Hamilə qadınlar

Hamilə qadınlar

Hamiləliyin normal cərəyan etməsi və əmələ gələ biləcək bir sıra mürəkkəbləşmə hallarının qarşısının alınması üçün əsas şərt rasional rejimə riayət edilməsidir. Hamiləlik dövründə qadın üçün həyata keçirilməsi zəruri olan bütün tədbirlər hər bir ayrı-ayrı halda fərdi olaraq tətbiq edilir.
Hamiləliyin axırıncı aylarında qarnın düz əzələlərinin aralanmasının qarşısını almaq məqsədilə qarnın möhkəm saxlanması üçün bel bandajı tətbiq edilməlidir. Bandaj taxılması və bağlarının bağlanması arxa ü stə uzanma vəziyyətində keçirilir. Xüsusi olaraq, qarnın ölçü və həcminə görə seçilmiş bandaj hamiləlikdən sonrakı dövrdə də taxılmalıdır.
Hamilələrdə venaların varikoz genəlməsibaşlıca olaraq aşağı ətraflarda müşahidə edilir, lakin xarici cinsiyyət üzvləri və uşaqlıq yolu sahəsində də ola bilər.
Bu xəstəlik baş verdikdə xəstə qıçlarında ağrı və ağırlıq hiss etməsindən, baldır əzələlərində gecələr qıcolmalar əmələ gəlməsindən, yeridikdə tez yorulmaqdan şikayətlənir. Venaların varikoz genəlməsi vena mənfəzlərinin qeyri-bərabər genəlməsi və nazikləşmiş vena divarlarında çıxıntılar (qabarıq) əmələ gəlməsi, damar yollarının qeyri-düzgün (əyri-üyrü) istiqamətlənməsi, damarlarda düyünşəkilli qıvrımların inkişafı, qapaqlarda funksional nöqsanlar və pozulmuş qan axını ilə xarakterizə olunur. Bu xəstəlikdə görülən tədbirlər kompleksinə həmişə elastik bint və ya corabdan istifadə edilməsi, müalicə və bədən tərbiyəsi aparılması, həmçinin venoz qan dövranını yaxşılaşdırıcı preparatların tətbiq edilməsi daxildir.
Çəki. Hamilə qadının hər dəfə məsləhətxanaya gəlişində (hamiləliyin birinci yarısında ayda bir dəfədən az olmayaraq və hamiləliyin ikinci yarısında hər iki həftə ərzində) çəkisi yoxlanılır. Bundan məqsəd mayenin orqanizmdə saxlanması və toplanmasını vaxtında aşkar etməkdir. Hamilə qadın qapanda çəkilən zaman bir köynəkdə dayanmalı və qabaqca siyiməlidir. Çəkisi yoxlanılan gün qarnı təmizlənməlidir. Hamiləliyin fizioloji cərəyanının birinci həftələrində bədənin çəkisi bir qayda olaraq, artmır. Artım hamiləliyin 16-cı həftəsindən etibarən qeyd edilir. 23-24-cü həftədən başlayaraq çəkidə artım hər həftə 200 q-a çatır, 29-cu həftədən etibarən isə çəkidə artım 300-350 q- dan çox olmamalıdır.
Döldə ürək döyünməsinin dinlənməsi (auskultasiya) geniş borulu mama stetoskopu vasitəsilə aparılır.
Ürək döyüntüləri ay təqvimi ilə hamiləliyin V ayından sonra eşidilir. Ürək tonlarını dinləməklə dölün vəziyyəti müəyyən edilir. Bunun isə doğuş üçün böyük əhəmiyyəti vardır. Ürək döyünməsi dölün başına yaxın yerdə və dölün arxasının yönəlmiş olduğu tərəfdən daha yaxşı eşidilir. Döl başı aşağı vəziyyətdə olduqda döyünmə göbəkdən aşağıda, çanaqda yerləşdikdə — göbəkdən yuxarıda, köndələn yerləşdikdə isə — göbək səviyyəsində başa yaxın sağ və sol tərəfdə eşidilir. Dölün ürək tonları orta hesabla dəqiqədə 130-140 dəfə təkrarlanan ritmik qoşa zərbələr şəklində eşidilir.
