Sağımızda, solumuzda gördüyümüz hər şey Ona yönəlir, Onu çağırır. Və sən insan olaraq bu Yer üzünün xəlifəsisən. O ağac da, o ot da, o quş da, o dənizlər də sənin üçündür. Şüursuz hesab elədiyin, istədiyin kimi şəklini dəyişdirdiyin, başqalaşdırdığın bu təbiəti Allah-Təala sənin xidmətinə verib.
Soruşsaq ki, ən xoşbəxt alma hansıdır, yəqin ki, təəccüblənəcəksən. Amma burada təəccüblənməli nə var ki? — Ən xoşbəxt alma möminin dizində təpərə, gözündə nura çevrilən almadır.
Ətrafda hər şey Allahı zikr edir, ibadət halındadır. Allahı zikr edən o ağac, o heyvan sənin xidmətindədir. O ağacın, o heyvanın ibadəti sənin ibadətinə qatılanda hər şey öz yerini tapmış olur. Sən yer üzünün xəlifəsisən. Xəlifə olduğun halda, öz vəzifəni bilmirsənsə, borcunu yerinə yetirmirsənsə, aldığın nəfəs içdiyin su, yediyin alma səndən gileylidir.
Bu dünya dincini almaq üçün oturduğun ağac kölgəsidir. Bir az sonra qalxıb yoluna davam edəcəksən. Yolun hansı ünvanadır? — Onu bir Allah bilir. Əslində sən özün də az şey bilmirsən. Qəlbinə boylan, özünü hesaba çək və gedəcəyin ünvanı təxmin eləməyə çalış.