yumurtası sindromu diaqnozu təsdiqləndi. Bu halda boş döl yumurtası uşaqlıq boşluğundan xaric olunmalıdır. Qadın abort olunur və boş döl yumurtası qişaları ilə birlikdə uşaqlıq boşluğundan xaric edilir. Əməliyyatdan sonra qadın təkrar USM-dən keçməlidir.
Boş döl yumurtası sindromunun səbəbləri hələ ki axıra qədər məlum deyil. Belə hesab olunur ki, bunun səbəbi valideynlərdə olan genetik pozulmalar, hormonal pozulmalar, infeksion xəstəliklər ola bilər.
«Boş» hamiləliyi keçirilmiş ailə cütlüyu mütləq ginekoloqa müraciət etməli və bütün lazım olan analizlərdən keçməlidir. Bu müayinə və analizlərin arasında:
— kariotipin analizi (genetik analiz). Analizdən sonra cütlük genetikin müayinəsindən keçməlidir;
— cinsi yolu ilə keçən infeksiyalara görə analiz (xlamidiya, toksoplazma, mikoplazma, ureaplazma və s.) ;
— kişi spermoqramma verməlidir, qadının isə hormonal fonu yoxlanılmalıdır.
Bundan əlavə uşaqlıq boşluğundan xaric edilmiş boş döl yumurtasının hüceyrələri genetik analiz olunmalıdır.
Lakin bir çox hallarda cütlükdə müayinə və analizlər zamanı heç bir pozulma aşkar olunmur. Bu halda boş döl yumurtası sindromunun səbəbi aşkar olunmamış qalır. Adətən cütlükdə heç bir ciddi pozulma aşkar olunmadıqda, boş döl yumurtası sindromu halı növbəti hamiləliklərdə təkrarlanmır.
Növbəti hamiləliyi cütlük yalnız 6 aydan -1 ildən sonra planlaşdırmalıdır.
saglamolun.az