Hamiləlik müddəti və əlamətləri

Hamiləlik müddəti və əlamətləri

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən — mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.

Hamiləliyin güman edilən və ehtimal olunan əlamətləri ayırd edilir.

Hamiləliyin güman edilən əlamətləri:
— süd vəzilərinin ölçüsünün boyüməsi, hissiyyatlığının artması və yüngülcə ağrıması;

— süd vəziləri üzərində olan damarlar daha nəzərəçarpan ola bilər;

— ümumi zəiflik, başgicəllənmə, halsızlıq;

— uşaqlıq yolundan ifrazatın artması;

— iştahanın dəyişməsi, kəskin qidalara, qeyri-adi maddələrə (gil, təbaşir və s.) meyllilik;

— səhərlər ürəkbulanma və qusma;

— qoxu hissiyyatının dəyişməsi (müxtəlif ətirlər və tütün tüstüsü kimi kəskin iylərə qarşı ikrah hissinin yaranması);

— əsəbilik, yuxululuq, əhvalın qeyri-stabilliyi;

— sidik ifrazının tezləşməsi.

Hamiləliyin ehtimal olunan əlaməti — menstruasiya tsiklinin kəsilməsi. Bu həmçinin stress və ya digər xəstəliklərlə də əlaqədar ola bilər.

Hamiləlik mama-ginekoloq tərəfindən dölün tərpənməsi və onun ürək döyünməsi əlamətləri müəyyən edildikdən sonra mübahisəsiz olaraq təsdiq olunur. Ancaq bu əlamətlər hamiləliyin kifayət qədər daha gec dövrlərində həkim müayinəsi zamanı müəyyən edilir.

Hormonal testlər hamiləliyi 5-ci həftəsindən etibarən müəyyən etməyə imkan verir. Bu test döl hüceyrəsinin uşaqlığın selikli qişasına birləşməsinə xidmət edən xovlarının ifraz etdiyi qonodotrop hormonun müəyyən edilməsinə əsaslanır. Bu, hormon sidiklə ifraz olunduğu üçün hamiləlik testi məhz sidiyin müayinəsi ilə aparılır. Testlər apteklərdə satılır və ancaq təlimatda göstərilənlərə 100% əməl edildikdə dəqiq nəticə verir.

Tibbi müəssisələrdə aparılan qanın xüsusi müayinəsi ilə 1-2 həftəlik hamiləliyi müəyyən etmək olar.

Mənbə: saglamolun.az
Top