Hamiləliyə hazırlıq dövründə qadına bəzi peyvəndlərin vurulması lazım ola bilər.
Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.
Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası — hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır.
Məsələ burasındadır ki, bir sıra hallarda sizin məxmərəklə xəstələnib-xəstələnmədiyinizi müəyyən etmək mümkün olmur. Çünki bir çox hallarda bu xəstəlik gizli şəkildə və ya çox məhdud sayda olan əlamətlərlə də keçə bilər ki, bu zaman da, təbii olaraq, orqanizmdə bu virusa qarşı xüsusi anticisimlər yaranmış olur. Ancaq hətta qanda məxmərəyə qarşı xüsusi anticisimlərin olduğu halda, bu xəstəliyə qarşı peyvənd edilməsi də təhlükəli deyil. Həkimlər hesab edirlər ki, bu halda orqanizmin müdafiə reaksiyası bir qədər də möhkəmlənmiş olar. Məxmərəyə qarşı olan peyvəndi hamiləliyin planlaşdırıldığı vaxtdan ən azı 3 ay əvvəl etmək tövsiyə olunur. Təbii ki, peyvəndin edilməsindən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Məxmərək xəstəliyi keçirən qadınlar yalnız xəstəlikdən sağaldıqdan ən azı 6 ay sonra hamilə qala bilərlər.
Hamiləlik dövründə suçiçəyi, qızılca, parotit kimi infeksion xəstəliklərə yoluxma halları çox az-az hallarda təsadüf edilir. Qeyd edilən xəstəliklərə qarşı olan peyvəndlər yalnız qadınlar əvvəllər bu infeksiyalarla xəstələnmədiyi hallarda və həm də qadınların hamısına deyil, yalnız risk qrupuna daxil olanlara (uşaq və ya tibbi müəssisələrində işləyənlər və s.) edilə bilər.
Viruslu hepatit B – infeksion xəstəlik olub, qara ciyərin zədələnməsinə gətirib çıxarır və bir insandan digərinə əsasən qan vasitəsi ilə və ya cinsi yolla keçir. Hepatit B virusu ilk növbədə hamilə qadının özü üçün çox təhlükəli hesab olunur. Belə ki, hamiləlik dövründə qadının bu xəstəliyə ilkin yoluxması baş verərsə, onun qara ciyərinin ağır zədələnməsi inkişaf edə bilər. Ana bətnində olan körpənin bu infeksiyaya yoluxma ehtimalı isə çox azdır.
Hepatit B virusuna qarşı olan standart vaksinasiya — vaksinanın üç dəfə təkrar olunması ilə aparılır. Bu zaman 2-ci vaksinasiya ilkin vaksinasiyadan 1 ay, 3-cü vaksinasiya isə 6 ay sonra aparılır. Vaksinasiyanı elə vaxtda başlamaq lazımdır ki, hər üç vaksinasiya hamiləliyin baş verməsinə qədər (yəni 6 ay müddətində) başa çatmış olsun.
Hepatit B virusuna qarşı vaksinasiya ilk növbədə tibb işçiləri arasında aparılır. Hər bir hamiləlik zamanı cərrahi müdaxiləyə ehtiyac ola biləcəyi risk istisna edilmədiyi üçün, yaxşı olar ki, bu peyvənd hamiləlik dövrünə qədərki müddət ərzində vacib olan peyvəndlər siyahısına daxil edilsin.
saglamolun.az