İdman hamilə qadının ümumi vəziyyətini yaxşılaşdırır, onun sinir sisteminə yaxşı təsir göstərir, toksikozun azalmasına səbəb olur, doğum aktının gedişini yaxşılaşdırır, aralığın (perineumun) cırılması ehtimalını azaldır, habelə doğumdan sonrakı dövrün daha əlverişli cərəyan etməsinə səbəb olur. İdman qadın basması əzələlərinin möhkəmlənməsinə təsir edir, doğum zamanı gücənmə fəaliyyətini yaxşılaşdırır, çanaq dibi əzələlərinin elastikliyini yüksəldir ki, bu da daxili cinsiyyət üzvlərinin aşağı salınması və düşməsinin qarşısını alır. Bədən tərbiyəsi doğum zamanı tənəffüsü idarəetmə vərdişlərinin əldə edilməsinə, orqanizmdə dölün inkişafı üçün zəruri olan oksidləşmə proseslərinin gücləndirilməsindən ötrü xarici tənəffüs funksiyasının yaxşılaşmasına kömək edir. Qadın məsləhətxanası həkimi məşğələlərin keçirilməsi üzərində müntəzəm nəzarət aparır; o, ümumi yükün həcmini müəyyən edir və hamiləlik dövrü ərzində bu yükü dəyişib tənzim edir. Fiziki məşqlər hamiləliyi mürəkkəb olmayan bütün qadınlar, habelə ürək-damar sistemi xəstəlikləri kompensasiyası mərhələsində olan hamilə qadınlar üçün xeyirlidir, lakin bu qadınlar daima terapevtin nəzarəti altında olmalıdırlar. Sağlam hamilə qadınlar öz evlərində idmanla müstəqil məşğul ola bilərlər, lakin patronaj tibb bacısı hər dəfə patronaj apararkən bu qadınların səhhətini yoxlamalıdır.
Qurd invaziyası hamilənin vəziyyətini və dölə pis (anemiya, ümumi halsızlıq) təsir edir: o, ciftdə patoloji dəyişikliklərə səbəb ola bilər ki, bu da anemiya ilə yanaşı, döldə oksigen aclığına və hamiləliyin vaxtından qabaq kəsilməsinə səbəb olur. Hamilə qadınlar məsləhətxanaya ilk gəlişlərində qurd yumurtacıqlarının olmasını müəyyən etmək üçün nəcisi tədqiq etdirməli və lazım gəldikdə müalicə olunmalıdırlar.
Dispanserizasiya — xəstələrin aşkar edilməsi, qeydə alınması, onların üzərində sistematik müşahidə aparılması və sağlamlaşdırmadan ötrü əhalinin profilaktik tibbi müayinədən keçirilməsinə köməkedici metoddur.
Hamilə qadınların dispanserizasiyası onların yaşadıqları yerlərdəki qadın məsləhətxanaları, kənd rayonlarında isə rayon və sahə xəstəxanaları və poliklinikaları tərəfindən aparırlar. Məsləhətxanalar öz rayonunda yaşayan bütün hamilə qadınları uçota alır və onların üzərində müntəzəm dispanser müşahidəsi aparılmasını təmin edirlər.
Bütün hamilə qadınları erkən qeydə almaq və hamiləliyin mürəkkəbləşməsi hallarını (toksikozları, çanağın ensizliyini, dölün düzgün yerləşməməsini, qanaxmaları və s.) habelə daxili üzvlərin (ürək-damar sisteminin, tənəffüs üzvlərinin, qaraciyər, böyrək və s.) xəstəliklərini aşkar etmək qadın məsləhətxanalarının ən mühüm vəzifəsidir.
