İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.
Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.
Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.
Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq. Buna görə də kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan “narazılığının və iddiasının” heç bir əsası yoxdur. Məhz eyni səbəbdən körpənin cinsinin planlaşdırılması üzrə anaya — onun yaşına, doğum tarixinə, pəhrizinə və s. xüsusiyyətlərinə aid olan bütün hesablamalar da əsassız və yanlış hesab edilməlidir («yeni qan», «qanın yeniləşməsi» və s. «üsulları»).
Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-xromosom olçülərinə və ağırlığına görə Y-xromosomdan dəfələrlə artıq olur. Ona görə də X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.
Spermatozoidlə mayalanma yalnız yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından sonra (ovulyasiya) baş verə bilər. Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün saxlayır. Əgər cinsi akt ovulyasiyadan bir neçə gün qabaq olmuşsa, çox ehtimal ki, qız uşağı doğulacaqdır. Çünki bu zaman qadının cinsi yollarında yalnız daha uzun omürlü, davamlı və güclü olan X-spermatozoidləri qalmış olur. Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə və ovulyasiyaya qədərki 1 həftə ərzində onlar cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər. Çünki daha yüngül və daha hərəkətli olan Y-spermatozoidlər yumurta huceyrəsinə daha tez çataraq (daha ağır və ləng olan X-spermatozoidləri qabaqlayaraq) onu mayalandırır.
Bu metod 100% dəqiq olmasa da, daha düzgün və effektli sayıla bilər.
Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü dəqiq hesablamaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, keçirilən streslərin təsirindən, antibiotiklərin qəbulundan, iqlim dəyişməsi nəticəsində ovulyasiya günü bəzi hallarda dəyişə bilər.
EKM — ekstrakorporal mayalanma — üsulu çərçivəsində lazer texnologiyasının köməkliyi ilə spermatozoidləri X və Y-növlərinə ayırmaq mümkündür. Ayrılmış X və ya Y-spermatozoid laborator şəraitdə (şüşə borusunda) yumurta hüceyrəsini mayalandırır. Sonra arzu edilən oğlan və ya qız rüşeymini əldə edərək onu qadının uşaqlıq boşluğuna daxil edirlər.
Qeyd edək ki, adı çəkilmiş üsulların heç biri arzu edilən nəticənin əldə edilməsinə 100% təminat vermir. Bundan başqa yadda saxlamaq lazımdır ki, cinsindən asılı olmayaraq ailədə sağlam uşağın doğulması ən əhəmiyyətli və xoşbəxt hadisədir.
Müqəddəs Quranda belə deyilir:
“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).
«Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…» (Rad, 8)
Mənbə: saglamolun.az