Əmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.
Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.
Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) qəbul edə bilər.
Adətən xəstəliyin 2-ci günü hərarət enir, yaxşılaşma baş verir.
Əgər mastitin əlamətləri ağır şəkildə olmaqla davam edərək 2 gün və daha artıq saxlanmış olarsa, bu, döşdə infeksiyanın düşməsi nəticəsində, infeksiyalaşmış mastitin yaranmasının göstəricisi ola bilər.
İnfeksiyalaşmış mastit – iltihabi prosesdir və təxirə salınmadan müalicə olunmalıdır. Müalicə məqsədi ilə anaya həkim tərəfindən antibakterial preparatlar («antibiotik») təyin edilir. Bu zaman ana, uşağı əmizdirmək istəyi barədə həkimə mütləq məlumat verməlidir. Bu halda, həkim anaya elə preparat təyin edir ki, əmizdirən ana, uşağın əmizdirilməsindən imtina etməməklə, həmin preparatı qəbul edə bilsin. Antibiotiklərin qəbul edilməsindən sonra qadının vəziyyəti xeyli dərəcədə yaxşılaşmağa başlayır. Bu zaman müalicədən başqa, döşləri gün ərzində 3 dəfə olmaqla “son damlasına qədər” sağmaq da lazımdır.
İnfeksiyalaşmış mastit zamanı isti kompresslərin edilməsi tövsiyə olunmur! Çünki bunun nəticəsində həmin sahədə abses (irinlik) yarana bilər. Aparılan bütün müalicələr mastitin sağalması üçün effektiv olduğu halda, döşlər rahatlaşandan sonra artıq sağmağı dayandırmaq olar.
Mastitin qarşısını almaq üçün analar mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl etməlidirlər:
— Birinci və ən əsas şərt – döşü körpənizə düzgün şəkildə verin və vaxtaşırı olaraq onun əmizdirilməsi mövqelərini dəyişin. Uşağın istəyi olmadan (özü könüllü şəkildə döş giləsini buraxmadan) döşü ondan almayın. Körpəni müəyyən edilmiş bir qrafik üzrə yox, onun tələbi üzrə əmizdirin.
— Döşün “qayçı” şəklində tutulmasını tətbiq etməyin və döşü uşağın burnunun önündə barmaqla sıxmayın. Əgər sizdə körpənizin narahat nəfəs alması fikri yaranmış olarsa (əksər hallarda bu heç də belə olmur), bu halda onu, sadəcə olaraq, bir qədər aşağıya çəkin.
— Heç bir halda dar büsthalter geyinməyin. Satışda uşaq əmizdirən analar üçün təbii parça materialından hazırlanmış xüsusi yüngül büsthalterlər olur. Axşam yatarkən büsthalterinizi mütləq çıxarmağı da unutmayın.
— Qarnı üstə (üzüaşağı) yatmayın. Bu vəziyyət döş axarlarının tutulmasına səbəb ola bilər.
— Döşlərinizi müxtəlif xarakterli travmalardan qoruyun.
— Stress vəziyyətlərindən mümkün qədər uzaq durmağa çalışın. Çünki oksitosin hormonu stressə, həyacanlanmalara, ağır fiziki işlərə qarşı çox həssasdır. Hətta anada kifayət qədər süd hazırlanmış olsa da, stress, kifayət qədər oksitosin hormonunun hazırlanmasının qarşısını alaraq, südün normal xaric olmamasına, bu isə döşdə durğunluğa, nəticə etibarı ilə, mastitə səbəb olacaq.
— Əvvəlki dövrlərdə, qadınlar öz nənələrindən tez-tez “döşlərini isti saxla, soyuğa verərsən” kimi xəbərdarlıqlar eşidirdilər. Yəni o zaman belə bir fikir formalaşmışdı ki, qadın özünü soyuğa verdikdən və ya yağışlı havaya düşdükdən sonra onun döşlərində laktostaz əmələ gəlir. İndi isə biz bilirik ki, soyuqlama laktostazın əmələ gəlməsinə səbəb ola bilməz.
saglamolun.az