USM zamanı uşağın cinsinin təyin edilməsi

USM zamanı uşağın cinsinin təyin edilməsi

Dölün cinsinin təyin edilməsinin dəqiqliyi hamiləliyin müddətindən və bir çox hallarda USM avadanlığından (daha müasir avadanlığın imkanları, təbii ki, daha çoxdur) və həkimin təcrübəsindən və peşəkarlığından asılıdır.

Hamiləliyin 8-ci həftəsinə kimi embrionun cinsini təyin etmək mümkün deyil. Məsələ burasındadır ki, embrionun xarici cinsiyyət üzvlərinin formalaşması yalnız hamiləliyin 10-cu-12-ci həftəsində qurtarır.

Həkimlərin əksəriyyətinin fikirinə görə, dölün cinsinin təyin edilməsi yalnız hamiləliyin 15-ci həftəsindən sonra mümkün olur. Ən ideal vaxt isə hamiləliyin 21-ci-22-ci həftələri sayılır. Həkim oğlanda xayalıq və cinsiyyət üzvünü, qızlarda isə böyük cinsiyyət dodaqlarını «tapmaqla» dölün cinsini təyin edə bilir.

Bəzi hallarda uşağın cinsi səhvən təyin oluna bilər. Nadir hallarda olsa da bu mümkündür.

Bəzən həkim dölün göbəkbağını və ya əl barmaqlarını səhvən cinsiyyət üzvü kimi «anlayır» və bu halda qadın cinsinə aid olan döl oğlan «adlandırılır». Bəzi hallarda qızlarda ananın bətnində olarkən böyük cinsiyyət dodaqları həddən artıq şişmiş (ödemləşmiş) olur ki, bu halda da qız oğlanla səhv salınır. Bəzən döl ayaqlarını sıxaraq öz cinsini göstərmək «istəmir» və nəticədə dölün cinsi yenə də səhvən təyin oluna bilər.

Hamiləliyin müddəti artdıqda uşağın cinsini təyin etmək daha çətin olur. Boyümüş uşaq güclə ananın qarnında yerləşir, «bükülmüş» vəziyyətdə olur, darısqallığa görə daha az hərəkət edir və nəticədə USM zamanı onun cinsiyyət üzvləri ön plana çıxmaya da bilər.
Top