Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır. Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.
Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar. Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər. Balaca qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır.
Uşaqlara erkən yaşlardan öz bədəninin təmizliyinə fikir verməyi öyrətmək çox vacibdir. Həm oğlan, həm də qızlara hər gün cinsi orqanlarını yumağı və alt paltarlarını dəyişdirməyi öyrətmək lazımdır. Bu məqsədlə hər gün sabundan istifadə etmək tələb olunmur və hətta zərərli hesab edilir. Sabundan yalnız uşağı çimizdirərkən istifadə etmək kifayətdir.
Uşağın alt paltarları təbii parçadan olmalı, onu sıxmamalı, iç tərəfində kobud tikişlər, xovlar olmamalı, onun hərəkətlərini məhdudlaşdırmamalıdır. Uşaqların alt paltarları heç bir halda ailənin böyük üzvlərinin paltarları ilə birlikdə yuyulmamalıdır!
2-3 yaşlı qız sərbəst olarad özü tualetə getmək istəyirsə, ana ona nəzarət etməlidir. Çünki o sağrı hissələrinin unitaza sallanması şəklində oturarsa, bu, sidik ifrazı zamanı sidiyin uşaqlıq yoluna düşməsinə və onun iltihablaşmasına səbəb ola bilər. Uşaq sidiyə getdikdən sonra təmiz gurulanmazsa və ya yuyunmasa, bu, sidik duzları kristalları tərəfindən selikli qişanın qıcıqlandırılmasına, bəzən isə kiçik cinsiyyət dodaqlarının bir-birinə yapışmasına və ya bitişməsinə də səbəb ola bilər.
Balaca qızlara alt paltarında qum, torpaq üzərində oturaraq oynamağa icazə verməyin. Bu zaman çirkli qum, torpaq cinsiyyət üzvlərinə düşərək iltihab prosesin inkişaf etməsi təhlükəsi yarada bilər. Hər ehtimala qarşı uşağa budun ortasına qədər olan və sıx materialdan hazırlanmış paltar geyindirmək daha məsləhətdir.
Kiçik uşaqlar hətta eyni cinsli böyüklərlə belə, bir yerdə, bir vannada çimməməlidir. Bu ilk nəvbədə, uşağın tərbiyəsinə mənfi təsir edə biləcəyi üçün qeyrietik hesab edilir. Bundan başqa, bu həm də təhlükəli hesab edilir. Çünki bu zaman böyüklər üçün təhlükəsiz hesab edilən mikroorqanizmlər uşağa keçərək ona böyük zərər verə bilər. Uşaqların mütləq öz vannaları və hamam dəstləri olmalıdır!
Böyüklərin getdiyi hovuzlara uşaqların getməsinə yol vermək olmaz. Onlar yalnız uşaqlar üçün nəzərdə tutulmuş hovuzlarda üzə bilərlər.
Diqqətli analar qız uşaqlarında cinsiyyət üzvləri problemlərini birinci olaraq aşkar edə bilərlər. Böyük yaşlı qız uşağının cinsı üzvləri sahəsindən qeyri-adi ifrazat, qarında ağrılar, qanaxma, aybaşının gecikməsi, aybaşı zamanı olan qanaxmaların az və ya həddən-ziyadə olması hallarında ginekoloqa (mümkünsə uşaq ginekoloquna) müraciət etmək vacib hesab edilir.
Uşaqlıq yolundan ifrazatın (“beli”) güclənməsi qızlarda cinsi yetkinliyin əlamətlərindən biridir. Məktəbəqədər dövrdə bu ifrazat o dərəcədə az olur ki, analar onu “yox” kimı qəbul edirlər. Cinsi yetkinliyə təxminən bir il qalmış ifrazatlar hiss olunan miqdarda artırlar. Bu o deməkdir ki, artıq yumurtalıqlar fəaliyyətə başlamışdır. Analar ifrazatın rənginə və qoxusuna diqqət yetirməlidirlər. Normada ifrazat iysiz, seliyəbənzər və ya yapışqan şəklində olmalıdır. İfrazatın çoxalmasından qorxmaq lazım deyil. Sadəcə, qıza daha tez-tez yuyunmasını və alt paltarını dəyişməsini başa salmaq lazımdır. Əgər ifrazat normadan çox və pis qoxulu olarsa, tərkibində irin, qan qarışıqları nəzərə çarparsa, mütləq pediatra müraciət etmək lazımdır. Pediatr uşağınızı müayinə etdikdən sonra lazım gələrsə, onu öz növbəsində ginekoloq, nefroloq, qastroenteroloq və ya digər mütəxəssisə də göstərməyi tövsiyə edə bilər.
Yuxarıda sadalanan əlamətlərə sidik ifrazı pozğunluqları, aralıq nahiyəsində şişkinlik və qaşınma da qoşula bilər. Qeyri-normal ifrazatın əmələ gəlməsinin bir sıra səbəbləri ola bilər: gigiyena qaydalarının pozulması, endokrin və ümumi infeksion xəstəliklər, bağırsaq pozğunluqları, böyrək xəstəlikləri və s.
Qızlarda qarın nahiyəsində ağrılar cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, uşaqlığın əyilməsi, yumurtalıqların sist (“kista”) və ya şişləri cinsi orqanların düzgün inkişaf etməməsi zamanı baş verə bilər. Qarın nahiyəsində ağrılar, əlbəttə ki, digər müxtəlif xəstəliklərin də əlamətləri ola bilər. İstənilən halda, ağrılar “keçib gedər” deyə arxayınlaşmaq olmaz. Ağrılar başlayan kimi, xüsusən də ağrılar şiddətli və uzunmüddətli olarsa, qızınızı mütləq ilk növbədə pediatra, daha sonra isə onun məsləhəti ilə digər mütəxəssisə göstərin.
Mənbə: saglamolun.az