Hamilə qadınları narahat edən 15 sual

Hamilə qadınları narahat edən 15 sual

Hormonal, fiziki və psixoloji dəyişiklərin sıx yaşandığı hamiləlik dövrülə əlaqədar qadınları maraqlandıran müəyyən mövzular var.
Türkiyə mətbuatına istinadən, doktor Gürkan Zorlunun hamiləlikdə ən çox soruşulan 15 suala verdiyi cavabı və tövsiyələrini təqdim edirik.
1. Hamiləlik boyunca hər ay neçə kq. kökəlmək olar?
Hamiləlik boyunca bədən çəkiniz 9-13 kq arasında artacaq. Hamiləliyinizin ilk 3 ayında 0-3 kq arta bilərsiniz. İlk 3 aydan etibarənsə bədən ağırlığınız da, hər ay 1-1,5 kq artmalıdır.
2. Hamiləlikdə cinsi əlaqə təhlükəlidirmi?
Daha əvvəlki hamiləliklərinizdə açılış, erkən doğum kimi problemlə qarşılaşmamısınızsa, cinsi əlaqə məhdudlaşdırılmaya bilər. İlk aylarda hamiləliklə bağlı şikayətləriniz, son aylarda da qarın böyüməsi səbəbiylə, cinsi istəyinizdə azalma ola bilər. 3-cü və 6-cı aylar arasında isə hormon səviyyəsindəki artım, hamilə qalma qayğısının olmamasına görə isə cinsi istəkdə artma görülə bilər.
3. Ürək bulanma və qusma məni çox narahat edir, bundan necə xilas ola bilərəm?
Bu vəziyyət sizin üçün stress qaynağı olursa və həyatınıza mənfi təsir edirsə, bu təklifləri diqqətə ala bilərsiniz:
— Səhərlər yataqdan qalxmadan əvvəl bir neçə duzlu biskvit, ləbləbi kimi quru qidalar yeyə bilərsiniz.
— Xüsusilə qusma yolu ilə maye itirirsinizsə, bol miqdarda maye içməlisiniz.
— Qəbiz olmamaq üçün, gündə 6-8 stəkan su için.
— Gündəlik fəaliyyətinizi artırın və hər gün nizamlı olaraq məşq edin.
4. Xüsusilə isti havalarda ayaq biləklərim şişir. Bu vəziyyət hansısa təhlükənin işarəsidirmi?
Hormonların təsirilə bədəndə su və duz tutulması, ayaq üstə çox qalanda və ya oturanda ayaqlarda şişmə olması normal qəbul edilməkdədir. Bu vəziyyətin yaradacağı narahatlığı azaltmaq üçün ayaqlarınızı yuxarı qaldırın, yeməklərinizdə duzu azaldın, rahat ayaqqabı və başmaqlar geyin. Şişliklər sizi çox narahat edirsə, korsetli corablar geyə bilərsiniz.
5. Hər kəs meyvə, tərəvəz istəyərkən mən siqaret və spirtli içki istəyirəm, bu vəziyyət körpəmə zərər verərmi?
Hamiləlik əsnasında, xüsusilə 4-cü aydan sonra siqaret çəkmənin zərəri sübut olunub. Siqaretin gətirib çıxardığı mənfi vəziyyətlər arasında uşağın düşməyi, körpə ölümü, erkən doğum kimi hallar var. Digər tərəfdən hamiləlikdə istifadə edilən spirtin qan dövranı vasitəsilə keçərək uşaqda zəka geriliyi, inkişaf pozuqluqları, üz anomaliyaları, ölü doğuş kimi bəzi problemlərə səbəb olduğu göstərilib. Bu səbəbdən hamiləlikdə spirtli içki istifadə etməməlisiniz.
6. Hamiləliyim müddətində gündəlik fərdi baxımımda (diş baxımı, duş almaq və s…) fərqlilik olacaqmı?
Hamiləliyiniz əsnasında hormonal dəyişmələr diş ətinizdə iltihaba, qusma isə dişlərinizdə çürüməyə yol aça bilər. Buna səbəb olmamaq üçün gündə 2 dəfə dişlərinizi təsirli bir şəkildə fırçalamalısınız. Hamiləlik səbəbiylə artan tərləmə sizə narahatlıq verə bilər. Hər gün duş qəbul etməniz isə sizi rahatladar. Hamiləlik boyunca duş qəbul etmədə və su dolu vannada yuyunmada bir sərhəd yoxdur. Ancaq ayaq üstə duş qəbul etməyə üstünlük verməlisiniz. Beləcə, uşaqlıq yolunu infeksiyadan qorumuş olarsınız. Saçlarınızı isə doğuşdan sonra rəngləməniz tövsiyə edilir.
