Hamiləlik zamanı qadınların əksəriyyətində (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlər (şişkinlik) müşahidə olunur.
Qadın fikir verir ki, ayaqqabılar ona dar olur, üzük barmaqdan çıxmır və s. Bir çox qadınları belə dəyişikliklər narahat edir, qorxuzur. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur.
— Hamiləlik zamanı qadının orqanizmində baş verən dəyişikliklər orqanizmdə dövr edən mayenin çoxalmasına səbəb olur. Belə ki, hamiləlik zamanı qadının orqanizmində yeni əlavə qan dövranı — ciftin qan dövranı əmələ gəlir. Bu qan dövranı vasitəsi ilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, parçalanma maddələri və karbon qazı isə çıxardılır. Təbii ki, bunun nəticəsində qanın həcmi orqanizmdə artmalıdır. Hamiləlik zamanı qadının orqanizmində dövr edən qanın həcmi, demək olar, 2 dəfə artır.
Digər tərəfdən orqanizm gələcək doğuşda qanın itirilməsini «bilərək» qanın ehtiyatını yığır.
— Hamiləlik zamanı çoxlu miqdarda ifraz olunan və hamiləliyin normal inkişafını təmin edən progesteron hormonu orqanizmdə mayenin və duzların yığılmasına səbəb olur.
— Hamiləlik zamanı böyümüş uşaqlıq aşağı ətrafların damarlarına güclü təzyiq edir. Bu isə bir çox qadınlarda varikoz xəstəliyinin inkişafına səbəb olur. Varikoz xəstəliyi zamanı damarlar genişlənir, onlarda qan durğunluğu yaranır. Nəticədə ayaqlarda şişkinlik əmələ gəlir.
Bütün sadaladığımız amillər hamiləlik zamanı (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlərə səbəb olur. Cüzi ödemlər fizioloji sayılır, qadının və uşağın səhhəti üçün heç bir təhlükə yaratmır. Adətən belə ödemlər axşam daha çox gözə çarpır, səhər isə qadın yatıb dincəldikdən sonra azalır və ya tam yox olur.
Lakin arterial təzyiqin artması və sidikdə zülalın artması ilə müşayiət olunan güclü ödemlər təhlükəlidir. Bu ürək və böyrək xəstəliklərinin, hestozun (gecikmiş toksikoz) əlaməti ola bilər. Bu halda qadın mütləq həkimə müraciət etməlidir.
Ödemlərin profilaktikası üçün qadın aşağıdakı qaydalara əməl etməlidir:
— Qidalanmada duz kəskin azaldılmalıdır. Duzun tərkibində olan natrium elementi orqanizmdə mayeni saxlamaq xüsusiyyətinə malikdir. Bu səbəbdən hamilə qadının qidalanmasında duzlu qidalar (duza qoyulmuş tərəvəzlər, balıq və s.), kolbasa və sosislər, konservləşdirilmiş və hisə verilmiş qidalar kəskin azaldılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin.
— Qızardılmış qidalardan imtina etmək lazımdır. Qidaları suda və ya buğda bişirin. Yağlı, şirin qidalar da arzuedilməzdir.
— Bir çox hallarda hamiləlik zamanı ödemlərin səbəbi varikoz xəstəliyi olur. Bu halda qadın xüsusi müalicə almalıdır. Qadına xüsusi müalicəvi kremlər və gellər, qanın laxtalanmasını azaldan dərmanlar təyin olunur. Qadın gecə yatanda ayaqların altına yastıq qoymalı, dincəldikdə ayaqlarını bir qədər qaldırmalıdır.
— Əvvəllər ödemlər olan qadınlara həkimlər mayenin qəbulunu azaltmağı tövsiyə edirdilər. Lakin hal hazırda həkimlər belə məhdudiyyətlər qoymur ki, bu qadının damarlarına çox mənfi təsir edir, qanın laxtalanmasını gücləndirir, trombların əmələ gəlməsinə təkan verir. Digər tərəfdən mayenin məhdudlaşdırılması nəticəsində orqanizm mayeni daha da çox saxlamağa "çalışır". Bu isə yenə də şişkinliyə səbəb olur.
Beləliklə hamilə qadın təxminən 1,5-2 l maye qəbul etməlidir. Çaydan (o cümlədən, yaşıl çaydan), qəhvədən, qazlı sulardan imtina edin. Adi təmiz su ən yaxşı seçimdir.
— Şişkinliklərin riskini azaltmaq üçün qadın daha çox hərəkət etməlidir (gəzməli, xüsusi hamilə qadınlar üçün olan fiziki hərəkətlər etməlidir və s.). Hərəkətlilik qanın daha yaxşı dövr etməsinə kömək edir, mayenin durğunluğunun qarşısını alır.
— Hamiləlik zamanı sol böyürü üstə uzanmaq və yatmaq lazımdır. Bu böyrəklərin daha yaxşı işləməsinə və daha az yüklənməsinə kömək edir.
— Hamiləlik zamanı xüsusi bandajların taxılması da aşağı ətraflara olan təzyiqi azaldır və şişkinliklərin azalmasına səbəb olur.
saglamolun.az