Hamiləlik ərzində qadın məsləhətxanaya azı 10-14 dəfə (hamiləliyin birinci yarısında 3 həftədə 1 dəfə, 20-ci həftəsindən 32-ci həftəsinə qədər — ayda 2 dəfə, hamiləliyin 32-ci həftəsindən sonra hər 10 gündə bir dəfə, lazım olduqda isə daha çox) getməlidir.
Dişlər və ağız boşluğu. Xəstə dişlərin və ağız boşluğunu vaxtlı-vaxtında müalicəsinin böyük əhəmiyyəti vardır, çünki ağız boşluğundakı infeksiya ocaqları orqanizmin daimi infeksiya və intoksikasiya mənbəyi olmaqla, doğumlar zamanı və doğumlardan sonrakı dövrdə infeksion mürəkkəbləşmələrin baş verməsinə səbəb ola bilər. Bəzən qadınlarda hamiləlik zamanı orqanizmin kalsium duzlarından kasadlaşması qeyd edilir, bu isə dişlərin vəziyyətinə təsir edərək, onların tez dağılmasına səbəb olur. Qadın məsləhətxanasına gəldikdə bütün hamilə qadınları stomatoloq-həkim müayinə edərək onlara lazımi müalicə yardımı göstərir.
Qan. Hamilə qadınlarda qanın klinik analizi hamiləlik ərzində, xüsusilə onun ikinci yarısında bir neçə dəfə aparılmalıdır. Qanın təkrar edilən tədqiqləri xüsusi müalicə tələb edən qan xəstəliklərinin vaxtında aşkar edilməsinə imkan verir.
Bütün hamilə qadınlarda qanın Vasserman, Meynike, Zaks-Georgi reaksiyalarına görə seroloji tədqiqi üçün dirsək venasından iki dəfə (hamiləliyin birinci və ikinci yarısında) qan götürürlər. Bu yolla aşkar edilmiş xəstələrin müalicəsinin veneroloji dispanserdə keçirirlər. Həm də müalicəyə mütləq gələcək uşağın atasını da cəlb edirlər.
Bütün hamilə qadınların rezus-mənsubiyyəti də hökmən təyin edilməlidir, çünki ananın mənfi rezuslu qanı əksər halda yeni doğulan uşağın hemolitik xəstəliyinə səbəb olur. Hamilə qadının qanının rezus-mənfi olması aşkar edildikdə onun ərinin qanını da tədqiq etmək lazımdır.
Əgər atanın qanı rezus-müsbətdirsə və dölə irsən atanın rezus mənsubiyyəti keçmişsə, bu cür hamiləlikdə ana ilə döl arasında rezus ixtilafı baş verir ki, bu səbəbə görə döl bətndaxili məhv ola bilər, yaxud vaxtından qabaq, ya da hemolitik xəstəlik əlamətləri ilə doğula bilər. Dölün rezus — anticisimlərin zərərli təsirinə müqavimətini artırmaq və ciftdə qan dövranını yaxşılaşdırmaq məqsədilə rezus mənfi qanlı bütün hamilə qadınların hökmən desensibilizəedici müalicəsi (hamiləliyin 12 — 14, 22 — 24, 32 — 34-cü həftələrində) keçirilməlidir.
Müalicə-profilaktika tədbirlərində dölün inkişafı üçün ən əlverişli şəraitin yaradılması nəzərdə tutulur: qida zülallarla, C vitamini ilə zəngin olmalıdır (hamiləlik ərzində bu qida kiçik fasilələrlə, sutkada 1 q qədər qəbul edilməlidir).
Kumbs sınağıananın qanında anticisimləri aşkar etmək üçün tətbiq edilir. Hamiləlik zamanı ananın qanında anticisimlər peyda olduqda, hələ doğumdan çox əvvəl döldə ən ağır xəstəlik formaları baş verir. Belə ki, yeni doğulan uşaqların təxminən 30%- ə qədər qeyd olunan hemolitik xəstəlik hələ bətndaxili dövrdə əmələ gəlir.
