Klimaks (menopauza)

Klimaks (menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə - gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin səbəbini aydınlaşdırmaq lazımdır.

Qadının son menstruasiyası yaxınlaşan mərhələdə, onun yumurtalıqlarının funksiyaları zəifləməyə başlayanda estrogen defisiti simptomları yarana bilər. Bunlar, əsasən, dərinin büzüşüb yığılması, uşaqlıq yolunun quruluğu, yuxunun pozulması, depressiyaya meyllilik, əhvalın pisləşməsi, gözlərin yaşarması, çox tez həyəcanlanmaq, çılğınlıq kimi əlamətlərdir. Bu simptomlar, hətta yüngül formada belə, qadının normal yaşamasına mane olur və təbii ki, “həyat keyfiyyəti” göstəricisi enir.
klimaks,menopauza,qadınların yaş dövrü
Təəssüflə qeyd etməliyik ki, çox zaman qadın uşaq doğmaq funksiyasını yerinə yetirib qurtarandan sonra və xüsusilə bu dövrdə uzun müddət ginekoloqların nəzərindən kənarda qalır. Bu dövr ücün xarakterik digər əlamətlərlə əlaqədar daha çox kardioloqa, terapevtə, uroloqa, nevroloqa, psixiatra, travmatoloqa müraciət edirlər.

İndiki dövrdə müasir müalicə üsullarından və müvafiq preparatlardan istifadə etməklə qadın həyatının bu dövrü ilə əlaqədar bir sıra xoşagəlməz hallardan yaxa qurtarmaq mümkündür. Ginekoloq-həkim hər bir qadının orqanizminin xüsusiyyətlərini, onun səhhətinin bütün incəliklərini nəzərə almalı və məhz ona münasib olan müalicə tədbirləri və preparatlar seçməlidir.

Klimaks dövründə estrogen defisiti ilə əlaqədar sümük toxumasının azalması müşahidə olunur. Belə hallarda əvəzedici hormonal terapiya, fitohormonlar osteoblastların (sümük toxuması yaradan hüceyrələrin) sintezini bərpa etməyə kömək edir və osteoporozun səmərəli profilaktika vasitəsinə çevrilirlər. Lakin bu cür terapiya yalnız qadın xüsusi müayinə keçdikdən sonra təyin edilə bilər.

Menopauza haqqında daha bir qədər

Qeyd edək ki, siqaret çəkən və içki içən qadınlar digərlərinə nisbətən daha erkən menopauzaya girirlər və menopauza ilə bağlı onlarda sümük əriməsi, infeksiya, sidik qaçırma və psixologiyanın mənfi təsirlənməsi kimi vəziyyətlərə rast gəlinir. Mütəxəssislər ''menopauza'nın aybaşıların dayanması mənasını verdiyini söyləyirlər.
Qadınların çoxunda menopauzaya keçid müddətində aybaşı nizamsızlıqları, atəş basması kimi fiziki və psixoloji dəyişikliklər izlənilir. Atəş basmaları baş, boyun və sinə bölgəsində hiss edilir, dəridə qırmızılıq, bədən istiliyində ani artım və tərləməklə xarakterizə olunur. Ümumiyyətlə bir neçə saniyə ilə bir neçə dəqiqə arasında sürür, ancaq nadir olaraq bir saata qədər davam edə bilir. Menopauza ilə birlikdə azalan hormon istehsalına bağlı olaraq daxili və xarici cinsi orqanlarda və sidik yollarında da bir çox dəyişiklik ortaya çıxır. Vajinal quruluq, cinsi həyatın mənfi təsirlənməsi və təkrarlayan infeksiyalar sıx görülür. Sidik problemləri və azalan hormon istehsalına bağlı olaraq sümük əriməsi də çox sıx qarşılaşılan problemlərdir. Buna maneə törətmək üçünsə qadınlar mütləq süd və süd məhsullarının qəbuluna diqqət göstərməli, nizamlı fiziki fəaliyyət göstərməlidir. Mütəxəssislərin verdiyi məlumata görə, qadının həyatında köklü dəyişikliklər yaradan və dərindən təsir edən menopauza dövrü bir qadının həyatının orta hesabla üçdə birini əhatə edir. Buna görə də menopauzadakı hər qadın ildə bir dəfə mütləq bir ginekoloqla görüşməli, lazımi tədqiqlər və müayinələr etdirməlidir.

Top