Hamiləlik zamanı ayaqlarda qıcolmalar

Hamiləlik zamanı ayaqlarda qıcolmalar

Bir çox qadınlar hamiləlik zamanı ayaqlarda olan qıcolmalarla üzləşir. Qıcolmalar çox vaxt axşam və ya gecə saatlarında istirahət zamanı özünü büruzə verir.
Qıcolmalardan qorxmaq lazım deyil. Ananın və körpənin səhhəti üçün qıcolmalar təhlükə yaratmır. Lakin tez-tez təkrarlandıqda belə qıcolmalar həm ananı narahat edir, həm də ananın orqanizmində gedən bəzi pozulmalara işarə edə bilər.
Beləliklə, hamiləlik zamanı qadının ayaqlarında (və bəzən də qollarında) olan qıcolmaların səbəbləri bunlardır:

— Bir çox hallrda bunun səbəbi hamilə qadının orqanizmində kalsium, kalium və maqnezium kimi mikroelementlərin və B6 vitaminin çatışmazlığıdır. Bu pozulma hamiləliyin əvvəlində tez-tez təkrarlanan qusmalar, ortalarında və axırında isə natamam qidalanma, sidikqovucu preparatların qəbulu, böyüyən uşağın bu vitamin və mikroelementlərə olan təlabatın artması nəticəsində yarana bilər.

— Qanda hemoqlobinin səviyyəsinin enməsi də qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadında halsızlıq, yuxululuq, qaşgicəllənməsi, bayılma və s. bu kimi simptomlar inkişaf edə bilər.

— Damarların varikoz xəstəliyi qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadın ayaqlarında ağırlıq, yorğunluq və ağrılar hiss edir, ayaq damarları üzə çıxır.

— Qanda şəkərin səviyyəsinin dəyişilməsi.

— Hamiləliyin 3-cü üçaylığında inkişaf edən «aşağı boş damarın sıxılması sindromu» da qıcolmalara səbəb ola bilər. Bu zaman böyümüş uşaqlıq damarı sıxır və bunun nəticəsində ayaqlarda qan dövranı çətinləşir. Qıcolmalar qadını bel üstə və ya saq böyrü üstə uzandıqda daha çox narahat edir.

Qıcolmaların dəqiq səbəbini təyin etmək üçün qadın ginekoloqa müraciət etməlidir.

Bunun səbəbi vitamin və mineralların çatışmazlığı olarsa, həkim qadına hər hansı vitamin-mineral kompleksini təyin edəcək. Lakin hamilə qadın düzgün qidalanmırsa, hətta ən müasir və yaxşı vitamin kompleksi ona az fayda verəcək. Hamilə qadının gündəlik rasionunda ət (toyuq, balıq), meyvə-tərəvəz, müxtəlif yarmlar, süd məhsulları, yumurta, bitki yağları olmalıdır.

Əgər qıcolmaların səbəbi varikoz xəstəliyi olarsa, ginekoloq qadını fleboloqun müayinəsinə göndərəcək. Lazım olduqda fleboloq müəyyən müalicə və xüsusi kompression kolqot və ya corabların geyinilməsini təyin edəcək. Bundan əlavə hamiləlik zamanı varikozun profilaktikası üçün qadın hündürdaban ayaqqabı geyinməməli, uzun müddət ərzində ayaq üstə dayanmamalı və işləməməli, uzandıqda ayaqların altına balış qoymalıdır.

Bundan əlavə qıcolmaların profilaktikası üçün 3-cü üçaylığında qadın sol böyrü üstə yatmalıdır.

Qıcolmalar zamanı ilk yardın məqsədi ilə qıcolma tutmuş ayağın barmaqlarını bir neçə dəfə güclə dartıb-buraxmaq, qıcolma tutmuş əzələni masaj etmək, ayağın üzərinə isti bir şey (məsələn, qrelka) qoymaq olar.
Top