İldən ilə sonsuzluqdan əziyyət çəkən ailə cütlüklərin sayı artır.
Bəzən uzunmüddətli müalicə heç bir nəticə vermir və bu cütlüklər üçün yeqanə şans kimi süni mayalanma proseduru qalır.
Əvvəl qadına yumurtalıqların stimulyasiyası proseduru təyin olunur. Bu zaman xüsusi dərmanların köməyi ilə yumurtalıqlarda 1 yox, bir neçə yumurta hüceyrəsi yetişdirilir. USM köməyi ilə bu prosesə nəzarət edilir. Yumurta hüceyrələri müəyyən ölçülərə çatdıqda hüceyrələr qadının yumurtalığından götürülür. Bu prosedur anesteziya köməyi ilə həyata keçirilir.
Kişidən təbii yolu ilə spermatozoidlər alınır və ya kişidə pozulma olduqda onun xayasında kəsik aparılır və spermatozoidlər götürülür.
Daha sonra xüsusi laboratoriyada yumurta hüceyrələri spermatozoidlərlə birlikdə xüsusi mühitə yerləşdirilir və burada mayalanma baş verir. Həkimlər bu prosesə mikroskopun köməyi ilə nəzarət edir.
Bəzən spermatozoid yumurta hüceyrəsinin içərisinə iynə vasitəsilə yeridilir. Bu prosedur kişidən alınmış spermatozoidlərin sayı az olduqda tətbiq edilir.
Mayalanma baş tutduqdan sonra alınmış embrionlar 3-5 gün ərzində laboratoriyada saxlanılır. Bu müddət ərzində həkimlər onların inkişafına diqqətlə nəzarət edirlər. Sonra ən yaxşı embrionlar qadının uşaqlığına yerləşdirilir və burada inkişaf davam edir. Bəzən embrionları xüsusi şəraitdə dondururlar ki, lazım olduqda onlardan istifadə olunsun.