Hamiləliyin erkən müddətlərində qanaxma — döl yumurtasının uşaqlığın divarından aralanması ilə əlaqədar mürəkkəbləşmə olur hamiləliyin kəsilməsi təhlükəsini yaradır.
Döl yumurtasının aralanmasını xassə və dərəcəsindən asılı olaraq mürəkkəbləşmənin müxtəlif variantları əmələ gələ bilər: uşaqsalma təhlükəsibaş verdikdə — hamilə qadınlar qarnın aşağısında zəif sancıyabənzər ağrılardan şikayət edirlər, uşaqsalma başlanğıcında sancıyabənzər ağrılar və qanaoxşar ifrazat olur; natamam uşaqsalma halında — xeyli miqdarda qanaxma qeyd edilir.
Bütün bu hallarda xəstə təcili olaraq xəstəxanaya qoyulmalıdır.
Hamiləliyin axırıncı aylarında qanaxma uşaqlığın aşağı hissəsində yerləşmiş bala yatağının aralanması, bala yatağının ön vəziyyətdə yerləşməsi (bu zaman qanaxma, adətən, doğum fəaliyyəti və sancılar olmadan başlayır) və ya uşaqlıqda normal yerləşmiş ciftin vaxtından qabaq aralanması (bu zaman, adətən, sancı tutmaları olur) nəticəsində baş verir.
Süd vəziləri. Hamiləlik dövründə uşağın süd əmməsi üçün süd vəzilərini elə hazırlayırlar ki, bu vəzilər düz inkişaf etsin, məmələr möhkəmlənsin, onlarda çatlar əmələ gəlməsin. Süd vəzilərini hər gün otaq temperaturu istiliyində su ilə, sabunla yuyub yumşaq (xovlu) dəsmalla silirlər. Məmələrin dərisi quru isə, onlara steril vazelin yağı çəkilməlidir. Məmələr yastı və uzunsov olduqda əlləri sabunlu su ilə diqqətlə yuduqdan və dırnaqları kəsib qısaltdıqdan sonra barmaqları steril talkla ovxalayır və məmələrə də azca steril talk səpirlər. Məməni iki barmaqla lap dibindən tutaraq məməyanı dairəcikdən məmə zirvəsinə doğru dartırlar və eyni zamanda yüngülcə masaj edirlər. Hər gün yatmazdan qabaq süd vəziləri üçün 10-15 dəqiqəlik hava vannası tətbiq edilməsi çox faydalıdır. Bu məməcikləri və dərini möhkəmlədir.
Sidik. Hamiləlik dövründə böyrəklər çox gərgin işləyir, çünki onlar həm qadının, həm də böyüməkdə olan dölün mübadilə məhsullarını orqanizmdən çıxardırlar. Buna görə də hamilə qadının hər dəfə məsləhətxanaya gəlişində onun sidiyi hökmən tədqiq edilməlidir. Hamilənin sidiyində zülal tapıldıqda hamilə qadını xüsusi qeydə alır və lazım gəldikdə onu xəstəxanaya qoyurlar.
Doğumun ağrısızlaşdırılması və hamilə qadınların doğuma psixo-profilaktik hazırlanması. Doğumların kütləvi surətdə ağrısızlaşdırılması yalnız böyük doğuma yardım müəssisələrində deyil, həmçinin kiçik müəssisələrdə də aparılır. Doğumun vaxtında ağrısızlaşdırılması doğumlarda baş verən bir sıra mürəkkəbləşmə hallarının qarşısını alır. Ağrısızlaşdırmaq üçün dərman vasitələri və psixo-profilaktik hazırlıq tədbirləri tətbiq edilir. Psixoprofilaktika metodu mərkəzi sinir sisteminin ali şöbələrinə müsbət təsir göstərməklə doğum ağrılarının aradan qaldırılmasına əsaslanır.
