Ekstrakorporal mayalanma

Ekstrakorporal mayalanma

1978-ci ildə ilk qadın süni surətdə mayalandırılmışdır. Bunun nəticəsində qız uşağı doğulmuşdur. Bu yaxınlarda isə bu qız heç bir əlavə tibbi kömək olmadan, ana olmuşdur. 1978-ci ildən başlayaraq bütün dünyada EKM üsulu ilə 2 milyona yaxın uşaq doğulmuşdur.Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35% hallarda hamiləlik baş verir.  

Əvvəllər EKM üsuluna uşaqlıq boruları olmadığı halda və ya onların keçiriciliyinin pozulmasını cərrahi yolla aradan qaldırmaq mümkün olmadıqda müraciət olunurdu. Ancaq bir müddət keçdikdən sonra bu üsulun nəticələri o qədər təsirli və diqqəti cəlb edən olmuşdur ki, EKM üsulundan praktiki olaraq sonsuzluğun bütün formalarında istifadə edilməyə başlanmışdır: kişi faktoru ilə əlaqədar olan sonsuzluqlar; naməlum formalı endometriozlar; hətta, yumurtalıqları normal fəaliyyət göstərməyən və ya xaric edilmiş olan və uşaqlığı olmayan qadınlarda (surroqat analıq).

EKM (ekstrakorporal mayalanma) üsulu bir neçə mərhələdə aparılır. Əvvəlcə qadına, follikulların yetişməsini və ovulyasiyanı stimullaşdıran xüsusi dərman preparatları təyin edilir. Bu prosesin qadın orqanizmindəki gedişinə həkim tərəfindən USM ilə nəzarət edilir. Təbii ovulyasiyaya mümkün qədər ən yaxın olan bir zamanda, USM nəzarəti altında uşaqlıqdan daxil olmaqla, qadının yumurtalıqlarından follikullar alınır. Bu müdaxilə ambulator şəraitində aparılır. Xəstənin istəyinə uyğun olaraq bu zaman ağrısızlaşdırma da tətbiq oluna bilər. Daha sonra yumurta hüceyrələri follikulların içərisindən xaric edilərək, şəraiti praktiki olaraq qadın orqanizminə tam şəkildə uyğun olan — inkubatora yerləşdirilir.

Yumurtalıqların punksiyasından və yumurta hüceyrələrinin alınmasından sonra qadının həyat yoldaşından mayalanma üçün sperma alınır. Kişi sağlamdırsa spermanı təbii yolla alırlar. Kişinin sağlamlığında müəyyən problemlər olduqda isə spermatozoidləri xüsusi iynə vasitəsi ilə xayanın özündən götürürlər. Bu müdaxilə yerli anesteziya altında aparılır. Kişinin sperması həddən artıq aşağı keyfiyyətli olduqda, ailə cütlüyünün qarşılıqlı razılaşması əsasında donor spermasından istifadə olunur.

Laboratoriya şəraitində sperma xüsusi işlənir. Belə ki, bu zaman süni mayalanma üçün yalnız düz xətt üzrə hərəkət edən spermatozoidlər seçilir. Spermatozoidlərin keyfiyyətinin yüksək olması üçün sperma verilməsindən bir neçə gün əvvəl kişilər cinsi əlaqələrdən çəkinməli, həmçinin mayalanma prosedurdan xeyli əvvəl zərərli adətlərdən (siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək və s.) tam şəkildə imtina etməlidirlər.

Daha sonra qadının yumurta hüceyrəsi həyat yoldaşının və ya donorun sperması ilə laborator şəraitində şüşə borusunda mayalandırılır. Bir neçə gündən sonra mayalanma nəticəsində yaranmış embrionu xüsusi kateterlə qadının uşaqlığına daxil edirlər.

İki həftədən sonra qadında hamiləliyə görə testin nəticəsi müsbət olduqda, daha iki həftədən sonra hamiləliyə görə USM aparılır.

EKM mürəkkəb və pilləli şəkildə keçirildiyi üçün ailə cütlüyündən böyuk hövsələ, intizamlılıq və həkim məsləhətlərini dəqiqliklə yerinə yetirmək tələb olunur.

Kişi sonsuzluğunun ağır formalarında EKM (ekstrakorporal mayalanma) zamanı SYHDİ əməliyyatı (spermatozoidin yumurta hüceyrəsi daxilinə inyeksiyası) icra edilir.

Bu üsuldan spermatozoidin yumurta hüceyrəsinə daxil olması problemini həll etmək üçün istifadə edilir. Bildiyimiz kimi, mayalanma prosesi zamanı çoxlu sayda olan spermatozoidlər onun qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə yumurta hüceyrəsini fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bunun nəticəsində bir (nadir hallarda iki-üç) spermatozoidin yumurta hüceyrəsinin içərisinə daxil olması baş verir. Beləliklə, mayalanmanın müvəffəqiyyətlə baş verməsi üçün kifayət qədər hərəkətli spermatozoidlərin olması vacib şərtlərdəndir.

Ancaq elə hallar olur ki, həkimlər kişidən mayalanma qabiliyyəti olan cəmi bir neçə spermatozoid ala bilirlər. Məhz bu halda SYHDİ üsulunun tətbiq edilməsinə tələbat yaranır. Son zamanlar SYHDİ üsulundan, əvvəllər EKM proqramı tətbiq edilməsinə baxmayaraq, mayalanmanın baş tutmadığı ailə cütlüklərinin müalicəsində də istifadə olunur.

SYHDİ üsulu tətbiq edilərkən, əldə olunan spermatozoidlərin içərisindən xarakterik göstəriciləri ən yüksək olanı seçilir ki, o da laborator şəraitində iynə ilə bilavasitə yumurta hüceyrəsinin içərisinə daxil edilir. Nəticədə süni yolla mayalanma baş vermiş olur. Bir neçə gündən sonra isə ziqota (rüşeym) uşaqlıq daxilinə otuzdurulur.

Top