7. Səyahət etməyi çox sevirəm, bir qorxusu varmı?
Hamiləlikdə uzun sürən səfərlərdən qaçmalısınız. Avtomobil vasitəsilə edilən səfərlərdə, ayaqlarınızda qan dövranını təmin etmək üçün 2 saatdan bir 15-20 dəqiqəlik fasilə verməlisiniz. Daha əvvəlki hamiləlikdə açılışı olmuş qadınların ilk 3 ayda, erkən doğuş etmiş qadınlarınsa son 3 ayda səyahət etməməsi lazımdır. Belə problemlər yoxdursa, təyyarəyə minmənizdə də bir qorxu yoxdur. Yenə də tədbiri əldən verməmək üçün hamiləliyin 34-cü həftəsindən sonra təyyarəyə minməməlisiniz.
8. Davamlı özümü yorğun hiss edirəm və tez yoruluram. Nə etməliyəm?
Ürək bulanma, qusma, qansızlıq, son aylarda çəki artımı və hamiləlik zəhərlənməsinə meyl tez yorulma və yorğunluq hissinin səbəblərindən sayıla bilər. Bunun üçün hamiləlik boyunca nizamlı məşq etməli, hər gün müəyyən bir müddət istirahət etməli, qidalanmaya diqqət yetirməli, yuxu müddətini artırmalı, həddindən artıq çəki artımından qaçmalısınız.
9. Ayaqlarımda ağrılar yaranır, gecələr isə sancı olur. Bundan necə xilas ola bilərəm?
Hamiləliklə əlaqədar olaraq bədəndə fosfor artımı, kalsium azalması, körpə başının omba sümükləri arasına yerləşməsi səbəbindən sancı ola bilər. Uzun müddət hərəkətsiz və ya uyğun olmayan vəziyyətdə qalmaq, uzun müddət ayaq üstə dayanmaq, çox gəzmək, süd, qatıq, pendir kimi qida maddələrini kifayət qədər istehlak etməmək kimi səbəblər bu şikayətlərini artıra bilər. Bu vəziyyətdə süd və süd məhsullarını daha çox yeməli, yetərincə günəşdə qalmalı, sancı olduqda ayağınızı masaj etməlisiniz.
10. Gözümə linza taxmaq istəyirəm, hamilə olduğum üçün bir problem olarmı?
Hamiləlikdən əvvəl heç bir problem yaratmayan hal hamiləlik zamanı narahat edici ola bilər. Belə vəziyyətlərdə dərhal göz müayinəsi edilməlidir.
11. Mobil telefonumu yanımdan ayırmıram, körpəyə təsiri ola bilərmi?
Cib telefonlarının hamiləliyə mənfi təsir etməsi hələ də bildirilməyib. Ancaq yenə də ürək, qarın kimi bölgələrdən mümkün olduğu qədər uzaq tutulması və danışma müddətinin azalması təklif olunur.
12. Kompüterdə çalışmaq və televiziya izləmək uşağa zərər verərmi?
Bir çox araşdırmada həm kompüterin, həm də monitorların zərərsiz olduğu göstərilib. Yalnız uzun müddət kompüterlə işləmək narahat edici ola bilər. Bundan başqa, televizor seyr etmək də zərərsizdir. Onsuz da televiziya seyr etmə məsafəsində şüa enerjisi itməkdə və hər hansı bir təsiri gözlənilməməkdədir.
13. Vanna, duş və hovuz təhlükəlidirmi?
Bunların bir qorxusu yoxdur. Ancaq hamilələr yıxıla bilmə ehtimalına görə belə yerlərdə daha da diqqətli olmalıdırlar.
14. Dar paltarlar geyinməyi xoşlayıram, bu, dölə zərər verə bilər?
Qarın bölgəsini örtməyən və uşaqlığı sıxmayan “kalqotka” və “lasin” geyilə bilər. Büzqalter isə boş vəziyyətdə olmamalıdır.
15. Tomoqrafiya etdirməliyəm, şüa körpəm üçün zərərlidirmi?
“İyonizan radiasiya” çoxalan hüceyrələrə daha asan təsir edir və bu səbəbdən hamiləlikdə daha zərərli olması gözlənilir. Ancaq hamiləliyin müəyyən dövrləri var ki, körpəyə təsirləri növlərə ayırır. Əgər xəstə hamilədirsə və tomoqrafiya olunmalıdırsa, lazımi qoruma tədbirləri alınmalı və körpəyə gedəcək dozanın hesablanaraq minimuma endirilməlidir.
Mənbə: Lent.az, Türkiyə mətbuatı
Top