Qadının doğuma psixoprofilaktika hazırlanmasından məqsəd — doğum ağrısının psixogen komponentini ləğv etməklə hamilə qadında labüd doğum ağrısından qorxu hissini aradan qaldırmaqdır. Bu hazırlıq prosesində qadında doğum zamanı sakitlik və rahatlıq vərdişi təlim edilir. Psixoprofilaktika hazırlıq zamanı qadının ona öyrədilən müəyyən üsulların yerinə yetirilməsini doğumun ağrısız keçməsinə və doğuş gücünün anomaliyaları kimi hamiləliyin axırıncı (gec) dövrlərində əmələ gələn toksikozların və s. mürəkkəbləşmələrin müəyyən dərəcədə qarşısının alınmasına kömək edir.
Hamilə qadının geyimi rahat və gen olmalı, bərk sıxıcı kəmərlər, dəyirmi bağlar, dar lifçiklər işlətməməlidir. Corablar qurşağa və ya bandaja ilişdirilən uzun rezin bağlarla möhkəm saxlanmalıdır. Hamiləlik dövründə geyimin təmiz olmasının xüsusi əhəmiyyəti vardır. Hamilə qadınlara gen paltar və ya çiyin bağlı tuman (paltarın ağırlığı çiyinlərə düşsün deyə) alçaqdaban və rahat ayaqqabı geyməsi məsləhət görülür.
Hamiləlik və doğum münasibətilə məzuniyyətlər doğuma qədər 56 və doğumdan sonra 56 təqvim günü müddətinə verilir və dövlət ictimai sığortası qaydalarına əsasən bu dövr üçün müavinət ödənilir. Hamiləliyin və doğumun cərəyanı mürəkkəbləşdiyi, yaxud iki və daha artıq uşaq doğulduğu hallarda doğumdan sonra 70 təqvim günü müddətində məzuniyyət verilir. Hamiləlik və doğum üzrə məzuniyyət təqvim günü ilə hesablandığına görə, bu məzuniyyət müddətinə ancaq iş günləri deyil, istirahət və bayram günləri də daxil edilir. Doğumdan sonrakı məzuniyyət doğum günündən başlayaraq hesablanır və doğum günü də bu hesaba daxil olur.
Hamiləlik və doğum üzrə məzuniyyət müddəti ümumi və arasıkəsilmədən, həm də xüsusən illik məzuniyyətdən istifadə hüququ verən staja daxil edilir. Hamiləlik və doğum üzrə məzuniyyətdən qabaq və ya bilavasitə bu məzuniyyətdən sonra qadına, onun ərizəsinə görə, müəssisədəki iş stajından asılı olmayaraq illik əmək haqqı və tutduğu vəzifə saxlanılaraq 1 ilə qədər məzuniyyət verilir.
Hamilə və döş əmizdirən qadınların əməyinin mühafizəsi. Hamilə qadına hamiləliyin V ayından etibarən və döş əmizdirən qadınlara (növbədən xaric və gecə işləri müstəsna olaraq) ancaq yüngül işlər tapşırıla bilər. Hamilə qadın daha yüngül işə keçirildiyi halda, onun axırıncı işinin 6 ayındakı orta əmək haqqı mühafizə olunur. Hamilə qadının razılığı olmadan onu ezamiyyətə göndərmək olmaz. Hamilə və ya döş əmizdirən qadını işdən çıxarmaq qadağandır.
Döş əmizdirən analara və 1 yaşa qədər uşaqları olan qadınlara iş zamanı ümumi fasilə vaxtından başqa istirahət və uşağın yedizdirilməsi üçün əlavə fasilələr hər 3 saatdan bir, 30 dəqiqə davam edir. Ananın 1 yaşa qədər iki və ya daha artıq uşağı olursa hər dəfə azı 1 saatlıq fasilə verilir.
Uşağın yedizdirməsi üçün verilən fasilə iş vaxtına daxil edilir və qazanılmış orta əmək haqqı hesabı ilə ödənilir. Fasilə və onun verilmə qaydası ananın arzusu nəzərə alınmaqla həmkarlar ittifaqının fabrik-zavod yerli komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir.
Hamilə qadınların patronajı onlara ev şəraitində müşahidə edilməsi məqsədilə aparılır. Patronajı vəzifələri: hamilə qadının, yaxud yeni doğanın və ya ginekoloji xəstənin ümumi vəziyyəti və şikayətlərini yoxlamaq, ona gigiyena və yeni doğulanlara qulluq qaydalarını öyrətmək; sanitariya-gigiyena vərdişləri təlim etmək və konkret həyat şəraitini nəzərə alaraq gigiyena şəraitini yaxşılaşdırmaq; təyin edilmiş rejimin yerinə yetirilməsini yoxlamaq və sanitariya maarifi işindən ibarətdir. Hamilə qadınlara və yeni doğanlara patronaj yardımı göstərildikdə onların qidalanmasını səmərəli olmasını və həkimin bütün məsləhətlərinə riayət edilməsinə xüsusi fikir verilməlidir. İlk patronajda əldə edilən məlumatı patronaj bacısı, patronaj vərəqəsində ətraflı surətdə qeyd edir və onu hamilənin şəxsi vərəqinə yapışdırır. Sonra təkrar edilən patronajlarda isə, bacı qeyd olunmuş nöqsanların aradan qaldırılması üçün görülmüş bütün tədbirlərə patronaj vərəqəsində qeyd edir və öz müşahidələrini həkimə bildirir.
Hamilə qadının qidalanması. Hamiləlik dövründə düzgün qidalanmanın qadının səhhətinin qorunması və dölün inkişafı üçün olduqca böyük əhəmiyyəti vardır. Hamiləliyin birinci yarısında xüsusi (pəhriz) saxlanması zəruri deyildir. Qida müxtəlif çeşidli, yaxşı hazırlanmış və ləzzətli olmalıdır. Hamiləliyin ikinci yarısındakı qidalanmada orqanizmin fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Rasiona sutkada hökmən 100-120 q zülal daxil edilməlidir. Tərkibində tam dəyərli zülallar olan qidalarda kefir, qatıq, süd, kəsmik, pendir, yavan ət (gündə 100-120 q), balıq (gündə 150-200 q) verilməsi məsləhət görülür. Rasionda karbohidratların miqdarı sutkada 500-dən, hamilə qadının çəkisi həddindən artıq isə, 300 q-­dan çox olmamalıdır. Rasiona meyvələr, giləmeyvələr, tərəvəz və çörək də daxil edilməlidir. Yağlardan, sutkada 100-110 q miqdarında olmaqla, əksəriyyətlə şit yağ, xama və bitki yağları verilir. Rasionda içməli mayelər sutkada 1-1,2 l-ə qədər, xörək duzu isə, xüsusilə hamiləliyin ikinci yarısında, 8 — 9 q həddində olmalıdır. Hamiləlik zamanı qidanın tərkibində A, B, C, D, E vitaminləri olmalıdır.
Hamilə qadınların gündə dörd dəfə qidalanması məsləhət görülür. 1-ci səhər yeməyinə qida rasionunun 25 — 30%-i, ikinci səhər yeməyinə — 10 — 15%-i, nahar yeməyinə — 40 — 45%-i, şam yeməyinə — 15 — 20%-i daxil edilməlidir.
Müalicəvi mühafizə rejimi. Hamilə qadınlara qulluq rejimində aseptika qaydalarına riayət edilməsindən əlavə, sakitlik rahatlıq vəziyyəti yaradılmasına, qulluqedici personalın işində vurnuxma və basırığa yol verilməsinə bütün təyinatın vaxtında yerinə yetirilməsinə, xəstə ilə söhbətin sakit tonla aparılmasına, palatalarda təmizliyə, camaşırın təmizliyinə, yeməklərin ləzzətli olmasına ciddi fikir verilməlidir.

Müəllif Prof. A.L. Kaplan, tibb elmləri doktoru V.İ. Kulakov
Top